“Vosmoy” bazarında alıcılar da gileylidir, satıcılar da

Day.Az представляет новость на азербайджанском языке.

Novruz bayramı ərəfəsində dükan və bazarlarda ərzaq və kənd təsərrüfatı mallarının qiymətləri ilə oxucularımızı tanış etmişdik. Paytaxtın bir neçə bazarında və marketlərində apardığımız müşahidə onu göstərdi ki, bayram ərəfəsində kəllə-çarxa qalxan qiymətlər hələ də enməyib.

Musavat.com yazır ki, alış-verişə gələnlər məhsul çeşidlərinin bol olduğunu desələr də, qiymətlərinin bahalığından gileylənirlər. Satıcılar isə alıcıların olmamasından.

Paytaxtın "8-ci kilometr bazarı"nda əvvəlcə tərəvəz satılan piştaxtaya yaxınlaşıb pomidorun, xiyarın və badımcanın qiyməti ilə maraqlandıq. Məlum oldu ki, Zirə pomidoru 4 manat, xiyar isə 3 manatadır. Öncə bizi müştəri zənn edən pomidor satıcısı Eldar deyir ki, hələ ki, qiymətlərdə bir dəyişiklik yoxdur: "Bayramdan bahalaşan qiymətlərdə ucuzlaşma yoxdur. Əvvəl neçəyə satırdıqsa, indi də həmin qiymətə satırıq. Həm bahalaşma deyəndə elə çıxır ki, elə bil iki qat baha satırıq... Üstünə qəpik-quruş qoyuruq də... Biz də qoyduğumuzu çıxartmalıyıq, ya yox?! Bizə ucuz versələr, ucuz da satarıq".

Satıcı Eldar qiymətlərdən şikayətçi olmasa da, alıcılardan danışdıqda dərin köks ötürdü: "Alıcı nə gəzir? Baxın, elə sizin yanınızda neçəsi gəlib qiyməti soruşub almadan gedir. Camaatı da qınamaq olmur. Hərdən elə aldığım qiymətə verirəm. Bəzən müştərinin üzünə baxıb qiymət təyin edirəm. Ancaq imkanlı müştəri olduğunu görəndə artıq deyirəm. Ucuz satdığımın pulunu da beləcə çıxarmış oluram".

Digər tərəvəzlərə gəlincə isə badımcan 3 manat 50 qəpik, 4 manata, bibərin 3 ədədi 1 manata satılırdı. Yumurtanın qiymətinə gəlincə, kənd yumurtası 15 qəpik, adi yumurtalar isə 10 qəpiyə satılır.

"Meyvələr ancaq varlılar üçündür"

Meyvələrə gəlincə, hansı meyvəni istəsəniz, bazardan tapmaq mümkündür. Ancaq qiymətləri "əl yandırdığı" üçün bu meyvələrə yaxın duran yoxdur. Əksər meyvələrin xaricdən gətirildiyini deyən satıcı Ənvərin sözlərinə görə, burada bəzi meyvələr var ki, ancaq varlılar üçündür. Məsələn, alça, çiyələk, gilas, qarpız və sairə. Çiyələyin 200 qram bağlaması 6 manata satılırdı. Alçanın isə bir dənəsi 5-6 manata satılırdı. Satıcı deyir ki, çiyələyin üstünə cəmi 50 qəpik qoyub. Alçanı isə həddin artıq baha aldıqları üçün dənə ilə satır: "Heç alıcısı da yoxdur. Hərdən görürsən ki, hansısa uşaq buradan keçərkən valideynini məcbur edir ki, ona meyvə alsın. Yəni daha çox çiyələk, alçanı hamilə qadınlar və varlılar alırlar. Digər alıcılar isə heç bu tərəfə çevrilib baxmırlar".

Qiymətlərə gəlincə isə alma 2-4 manata, nar 3 manata, armud 2 manata, portağal 2-3 manata, mandarin 2 manat 50 qəpiyə, kivi 2 manata, ananas 7 manata satılır.

Alıcı Səmra xanım bazarda bahaçılıq olmasından şikayətləndi: "Çox bahaçılıqdır. Əvvəl başa düşdük, bayram idi. İndi niyə qiyməti ucuzlaşdırmırlar? Bir-iki ərzaq alıram, 50 manatım gedir. Aldıqlarım isə heç 1 həftə bizə bəs etmir".

Digər alıcı Rasim İslamov da bahalıqdan gileylənənlər sırasında idi: "Yeni meyvələr, tərəvəzlər var. Hər kəs alıb nübar etmək istəyir. Ancaq bu bahalıqla dadmaq mümkün deyil".

Milli.Az