Mingəçevir 65 illik yubileyinə hazırlaşır Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az El Televiziyaya istinadən xəbər verir ki, noyabrın 11-i Mingəçevir "Şəhər günü"nü qeyd edəcək.

Mingəçevir şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərdə iki aya yaxındır bu tədbirə hazırlıq işləri görülür. Hazırda şəhərdə abadlıq işləri aparılır. Yaşıllıqlar salınır, park və meydanlar bayrama hazır vəziyyətə gətirilir. Uşaq Yaradıcılıq mərkəzinin üzvləri də şəhər gününə hazırlaşırlar. Belə ki, mərkəz həmin gün üzvlərin əl işlərini sərgiləyəcək. Bundan başqa üzvlərin hazırladıqları süvenirlər gələn qonaqlara hədiyyə olunacaq.

"Şəhər günü" ilə bağlı Mingəçevir Dövlət Dram Teatrının da töhfəsi olacaq. Teatrın aktyorları açıq havada maraqlı kompozisiya nümayiş etdirəcəklər. Bildirək ki, şəhərin 65 illiyinə bir neçə ölkədən xarici qonaqlar dəvət olunublar. Bundan başqa, millət vəkilləri, nazirlər, komitə rəhbərləri, həmçinin ilk qurucular və vaxtı ilə Mingəçevirdə işləmiş insanlar da yubileydə iştirak edəcəklər. Onu da qeyd edək ki, qonaqlar şəhərin görməli yerlərinə ekskursiya edəcəklər, Mingəçevirin keçmişi və bu günü ilə bağlı sərgilərlə tanış olacaqlar. Tədbirlər şəhərin müxtəlif yerlərində, saat 11-dən 19-dək davam edəcək.

Sonda tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsetr proqramı təşkil olunacaq.

Xatırladaq ki, Mingəçevirin əsası 1948-ci il noyabrın 11-də qoyulub.