İnternet tanışlıq polisə qədər aparıb

Day.Az представляет новость на азербайджанском языке.
 

Bakı şəhərində oğlanla qızın internetdə baş tutan tanışlığı sonda polisə qədər gedib çıxıb. Bu məsələyə görə ömrünün son günlərini yaşadığını deyən Bakı şəhər sakini Nazim Şıxəliyev Milli.Az-a yazdığı, başına gələnlərlə bağlı məktuba həyatdan bezdiyini bildirməklə başlayıb:

"Bu həyatda, bəlkə, siz yeganə şəxssiniz ki, sizə yazıb kömək istəyirəm. Xahis edirəm, mənə kömək edəsiniz. Ola bilsin ki, bu həftə həyatımda son günüm olsun. Mənə qarşı edilən şantaj və hədə-qorxulara dözə bilmirəm. Özümə və ailəmə qarşı edilən şantajlara dözməyərək özümü öldürmək qərarına gəlmişəm".

Daha sonra N.Şıxəliyev məktubda başına gələnləri ətraflı yazıb: "Keçən ilin iyulunda internetdə Lalə adlı bir xanımla tanış oldum. Onunla dostluq münasibətində oldum. O, məndən istifadə edərək 15000 manat pul və 3000 manat dəyərində qızıl alaraq işlədiyi lombardda dövriyyəyə buraxdı, sonra isə mənimsədi. Aradan altı aya yaxın vaxt keçməsinə baxmayaraq, hər dəfə ondan pulumu istədikdə mənə atasının və qardaşının yüksək vəzifələrdə işlədiklərini deyərək hədə-qorxu gəlir. Bu ilin mayında ona metronun "Azadlıq prospekti" stansiyasında yaxınlaşıb pulumu istəsəm də, bir oğlan qarşımı kəsərək özünü İlqar kimi təqdim edərək mənə nalayiq sözlər dedi və qolumdan tutaraq zorla metro polisinin oturduğu otağa aparmaq istədi.

Mənə: "Başın bədəninə ağırlıq etməsin, mənə "oper İlqar" deyərlər", - deyərək hədələdi. Dedi ki, o xanıma yaxınlaşsan, sənə və ailənə pis olacaq. Bir necə gün əvvəl metronun "Əcəmi" stansiyasında da qarşımı kəsərək hədələdi. Artıq onun əlindən metroya qorxu ilə minirəm. Dözə bilmirəm. İlqar və Lalənin şantajlarından özümü öldürmək qərarına gəlmişəm. Xahiş edirəm, bu özbaşınalıqlara son qoyun, ailəmin, körpə balamın təhlükəsizliyini təmin edin, yalvarıram sizə. Hüquq-mühafizə orqanlarına müraciət etsəm də, məsələni ciddiyə almırlar".

Məktubda adı hallanan Lalə Kərimova isə yazılanları yalan adlandırdı. O, Milli.Az-a bildirdi ki, Nazimlə ötən ilin avqustunda internetdə tanış olub. Həmin vaxt Nazim özünü subay kimi təqdim edərək onunla evlənəcəyini deyib. Dekabr ayında isə onun evli olduğunu bilib və əlaqəni kəsib.

Kərimovanın sözlərinə görə, hər şey də elə bundan sonra başlayıb: "Dekabrdan bu günə kimi məni təqib edir. Əvvəl özünü nazirlik əməkdaşı kimi təqdim etmişdi, sonra məlum oldu ki, işıq idarəsində pul yığır. Zəng edib deyir ki, üzünə turşu tökəcəm. Onun əlindən 5-6 mobil nömrə dəyişmişəm. Taksofonlardan məni yığır, haraya gedirəm, qarşımı kəsir. Axırda qorxumdan polisə şikayət etdim. Sonra valideynləri, qohumları xahiş etdilər, şikayətimi geri götürdüm".

L.Kərimova lombarda qoyulmuş pul məsələsinə də aydınlıq gətirdi: "Mən lombardda adi işçiyəm. Nazim mənə pul verməyib, aparıb mərc oyununda uduzub. İndi də atır mənim üstümə. Məni hədələyir, nəticəsi olmayanda özünü öldürəcəyini deyir. 6 ay ərzində özünü 10 dəfə "öldürüb". Normal adam deyil o. İlqar deyilən şəxs isə metroda işləyən polis əməkdaşıdır. Mənim qarşımı metroda kəsəndə ona dedim, mənə kömək etdi".

/Milli.Az/