Bakıda küçə itləri öldürülüb

Day.Az представляет новость на азербайджанском языке.


Bu gün səhər saatlarında Bakıda küçə itləri öldürülüb.
 

Bu barədə Milli.Az-a Murad adlı oxucu məlumat verib.

"Şənbə səhərini güllə səsləri və it zingiltisi ilə açıram", - oxucu əlavə edib.

Onun sözlərinə görə, bu gün səhər 5-ci mikrorayon ərazisində, Asif Məhərrəmov küçəsində naməlum şəxslər əllərində tüfənglə küçə itlərini vurublar. Həmin şəxslər hansı idarəni təmsil etdiklərini deməsələr də, vətəndaşların müraciəti əsasında gəldiklərini bildiriblər.

Onların iddialarına görə, həmin sahibsiz heyvanların ərazidə yaşayan insanlara hücum etmək təhlükəsi var.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, həmin idarənin heç bir telefonuna cavab verən olmadı.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildiriblər ki, sahibsiz heyvanlar sığınacaqlarda toplanmalı və baytarlıq tədbirləri aparılmalıdır. Müəyyən məntəqələr olsa, heyvanların sağlamlığına da nəzarət olunar.

Bir sıra ekspertlər hesab edirlər ki, Azərbaycanda sahibsiz heyvanlara qarşı çox soyuqqanlı münasibət var və mübarizə üçün qəddar metod seçilib. Sahibsiz heyvanlarla mübarizə üçün ən qısa yolla, onları öldürməklə işi bitmiş hesab edirlər. Lakin ev heyvanlarının mühafizəsi ilə bağlı konvensiya var ki, ev heyvanlarının öldürülməsi qanuna ziddir. Azərbaycanda isə bir insanın şikayəti ilə onları məhv edirlər.

Onu da qeyd edək ki, respublika Gigiena və Epidemiologiya Mərkəzinin məlumatına görə, 2013-cü ilin birinci rübündə Bakıda 884 heyvanların insanları dişləmə faktı qeydə alınıb. Bu hallardan 690-ı itlərin insanları dişləməsidir.