Uşağımıza kompyuter alaq, yoxsa internet kluba göndərək?

Day.Az представляет статью на азербайджанском языке.


İradəsiz uşaqlar üçün internet klublar əsl tələ sayıla bilər.

Bir vaxtlar internet klub işlətmiş Azad Qəniyev deyir ki, bu məkanlara təzə-təzə ayaq açan uşaqlar ilk vaxtlar utancaq olurlar, lakin bir müddət sonra onlarda utancaqlıqdan, çəkingənlikdən əsər-əlamət qalmır.

Uşağın tərbiyəsi, əgər belə demək mümkünsə, valideynlər üçün hər şey deməkdir. Xüsusən, müasir dövrümüzdə bu məsələdə daha həssas, daha diqqətli olmağımıza ehtiyac var. Ailələrimizin bu mövzuda ehtiyatlı davranması olduqca anlaşılandır. Lakin bir çox ailələr də var ki, "qaş düzəltmək istəyərkən göz çıxarırlar". Söhbət özü də bilmədən övladını internet klublara yuvarlayan valideynlərdən gedir. O valideynlər ki, "kompyuter alsam, birdən övladımın tərbiyəsi pozular" düşüncəsindədirlər.

Halbuki, müasir dövrümüzdə uşaqların kompyuterə, kompyuter oyunlarına marağına birdəfəlik yasaq qoymaq mümkünsüz görünür. Bu halda uşaqlar valideynlərindən gizli də olsa, internet klublara qaçmağa başlayırlar ki, bu da valideynlərin təsəvvür etdiklərindən, düşündüklərindən də acınacaqlı bir vəziyyətə gətirib çıxarır. İnternet klublara öyrəşdikdən sonra uşaqlar növbəti dəfə ora getməyin planını cızırlar. Təbii ki, ilk növbədə, bunun üçün pul lazımdır. Pulu tapmaq üçün isə ya valideynlərinə yalan danışırlar, ya da başqa "üsullara" əl atırlar.

İnternet klublar müştərilərlə dolub-daşır. Yəqin elə bu səbəbdəndir ki, paytaxtımızda belə məkanların sayı ilbəil artır. Yəni internet klublarda gəlir olduğundan iş adamları belə obyektləri açmaqda maraqlıdırlar. Lakin burada bir məqam diqqəti cəlb edir; internet klublara üz tutanların böyük əksəriyyəti uşaqlardır. Görəsən, uşaqlarımızın tərbiyəsi pozular, deyib onlara kompyuter almayan valideynlər övladlarını internet klubda hansı təhlükənin gözləməsindən xəbərdardılarmı? Yəqin ki, xəbərdar olsaydılar, bunu etməzdilər.

Bir vaxtlar internet klub işlətmiş Azad Qəniyev deyir ki, bu məkanlara təzə-təzə ayaq açan uşaqlar ilk vaxtlar bir qədər utancaq olurlar, sakit, səssiz davranırlar və s. Ancaq bir müddət keçəndən sonra uşaqlarda dəyişmə müşahidə olunur. Bir müddət sonra onlarda utancaqlıqdan, çəkingənlikdən əsər-əlamət qalmır.

Uşaqlar üçün ikiqat təhlükə

Azad Qəniyevin sözlərinə görə, əslində tərbiyəsi pozular deyib övladına kompyuter almayan valideynlərin bir çoxu onun internet kluba getməsindən xəbərsiz olur: "Valideyn var ki, internet klubların necə bir məkan olmasından xəbərsizdir. Onlar bu qapalı məkanı öz gözləri ilə görə bilmədiklərindən təsəvvür edə bilmirlər. Halbuki, bir qədər iradəsiz uşaqlar üçün internet klublar əsl tələ sayıla bilər. Uşaqlar bunun fərqində olmadıqlarından valideynlərinin təcrübəsizliyindən istifadə edirlər".

İnternet klublar barədə məlumatsız olan valideynlər üçün qısa bir təsəvvür formalaşdıraq; internet klubların demək olar əksəriyyəti binaların ya birinci mərtəbəsində, ya da zirzəmilərdə yerləşir. Bəlkə qapalı olmağındandır ki, həmişə burada bir dağınıqlıq hökm sürür. Ağır havası ürək bulandıran, səs-küyü əsəbilik doğuran bir məkandır internet klublar. Bir qədər səliqəlisi, belə deyək, müasirləri də var. Bir çoxunda siqaret çəkmək yasaq edilib. Əksər internet klub istifadəçiləri uşaqlar, yeniyetmələr və gənclərdir. Çox vaxt ağız deyəni qulaq eşitmir, söyüş-söyüşə qarışır internet klublarda. Əgər siqaret çəkməyə məhdudiyyət qoyulmayıbsa, tüstüdən göz-gözü görmür.

Zirzəmilərdə yerləşən internet klublarda havalandırma ya zəif olduğundan, ya da ümumiyyətlə olmadığından kompyuterlərdən yayılan şüalar daha da təhlükəlidir. Bu şüalanma isə orqanizmi hələ tam formalaşmamış uşaqlar üçün ikiqat təhlükəli sayılır.

Bizdən deməkdir...

Valideynlərin internet klublardakı kompyuterlərə müdaxilə etmək imkanları yoxdur. Odur ki, uşaqlar burada yaşlarına uyğun olmayan, məsləhət bilinməyən informasiyalarla tanış olurlar. Hətta uşağınız özü buna maraq göstərməsə belə, tutaq ki, qonşu masada oturmuş bir şəxsin izlədiyi hansısa video onun da diqqətini cəlb edir. Yazının əvvəlində qeyd etdiyimiz kimi, övladına kompyuter almaq istəməyən valideynlər bunu onların tərbiyəsinin pozulmasını istəməmələri ilə əlaqələndirirlər. Halbuki, əksər uşaqların kompyuter oyunlarına böyük marağı və istəyi olur. Bu istəyi boğmaq, onun qarşısını almaq, bir çox hallarda, mümkün deyil. Uşaqlar internet kluba məhz oyun oynamaq üçün ayaq basırlar.

Halbuki, valideynlər evə bir kompyuter almaqla uşaqlarının bu istəyini, müəyyən mənada, cilovlamış olurlar. Məsələn, dərs oxumayan uşağına deyirsən ki, dərsini hazırla, sonra kompyuter oyna. Uşaq da dərsini hazırlayır və yaxud ona tapşırılmış başqa bir işi görür, sonra öz istəyini həyata keçirir. Uşağın kompyuteri açıb-bağlamaq saatını da evdə valideyn özü müəyyənləşdirmiş olur. Yaxud müəyyən proqramlar vasitəsilə evimizdəki kompyuterin istəmədiyimiz sayta girişinə yasaq qoymaq olaq.

Bununla övladımızı zərərli informasiyalardan da qorumuş olarıq. Bütün hallarda övladınızı internet klub adlı zərərli vərdişlərin tüğyan elədiyi təhlükəli məkanların ağuşuna buraxmaqdansa, ya xəsislikdən əl çəkib, ya da bir qədər dərin düşünüb onun öz evinizdə əylənməsinə şərait yaratmaqla, haqqında danışdığımız təhlükələrdən qoruya bilərsiniz.

"Zaman Azərbaycan"