Bakıda sakinlər ayrı-seçkilikdən şikayətlənirlər

Day.Az представляет новость на азербайджанском языке. 

Bakının Nəsimi rayonunda sakinlərə ayrı-seçkilik qoyulur. Nəsimi rayonu Seyidzadə küçəsi 7 ünvanında yaşayan bir qrup sakinin Milli.Az-ın redaksiyasına göndərdiyi məktubda belə bir iddia ortaya qoyublar:

"Seyidzadə küçəsi, bina 7 ünvanından başqa onun ətrafında olan bütün yaşayış binalarının çardağı və fasadları təmir edilib, ərazidə digər abadlıq işləri görülüb. Binamızın yaxınlığındakı Heydər Əliyev parkında yenidənqurma işləri həyata keçirilib. Nəsimi rayonunun ərazi üzrə müvafiq qurumlarına müraciət etməyimizə baxmayaraq, aparılan bu təmir işləri Seyidzadə küçəsi, bina 7 ünvanına şamil edilməyib".

Məsələyə aydınlıq gətirmək üçün Nəsimi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi təşkilatlarla iş şöbəsinin müdiri Nazim Quliyevlə əlaqə saxladıq. Nazim müəllim məsələni araşdırıb bir neçə dəqiqəyə məlumat verəcəyini bildirsə də, sonradan dəfələrlə tərəfimizdən edilən telefon zənglərinə cavab vermədi.

Binaya xidmət göstərən 70 saylı xüsusi təyinatlı Mənzil İstismar İdarəsindən isə qeyd etdilər ki, 7 saylı binada təmir işlərinin aparılmaması heç də vətəndaşlara ayrı-seçkilik qoyulması ilə əlaqədar deyil. Təmir işləri isə mərhələli şəkildə həyata keçirilir.

"Rəşid Məmmədov, 25 ünvanında yerləşən Heydər Əliyev parkında əsaslı təmir işləri həyata keçirilib. Təmirlə əlaqədar ətrafda yerləşən binaların fasadları və dam örtükləri də təmir olunub. 7, 3 və 9 saylı binalar isə həmin parka yaxın olmadığına görə, hələ ki, orada təmir işləri aparılmayıb. Bununla belə, gələcəkdə həmin binalarda da təmir işləri həyata keçiriləcək", - Mənzil İstismar Sahəsinin əməkdaşı qeyd edib.