Valideynlər məktəb rəhbərliyindən şikayətlənirlər

Day.Az представляет новость на азербайджанском языке.

Məktəb mövsümünün başlanması bu sahə ilə bağlı şikayətlərə də start verdi. Məktəblə bağlı Milli.Az-a ilk şikayət 190 saylı məktəbin 3-cü sinif şagirdlərinin dərsə buraxılmamasından oldu. Valideynlər yazırlar ki, 190 saylı orta məktəbin üçüncü sinif şagirdlərini dərsə buraxmayıblar:

"Sinif yenidən formalaşdırılıb. Çünki müəllimə təqaüd yaşına çatdığı üçün işdən çıxarılıb. Uşaqları başqa siniflərə böləcəklər. Müəllimə özü isə şokdadır. Məktəbin qarşısında oturub özünə gələ bimir. Valideynlər isə nazirliyə şikayət etməyə hazırlaşırlar. Çünki onlara əvvəldən heç bir xəbərdarlıq edilməyib. Heç müəlliməyə də əvvəldən xəbərdarlıq edilməyib".
 

Məktəbin direktoru Afət Bakıxanova Milli.Az-a açıqlamasında bildirdi ki, valideynlərin şikayətləndiyi və qayğısına qaldığı müəllim bu il mayın 31-də 65 yaşı olduğuna görə təqaüdə göndərilib. Direktorun sözlərinə görə, həmin təqaüdə göndərilən Sənəm Atakişiyevadan başqa da 3 müəllim yaş senzi ilə əlaqədar məktəblə vidalaşıb:

"Sənəm müəlim çox hörmət etdiyim və savadlı kadr idi. Uşaqlardan bir neçəsi məktəbdən çıxdığına görə bir sinfi ixtisar etdim. Həmin ixtisar olunan sinif isə Sənəm müəllimənin sinfi oldu. Cavan müəllimləri kənarda qoyub, təqaüd yaşında olan müəllimi saxlaya bilməzdim. Valideynlər buna etiraz edir. Sənəm Atakişiyevanın sinfinin uşaqları isə digər siniflər arasında bölüşdürülüb. Məktəbdə uşaq çatlışmazlığı varsa, mən neyləyim? Uşaq olsaydı, Sənəm müəllimin sinfini saxlaya bilərdim".

Bakının sonuncu xanı, Sisiyanovu öldürən Hüseynqulu xan Bakıxanovun nəslindən olduğunu xatırladan direktor obyektiv olduğunu qeyd etdi: "Haqsızlıq etmək mənim yaşıma və nəslimə yaraşmaz. Nəslimin mənə verdiyi soyada hörmət etməliyəm. 70 yaşım var, əməkdar müəllim olduğuma görə işləyirəm. Məktəbin 5-ci mərtəbəsinə çıxmağa taqətim qalmayanda, məktəbdən gedəcəm".