Yayda ərzaq məhsulları alarkən diqqətli olun

Day.Az представляет новость на азербайджанском языке.


Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, yay mövsümü ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi və Ədliyyə Nazirliyinin reyestri əsasında Lənkəran Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi birgə reydlər keçirib. Reydlər nəticəsində topdan və pərakəndə satış mağazalarında saxlanma müddəti başa çatan un məmulatları, kolbasa -sosiska məhsulları, konservlər və 22 adda sərinləşdirici içkilər aşkarlanıb. Buna görə də müvafiq qurumlar yeyinti məhsulları alarkən əhalini diqqətli olmağa çağırır.

Lənkəran Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Habil Sadıqov ərzaq məhsullarının saxlanması, daşınması və satışı üzərində dövlət sanitar nəzarətinin həyata keçirildiyini və aparılan reydlər zamanı vaxtı keçmiş məhsullara rast gəlindiyini bildirdi.

Müsahibimizin sözlərinə görə, yoxlamalar zamanı 10-15 şəbəkədən 8 kiloqrama qədər düzgün saxlanılmayan və vaxtı keçmiş un məhsulları aşkarlanıb. Bundan əlavə 4 kiloqrama yaxın vaxtı keçmiş ət məhsulları, kolbasa və sosiska məmulatları aşkarlanaraq satışdan çıxarılıb.

Habil Sadıqov isti yay günlərində topdansatış mağazalarında kolbasa-sosiska məhsullarının çöldə açıq formada satışına rast gəlindiyini və buna qarşı müvafiq tədbirlərin görüləcəyini də diqqətə çatdırdı. O, əhaliyə məhsul alarkən ehtiyatlı olmağı, saxlanma müddətinə diqqət yetirməyi və onlar tərəfindən vaxtı keçmiş məhsullara rast gəlindikdə, dərhal Lənkəran Şəhər Gigiyena və Epidimiologiya Mərkəzinə məlumat verməyi xahiş etdi.

Müsahibimiz onu da bildirdi ki, yeyinti məhsullarının istehsal müəssisələrinə sanitar karantin müfəttişləri, Gigiyena və Epidimiologiya Mərkəzinin əməkdaşları tərəfindən xüsusi nəzarət edilir.