Yeni şərtlər maşın bazarında durğunluğa səbəb olub – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Fevralın 11-də Mərkəzi Bankdan gələn razılıq əsasında banklar avtomobil kreditlərini yeni şərtlər əsasında bərpa etdilər.

"Yeni Müsavat"ın məlumatına görə, yeni şərtlərə əsasən banklar öz vəsaitlərini yeni avtomobilllər üçün - ilkin ödənişi 50 % olmaqla illik 14-23 % faizlə verəcək. 1 ildən çox sürülmüş avtomobillər üçünsə şərtlər bir qədər də ağırlaşıb. Belə avtomobil almaq istəyənlər ümumi məbləğin 70-80 %-ni əvvəlcədən ödəməli və qalan hissəni isə illik 17-27 % dərəcəsi ilə ödəməlidir. Bundan başqa, müştərilərə kredit verərkən onların yalnız banklara olan borcu deyil, digər öhdəlikləri də nəzərə alınır. Lakin yaranan vəziyyət maşın bazarında durğun vəziyyəti daha da gərginləşdirib.

Yanvarın 12-də Bakının Badamdar qəsəbəsindəki "Bakı Avtomobillər Satış Mərkəzi"ndə olub bazardakı vəziyyətlə maraqlandıq.

Öncə maşın bazarındakı avtomobil dillerlərindən birinə baş çəkdik. "Chevrolet Badamdar" avtosalonunun satış meneceri Elvinin sözlərinə görə, onların öz müştəriləri var: "Yeni qanun təbii ki, bizim satışımıza təsir edəcək. Amma "Chevrolet" maşınları hazırda Azərbaycanın avtomobil bazarında şəriksiz liderə çevrilib. Sərfəli qiymət, yüksək keyfiyyət və rahatlığın cəmləndiyi bu son model avtomobillər "Avro 4" standartına cavab verir. Bizim öz müştərilərimiz var. "Chevrolet Servis" hazırda Azərbaycanda fəaliyyət göstərən ən böyük servislərdən biridir. Təkcə Bakıda iki ünvanda böyük servisimiz fəaliyyət göstərilir. Satdığımız avtomobillər kasko və icbari siğortalanır, 100 min kilometr və ya 3 il zəmanət verilir".

Satış menecerinin sözlərinə görə, avtokreditlərlə bağlı Mərkəzi Bankın bu qərarı maşın bazarında durğunluq yaradacaq: "Benzinin qiyməti qalxandan xüsusilə işlənmiş maşınların satışında durğunluq yaşandı. Çünki köhnə model maşınların motor həcmi bir qədər böyükdür və bu da benzin sərfiyyatına təsir edir".

"Salonu bağlamaq qərarına gəlmişik..."

Maşın bazarında Çin istehsalı "BYD" avtomobillərinin satışı ilə məşğul olan "Avto 44" salonunun satış meneceri Alim Hüseynov deyir ki, son bir həftə ərzində maşın krediti ilə bağlı baş verən olaylar bazarı öldürüb: ""BYD" avtomobilləri qısa zamanda Azərbaycanın avtomobil bazarında öz yerini tutdu. Tələbat böyük idi. Xüsusilə bazar günləri 4-5 maşın satırdıq. Çin istehsalı, yanacağa qənaət edən avtomobillərdir. Mərkəzi Bankın son qərarından sonra 100-ə yaxın sifarişimiz ləğv olunub. Yeni qaydalarla maşın almaq heç kəsə sərf eləmir. Maşının ilkin ödənişi üçün 50-80% pul ödəyən müştəri nağd qiymətə də maşın ala bilər".

Satış menecerinin sözlərinə görə, vəziyyət belə davam eləsə avtosalonu bağlayıb bazardan çıxacaqlar: "Bir ay gözləyirik. Görək Mərkəzi Bankın bu məsələ ilə bağlı hansı qərarları olacaq. Qanun dəyişməsə, salonu bağlayacağıq".

"Rusiya istehsallı maşınlar yaxşı satılacaq"

Rusiya istehsallı avtomobillərin satışı ilə məşğul olan "VAZ 66" avto salonunun satıcıları isə bildirdi ki, son bir-iki gündə alverləri canlanmağa başlayıb: "Bahalı maşınların ilkin ödənişi az qalsın ki, ümumi dəyərin 50 faizini təşkil etsin. "Lada Priora" və "Niva" maşınlarına tələbat artıb. Təkcə dünən iki "Niva" satmışıq. Qışda bu marka maşınlara tələbat artır. "Lada Priora"nın da satışı pis deyil. "ABS" sistemlə təchiz olunması bu avtomobilə olan tələbatı artırıb. "Niva"nı 14 min manata, "Lada Priora"nı isə 9-10 min manat arası müştərilərə təklif edirik. Belə getsə, Rusiya istehsallı maşınlar yaxşı satılacaq".

Vüqar Bayramov: "İli köhnə olan maşınların qiyməti bahalaşacaq"

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə "ANS"ə açıqlamasında avto kreditlərin dayandırılmasının bazara ciddi təsir edəcəyini deyib. Ekspertin fikrincə, Azərbaycanda hər 10 maşından 6-sı bank kreditləri vasitəsilə alınır: "Avtomobil kreditlərinin dondurulması birmənalı şəkildə bazara təsir edəcək. Bu gün xüsusilə də avtosalonlarda satılan avtomobillərin təxminən 60%-i bank kreditləri vasitəsilə alınır. Sözügedən kreditlərin verilməsinin dayandırılması bazarda aktivliyin azalmasına gətirib çıxaracaq. Bu növ kreditlər əsasən bahalı, ili təzə avtomobillər üçün alındığından hesab edirəm ki, istehsal ili təzə olan avtomobillərə tələbat azalacaq. Bu isə onların qiymətinə ciddi təsir edəcək. Bu yenilik həm bankların, həm də avtosalonların fəaliyyətinə mənfi təsir edəcək".

Ekspert bildirib ki, yeni dəyişikliklərdən sonra bazarda ili təzə olan avtomobillərin qiyməti ucuzlaşacaq, ili köhnə olan maşınların qiyməti isə bahalaşacaq: ""Avro-4" standartlarının da aprel ayından tətbiq ediləcəyini nəzarə alsaq, bu, sonda köhnə avtomobillərin qiymətində artıma gətirib çıxaracaq. Avtomobil almaq istəyən vətəndaşlar ödəniş qabiliyyətlərinin aşağı olması səbəbindən ili yeni olanları deyil, ili köhnə olan avtomobilləri almağa məcbur olacaqlar. Nəticədə bazarda ili təzə olan avtomobillərin qiyməti ucuzlaşacaq, ili köhnə olan maşınların qiyməti isə bahalaşacaq".

Sonda qeyd edək ki, hazırda ölkədə verilən istehlak kreditlərinin böyük bir hissəsi avtomobil kreditlərinin payına düşür. Araşdırmalara görə, qaytarılmayan kredit borclarının da təqribən 40 faizə qədəri avtomobillərə verilən vəsaitlərdir. Eyni zamanda bu ilk üç ayı ərzində Azərbaycana xaricdən 14 091 avtomobil gətirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bunlardan 209-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 12 856-sı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 894-ü yük avtomobilləri, 132-si xüsusi təyinatlı avtomobillərdir.

Böyütmək üçün şəkillərə klikləyin.