Qonşusunu qətlə yetirən məktəblinin məhkəməsi başladı

Day.Az представляет новость на азербайджанском языке.
 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Abşeron rayon sakini, 1996-cı il təvəllüdlü Orxan Kamranlının cinayət işi üzrə məhkəmə başlayıb.
 

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
 

İttihama görə, bu ilin yanvarın 26-da Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisindəki evlərdən birində yaşayan Orxan Kamranlı münaqişə zəminində qonşusu Famil Usubovu bıçaqla qətlə yetirib.
 

İstintaq araşdırması zamanı müəyyən edilib ki, 1996-cı il təvəllüdlü Orxan Kamranlı ilə 1980-ci il təvəllüdlü Famil Usubov arasında münaqişə yaranıb. Belə ki, Orxangilin ailəsi Familgilin həyətindən qaz borusu çəkiblər. Sonradan Familgilin ailəsi həmin qaz borusunu kəsərək götürüb. Orxan Familgilə gedərək, məsələni aydınlaşdırmaq istəyib. Onların arasında yaranan mübahisə böyüyərək davaya çevrilib. Əsəblərinə hakim ola bilməyən 10-cu sinif şagirdi Orxan Kamranlı özündən 16 yaş böyük Famil Usubova bıçaqla zərbə endirərək, onu qətlə yetirib.
 

Orxan Kamranlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.