Mobil telefon oturaq həyata sövq edir

Day.Az представляет новость на азербайджанском языке. 

Bu gün tək-tük insan tapılar ki, mobil telefondan istifadə etməsin. Xüsusilə də gəncləri mobil telefonsuz təsəvvür etmək çətindir. Bu gün hər yerdə gəncləri əlində mobil telefonla görmək olar. İctimai nəqliyyatda, dayanacaqda, kafedə, təhsil müəssisəsində, evdə, qonaqlıqda, istirahətdə hara baxsan gənclərin mobil telefona əyilib baxdığını görmək olur.

Psixoloq Gülnarə Abbasovanın sözlərinə görə, valideynlərin çoxu övladlarının mobil telefondan ayrıla bilmədikləri üçün şikayət edirlər: "Bu gün uşaqlar texnikaya çox maraq göstərir. Artıq məktəbəqədər dövrdən başlayaraq uşaqlar mobil telefondan istifadə etməyə başlayır, zəng vurur və mesaj göndərə bilirlər. Çox vaxt uşaqlar oyuncaqlardansa mobil telefonlara, kompüterlərə meyl edirlər. Valideynlər buna pis baxır və uşaqların bu vərdişlərini tərgitdirmək istəyirlər.

Lakin onlar unudurlar ki, bu davranışı özləri uşaqlarına nümunə göstərirlər. Uşaq da hər dəfə valideynin mobil telefon işlətdiyini görüb özü də bu cür etmək istəyir. Ona görə də uşağı mobil telefonun təsirindən qorumaq üçün valideyn yerli-yersiz mobil telefondan istifadə etməməli, hər dəfə telefonu əlinə alaraq uşağın yadına salmamalıdır. Valideynlər çox vaxt fikir vermirlər ki, mobil telefondan asılılıqdan əziyyət çəkirlər. Zəng etməyəndə belə mobil telefonu əlində tutub oynadırlar" deyən psixoloq əlavə edib ki, məktəbəqədərki dövrdə uşaqlar mobil telefona oyuncaq və oyun kimi baxırlar. Sonradan isə telefon ünsiyyət qurmaq üçün də onlara lazım olur. Yeniyetməlik dövründə isə mobil telefon uşaqların həyatının ayrılmaz hissəsinə çevrilir. Onlar həmyaşıdlarına bütün günü mesaj yazır, problemlərini mobil telefonda həll edir, dərslə bağlı nəsə soruşur və ya ilk sevgi həyəcanlarını bölüşür, romantik sms və mms-lər göndərirlər. Çox vaxt mobil telefonu yastığın altında saxlayır, gecə də yuxudan ayılıb mobil telefonlarını yoxlayırlar. Bu hal tələbəlik illərində də müşahidə olunur. Nəticədə mobil telefondan asılılıq yaranır. Əksər hallarda bu asılılıqdan gənclər əziyyət çəksələr də yetkin insanlarda da bu müşahidə olunur. Bu asılılıqdan əziyyət çəkənlər mobil telefon yanlarında olmayanda narahatlıq keçirir, əhvalları pisləşir, fəaliyyətləri məhdudlaşır. Və əgər bir adam gündə telefonla 40-dan çox mesaj göndərirsə, bu artıq asılılığın son həddə çatmasıdır.

Bu gün adamların çoxu mobil telefon olmasa, normal yaşaya bilməyəcəklərini bildirirlər. Demək olar ki, hər bir adam telefonunun batareyası yatanda və ya sönəndə hədsiz narahatlıq keçirir. Telefonun təsadüfən hardasa qalması və ya itməsi isə insana lap pis təsir edir. Belə ki, telefonun yaddaşında saxladığı nömrələr, qeydlər, şəkil, video və musiqilər də itə bilər. Bəzən telefonda şəxsi şəkillərin olması da telefonun başqa adamın əlinə keçməsi qorxusunu artırır. Mobil telefon elə bir asılılıq yaradır ki, insanlar son qəpiyini belə kontura xərcləməyə hazır olurlar. Bəzi insanlar öz gündəlik ehtiyaclarından çox telefonlarına pul xərcləyir, yeni, dəbdə olan telefon almaq üçün borca girir və ya kredit götürürlər.

Mobil telefon çox vaxt insanların sevimli əyləncəsinə çevrilir, kompüter, televizoru da əvəz edir.

Psixoloq qeyd edib ki, mobil telefondan istifadə edərkən vaxt tez keçir və son modeldə olan mobil telefonlar müxtəlif funksiyalarına görə insanı darıxmağa qoymur. Xüsusilə də həyatda nəsə çatışmayanda, maraqsız olanda, mənəvi boşluq yarananda telefonda oyunlar və internet bu boşluğu unutdurmağa və hardasa doldurmağa kömək edir. Mobil telefonların balaca olması, istənilən yerə asanlıqla aparılması, cibdə, çantada saxlanılması da onu əvəzsiz edir. Mobil telefona daim yeni proqramları yükləmək, yeni əməliyyatlar icra etmək imkanı marağı və asılılığı daha da artırır. Mobil telefon bir müddətdən sonra sahibi üçün darıxdırıcı olduqda mobil telefonu satıb başqa model də almaq olur. Mobil telefonların modellərinin dəyişdirilməsi imkanı da onlardan istifadəni maraqlı edir. Xüsusilə də yenicə telefonu alanda telefon sevərlər onunla bütün günü məşğul olur, yeni funksiyaları öyrənir, tanışlarına göstərir və s.

Müsahibimin dediyinə görə, mobil telefon ilk növbədə maraq oyadır, sonra isə ondan istifadə vərdişə çevrilir. Amma əgər insan mobil telefonsuz yaşaya bilmirsə, tez-tez mobil telefonu əlinə götürmək, baxmaq, zəng vurmağa ehtiyac duyursa, onda asılılıq var.

G.Abbasova bildirib ki, müalicə olunmadıqda mobil telefonun fəsadları ağır olur: "Mobil telefonla danışmağa öyrəşən adam canlı ünsiyyət qurmağa çətinlik çəkir. Fikirlərini aydın izah etməkdən çəkinir, narahatlıq keçirir. Canlı, real ünsiyyət qura bilməmək onun üçün kompleksə çevrilir. Bundan başqa mobil telefondan çox istifadə oturaq həyata meyl yaradır. İnsan hər boş vaxtını mobil telefona həsr edir, iş görməkdən imtina edir, tədricən tənbəlləşir. Mobil telefondan asılılıq çəkənlər daim zəng gözlədiyi üçün yersiz həyacan da keçirirlər. Mobil telefonu diqqətsiz buraxmır, özü ilə hər yerə götürürlər. Mobil telefonun itməsi və ya sönməsi belə insanlarda cəmiyyətdən təcrid olunma hisslərini yaradır. Telefona çox pul xərcləyən asılılıqdan əziyyət çəkənlər onun üçün yeni qab, yeni proqramlar alır. Hətta üzərini qaşlarla bəzəyənlər də olur" deyən psixoloq nəzərə çatdırıb ki, mobil telefonla dərhal əlaqə qurmaq, istədiyin məlumatı almaq imkanı səbirsizlik hissinin artmasına da gətirib çıxarır.

Express.az