Yayda nə cür makiyaj dəbdə olacaq?

Day.Az представляет новость на азербайджанском языке.

Publika.Az-ın növbəti qonağı stilist - vizajist və rəssam Nərmin İbrahimovadur. Nərmin İbrahimova dəbdən, estetik gözəllikdən və makiyajın incəliklərddən əlavə, özü haqqında da maraqlı məqamlardan bəhs edib.

- Zövq və gözəllik insanın daxilindən qaynaqlanır, yoxsa onu zamanla əldə etmək mümkündür?

- İnsan doğulan gündən etibarən daxilində ülvi hisslər olmalıdır. Buraya, zövq də daxildir. Məsələn, kiçik yaşlı uşaqlarda da zövqə və istedada malik olduğunu müşahidə etmək olar. Bir xanımın üzərində sadə geyim ola bilər. Lakin hərəkətlərinə və rəftarına baxanda orada ayrı bir gözəllik dayanır və bu, onu daha cəlbedici edir. Şarmında, danışığında, duruşunda özünə xas gözəlliyin olmalıdır. Gözəlliyi insanın vücudu və zahiri görüntüsü ilə ölçmürəm. İnsanın daxli aləmi zəngin olmalıdır.

- Dəbli və cazibədar görünmək istəyib və bunu əldə edə bilməyən xanımlara nə məsləhət görərdiniz?

- Elə dövrdə yaşayırıq ki, hər kəs internetlə maraqlana və ondan istifadə edə bilir. Hətta Qubada və Xınalıqda yaşayan qızlar tanıyıram ki, dəbdən və hər şeydən kifayət qədər başı çıxır. Təbii ki, onların zövqü də özlərinə və yaşadıqları çevrəyə uyğun olur. Ucqar yerdə yaşamalarına baxmayaraq, dəbdən xəbərdardılar. İnsanda həvəsin olması bəs edir ki, dəbin qayda və qanunlarını öyrənsin. Televiziyalardan və müxtəlif dəb jurnallarından da istədiklərini öyrənə bilərlər. İnsanın qəlbində həvəs, zövq və fantaziya varsa, düzgün geyim seçə və onu üzərində mükəmməl daşıya biləcək. Yüksək mədəniyyətə və zövqə malik olmayan birini isə nə qədər zövqlü geyindirsən də, üzərində daşımağı bacarmayacaq. Zövqə malik olmayan xanımlara ona yaraşan makiyajı və geyimi məsləhət görəndə tərəddüdlə qarşılayırlar və kompleksə düşürlər. Onları inandırıb məcbur etsən də, o zövqə malik olmadıqlarına görə getdikləri məkanda özlərini narahat hiss edəcəklər. Bu halda isə mənim əlimdən heç nə gəlmir...

- Makiyajsız gözəllik əldə etmək mümkündür?

- Xanımların çoxu gözəl və cazibədar görünmək üçün saçın daranmasını, mükəmməl makiyaj edilməsini və bahalı geyimin bəs etdiyini düşünür. Halbuki, birinci insan daxilinə və təmizliyinə fikir verməlidir. Üzündə qüsurlar və problemlər varsa, makiyaj etməzdən əvvəl kosmetoloqa müraciət etməli və dərisinə ehtiyacı olan baxımı, qulluğu göstərməlidir. Mənən də özünü buna hazır etməlidir. Nə yediyinə, nə içdiyinə nəzarət etməli və mütəmadi olaraq idmanla məşğul olmalıdır. Xanımların çoxu kilo almasına və üzündəki problemlərinə səbəb olan qidalardan uzaq durmur və makiyajla örtə biləcəyini düşünür. Bu hal daha pis nəticələrə gətirib çıxarır.

- Yayda nə cür makiyaj dəbdə olacaq?

- Yay mövsümündə makiyajdan mümkün qədər az istifadə etmək lazımdır. Tonal kremlərdən isə ümumiyyətlə, uzaq durmaq məsləhətdir. Çünki tonal kremlərdən düzgün istifadə edilməyi halda, günəşin mənfi şüalarının təsiri nəticəsində dəridə ləkələr yaranır. Üzündə müəyyən problemləri olan xanımlar isə ləkələri örtmək üçün tonal kremlərdən istifadə etmək məcburiyyətindədir. SPF tərkibli və gün şüalarından qoruyucu kremlər almaq lazımdır. Kosmetik məhsullar alanda da mağazada çalışan işçilərdən məsləhət almaq olar. Onlar bu barədə daha məlumatlı və daha peşəkardır. Həmçinin yaşı da nəzərə almaq lazımdır. Üzlərində heç bir problemi olmayanlar isə sadə makiyaj və kirşanla kifayətlənsinlər.

- Hansı dodaq boyaları dəbdə olacaq?

- Yayda sadə və açıq dodaq boyaları daha çox dəbdədir. Lakin dəbdən əlavə, həmin tonların yaraşmasını da nəzərə almaq lazımdır. Xanımın gözəl dodaq quruluşu yoxdursa, alqırmızı rəngdən istifadə etmək məqsədəuyğun deyil. Üz cizgiləri nə qədər gözəl olsa, onu vurğulamaq da bir o qədər asan olur. Mən gözləri vurğulamağı və onları cəlbedici etməyə daha çox üstünlük verirəm.

- Geyimlərə çox pul xərcləyirsiniz ya kosmetik məhsullara?

- Hər ikisinə eyni miqdarda pul xərcləyirəm. Ətirlər və kosmetik vasitələr isə ola bilsin ki, geyimləri üstələyir.

- Fərqlənməyi sevirsiniz?

- Çox.

- Geyiminizdə sizi fərqli edən detallar nədir?

- Aksessuarları çox sevirəm. Aksessuarlardan çox istifadə etdiyimə görə məni qınayırlar. Yaxınlarımın, anamın, həyat yoldaşımın fikri mənim üçün əhəmiyyətldir və geyimlərimi onlarla müzakirə edə bilərəm. Amma rahat insanam və kənardan başqa insanların fikirləri ilə oturub-durmuram. Açıq və diqqətçəkən paltarlar geyinmirəm və məni cəlbedici edən şey, aksessuarlarımdır. Geyimlərimdə örtülü olmağa və bədən cizgilərinin bilinməməsinə fikir verirəm.

- Xarici görünüşüzlə xarakteriniz bir-birinə uyğun gəlir?

- Daxilən çox rəngarəng və pozitiv insanam. Həyatsevər və şıltaq xanım olduğum üçün işlərimdə də əlvan rənglərdən istifadə edirəm. Şən olmağıma baxmayaraq, hərdən mən də özümə qapılıb nələrisə ürəyimə salıram. Əhvalımın necə olması mənim geyimlərimdə də öz əksini tapır.

- Ağlınıza maraqlı və orijinal fikirlər gələndə bunu özünüzdə eksperiment edirsiniz?

- Yoldaşım az makiyaj xoşladığına görə mənə yaraşan makiyajları edirəm. Müraciət edən xanımlar arasında avanqard makiyajı sevən varsa və yaraşırsa edirəm. Halloween bayramlarında da qəribə make-up-lar etməkdən zövq alıram.

- Etdiyiniz makiyaj görə utanmısınız?

- Təzə işləyən vaxtlarımda ola bilər ki, utanmışam. Təzə işləyən hər kəsin işində qüsurları olur. Mən bu günə qədər hər saat, hər saniyə öz üzərimdə işləyirəm və fəaliyyətimi inkişaf etdirməyə çalışıram. Rəssam olduğum üçün makiyajlarım daha maraqlı və səliqəli alınır.

- Rəsmlə məşğul olmaq sizə nə verir?

- Bizim ailəmiz rəssam ailəsidir. Anam da, atam da rəssamdır. Uşaq yaşlarında rəsmlər çəkməyə başlamışam lakin atam mənim rəssam olmağıma razı deyildi və karyerə baxımdan narahat idi. Özü də rəssam olsa da, dizaynerliklə məşğuldur. Rəssamlığım mənim vizajist olmağıma kömək etdi.

Bu mənim həyatımdır. Mənim daxilimdə nələr baş qaldıranda özümü bütünlüklə yaradıcılığa və rəsm çəkməyə həsr edirəm. Onlar mənim ilham pərimdir... Bu, kədərdən, əsəbdən və sevincdən də doğa bilər. Rəsmlə məşğul olmaq sakitləşdirici təsir bağışlayır. Sakit olanda isə əlimə fırça ala bilmərəm.

- Bəzi insanlar əsəbiləşəndə ətrafdakılarla kobud davranır. Siz əsəb və stressi sakit və rəsm çəkməklə atırsınız?

- Elə bir insan yoxdur ki, əsəbiləşəndə özünü idarə bilməsin. Hərdən məndə də belə hallar olur. Bunun 70 faizini rəsm çəkərək sakitləşirəm, 30 faiz isə ola bilər ki, hirslənib və özümdən çıxım.

- Özünüzə hansı qulluğu və baxımları edirsiniz?

- Qidalanmaya fikir verirəm, tez-tez və az-az yeyirəm. Fast-food və sağlamlığa zərər verən yağlarda bişən qidalardan uzaq durmağa çalışıram. Limonadları sevsəm də, mümkün qədər az istifadə edirəm. Bəzən iş rejimi düzgün və vaxtında qidanlanmağıma imkan vermir. Bu zaman özümü çox diskomfort hiss edirəm. Daim qapalı yerdə işlədiyimə görə axşamlar təmiz havada gəzməyi sevirəm və buna böyük önəm verirəm.

- İdmanla məşğul olursunuz?

- Məşqlər və pres edirəm. Ana olduqdan və müəyyən yaşdan sonra dəridə problemlər yaranır. Xanımların əksəriyyəti isə bunu normal hal kimi qəbul edir. Bu səhv düşüncədir, insan hər yaşda özünə qulluq etməlidir. Gözəl görünmək hər bir qadının vəzifəsi və borcudur. Oturaq həyat tərzi və nəfsini saxlamamağının ucbatından, hətta gənc yaşda aşırı kilolara sahib olmuş və vücudu korlanmış qızlar var. Bu da özünə baxımsızlıqdan irəli gəlir. Sonradan arıqlayanda isə dəri öz keyfiyyətini itirməyə başlayır. Gözəlliyin və sağlamlığın qeydinə uşaqlıq dövründən qalmaq lazımdır. Stress və əsəb də insanın qocalmasında və qırışların yaranmasında rol oynayır. Stress insanın çirkinləşməsinə də gətirib çıxarır. İnsanın həyat tərzindən, aurasından və ətrafındakı insanlardan da çox şey asılıdır. Hətta dostluq etdiyin insanlar da harmoniya şəklində necə qalmağımıza və görünüşümüzə təsir edir.

- Əl qabiliyyətiniz necədir, yemək bişirə bilirsiniz?

- Mən həm də ev xanımıyam və yeməkləri özüm bişirirəm. Çox dadlı yeməklər hazırlayıram, yoldaşım da çox bəyənir. Ev işlərində kömək edən olsa da, gündəlik işlərini özüm görürəm. Xanım hər sahədə bacarıqlı olmalıdır. Çalışdığım qədər övladıma və tərbiyəsinə vaxt ayırıram amma oğluma qaynanam baxır.

- Qayınanazın verdiyi tərbiyədən razısınız?

- Qayınanamdan Allah razı olsun. Oğluma verdiyi tərbiyən çox razıyam. Tərbiyəsinə, qidlanmasına, səliqəsinə çox gözəl fikir verir.

- Ailənizlə bir yerə yığışanda istirahətinizi necə keçirirsiniz? Yayda harada dincəlmək fikriniz var?

- İşimlə əlaqədar yayda yaxşı dincələ bilmirəm. Yoldaşım da mənim iş rejimimə uyğunlaşmağa çalışır. Gəlinlərlə işlədiyimə görə toyların olmadığı aylarda daha çox istirahət etməyə vaxtım olur. Yayda isə harada dincələcəyimizi hələ müəyyənləşdirməmişik.

- Ailə qurduqdan sonra həyat yoldaşınızın sizinlə qürur duyması üçün hansı qurbanları vermisiniz?

- İşlədiyimə görə mənim yaxşı evdar xanım ola biləcəyimə həyat yoldaşım inanmırdı. Kişinin qəlbinə gedən yol isə mədəsindən keçir və mən bunu bacardım. Bəzi kişilər var ki, yeməyi problem edir və evdə dava salır. Şükürlər olsun ki, yoldaşımda belə bir xüsusiyyət yoxdur və mənə həmişə dəstək olur, başa düşür. Evimizin huzurunu və istiliyini hər zaman qoruyub saxlamağa çalışımışam. Ailəmizdəki istiliyi və mehribançılığı heç vaxt pozmamışam. Yoldaşım bu xüsusiyyətimə görə mənimlə qürur duyur.

- İllər öz təsirini həmişə göstərir. Sizin münasibətlərinizdə hansı dəyişiklik olub?

- Bir sirr açım ki, həyat yoldaşımın xaraketerinə son bir ildə daha çox uyğunlaşmışam. İkimiz də başqa ailəni təmsil etdiyimiz üçün ilk illərdə ideal ailə həyatı qurmaq asan olmur. Bacardığımız qədər bir-birimizi başa düşməyə və yola verməyə çalışırıq. Amma hər ailədə olduğu kimi bizim də ailədə sözümüzün düz gəlmədiyi vaxtlar olur. Mübahisə və münaqişə isə bütün, hətta neçə illik evliliklərdə də yaranır. İllər keçsə də, insanı yaxından və tamlıqla tanımaq mümkün deyil.

- Kişinin hansı səhvini bağışlamarsınız?

- Xəyanəti bağışlamaram. Bəlkə də 90 faiz bağışlamaram, 10 faiz isə düşünərəm. Məm düşünürəm ki, kişini xəyanətə sürükləyən də elə xanımlardır. Baxımsız qadınlar xəyanətlə daha çox rastlaşır. Kişilərin zövqü müxtəlifdir və onlar fərqli qadınları sevir. Əsl qadın və bacarıqlı xanım kişinin sevgisini və diqqətini qoruyub saxlamağı bacarmalıdır. Çünki qadından çox şey asılıdır, kişilər isə dəyişikliyi xoşlayır. Bir insan hər gün eyni yeməyi yeyə bilmədiyi kimi kişilər də hər dəfə eyni rəftardan və özünə baxmayan qadından soyuyur, sonda isə qadın onlar üçün maraqsız olur. Kişinin zövqünü oxşamaq lazımdır. İşdən evə gələndə onu elə qarşılamalısan ki, o, uzaqlaşmasın və başqa qadının yanıına getməsin. Səni görüb və olduğun kimi sevibsə, evləndikdən sonra da əvvəliki qaydada bəzənib və özünə baxmalısan. Evdar qadınlar da hər zaman özünə baxmalıdır ki, həyat yoldaşı bu gözəllikdən zövq ala bilsin. Qadın həyat yoldaşına gözəl münasibət göstərsə və özünə baxsa, kişinin qanında pozğunluq yoxdursa, o, heç zaman həyat yoldaşına xəyanət etməz.

- Sizdə bunu alınır?

- Çox şükür 100 faiz alınır.

/Publika.Az/