Bakıda dövlət malına ziyan vuranlar peyda olub – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bakı şəhərinin nəqliyyat sisteminə gətirilən yeniliklərin istifadəyə verilməmiş məhv edilməsi ilə bağlı dəfələrlə yazılsa da, nəticəsiz qalıb.
 

Milli.Az olaraq Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yeni qurulan dayanacağın şüşələrinin sındırılmasından, daha sonra isə oradakı intellektual sistemin monitorlarının işləməməsi kimi məsələləri ictimailəşdirib, bu haqda sayta məlumat da yerləşdirmişik. Hər dəfə bu məsələdə günahı Nəqliyyat Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə atıb. Qarşı tərəf isə bu işlərə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) nəzarət etdiyini deməklə məsuliyyətdən yayınıb. Dayanacaqda monitorun işləməməsini isə NİİM yolda təmir işlərinin aparılması ilə əlaqələndirirdi.

Y.Əliyev küçəsində yol təmiri xeyli müddətdir başa çatsa da, dünənə kimi nə dayanacaq düzəldilmişdi, nə də monitor işləyirdi. Bu gün isə NİİM-in monitoru tamamilə yararsız hala salınıb. Dayanacaqdakı monitorun ekranı sındırılaraq məhv edilib. Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə yaratmaq cəhdlərimiz də alınmadı. Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənova zəng etsək də, adəti üzrə telefonunu açmadı.

NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı isə ölkə xaricində olduğunu əsas gətirərək suallara cavab verə bilməyəcəyini dedi.

Ərazi üzrə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən isə Milli.Az-a bildirildi ki, monitorun sındırılması ilə bağlı müraciət edilməyib. Müraciət ediləcəyi halda polis araşdırmaya başlaya bilər.

Böyütmək üçün şəkillərə klikləyin.