Bakı şəhərinin tanınmış tibb ocağından şikayət var

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az-a daxil olan oxucunun şikayət məktubunda deyilir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rastlaşdığı mənzərə onu dəhşətə gətirib:

"Dəhşətə gəldim rastlaşdığım mənzərədən. Xəstəni üçüncü mərtəbədən dördüncü mərtəbəyə liftlə qaldırmağa pul alırlar. Əməliyyat otağında palataya köçürmək, sistem köçürməyə pul alınır. Tibb bacılarını da razı salmaq olmur. Belə şey olmaz axı, tədbir görmək lazımdır".

Respublikanın baş travmatoloqu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev Milli.Az-a açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi xəstəxanada hər şey pulsuzdur. Onun sözlərinə görə, əgər hansısa xəstənin belə bir şikayəti varsa, mütləq araşdırılmalıdır:

"Bəs xəstəxanada baş həkim nə üçündür? Bizə müraciət etsinlər, araşdıraq və tədbir görək. Elə bir şey olsa, həmin əməkdaşı cəzalandıraq. Bəlkə, hansısa sanitar pul istəyib? Bizim xəstəxanada bütün xidmətlər pulsuzdur. Əgər kimsə pul alıbsa, şikayət etsin və araşdırıb, həmin şəxsi işdən azad edək".

Baş travmatoloq bir neçə gün əvvəl Milli.Az-da rəhbərlik etdiyi tibb müəssisəsində rentgen müayinəsinin nəticələri ilə bağlı yazıya da münasibət bildirdi:

"Sizin saytınızda bizim xəstəxanada rentgen müayinəsi zamanı xəstələrə plyonka verilməməsi ilə bağlı yazı getmişdi. Bu barədə Səhiyyə Nazirliyinə də məlumat verdim. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rəqəmsal rentgen aparatlarıdır. Müayinənin nəticələri avtomatik olaraq müalicə həkiminin kompüterinə ötürülür. Daha plyonka aparmağa ehtiyac olmur".