Sumqayıtda ən yaxşı məktəblər bu tipli məktəblərdir

Day.Az представляет новость на азербайджанском языке.

Sumqayıtda ən yaxşı məktəblər yeni tipli məktəblərdir

Əslində, təhsil bir rəqabət meydanıdır. Deməli, bu mənada məktəblər də rəqib kimi çıxış edirlər. Məktəb direktorlarının şəhərin ən yaxşı məktəbləri barədə sualımıza cavabı, hesab etdik ki, maraqlı olar. Maraqlıdır, görəsən, direktorlar öz həmkarlarından kimlərin işini bəyənərək adlarını və yaxud məktəblərini qeyd edər?

Direktorlara bu sualla müraciət etdik:

- Sizcə, şəhərimizin 3 ən yaxşı orta məktəbi hansıdır?

Vəfa İbrahimova ( 29 saylı orta məktəbin direktoru:)

- İlin ən yaxşı məktəbini müəyyən etmək üçün ali məktəblərə tələbə qəbulunun nəticəsi və məktəbdəki təlim-tərbiyənin keyfiyyətinə görə qiymətləndirmə aparmaq olar.

Fikrimcə, Sumqayıtda ən yaxşı məktəblər yeni tipli məktəblərdir. Bunlar: TTEL, "İstedad", "Təfəkkür" liseyi və Gimnaziyadır.

Orta məktəblərin də içərisində tələbə qəbulunun nəticəsinə görə 18 saylı orta məktəbin adı ilk onluqdadır. Mən də onunla razılaşıram ki, şəhərimizdəki yaxşı məktəblərin biri də, 18 saylı orta məktəbdir.

Əgər liseyləri kənara qoyarıqsa, ikinci yerə 1 saylı orta məktəb, daha sonra isə 11 saylı orta məktəbi göstərə bilərəm. Bu məktəblər öndə gedən məktəblər sırasındadır.

Bəşir Şəfiyev ( 5 saylı orta məktəbin direktoru):

- Şəhərimizin 3 ən yaxşı məktəbi zənnimcə, bunlardır: Gimnaziya, 4 saylı orta məktəb və 31 saylı orta məktəb.

Fikrimi də, bununla əsaslandırıram ki, Gimnaziya - bütün cəhətlərinə görə irəlidə gedir. Həm təhsil, həm də tərbiyə...

31 saylı orta məktəb - yenilikləri qəbul etdiyinə görə. Bundan əlavə İnnovasiya ilə bağlı, layihələr və s. tədbirlərdə şagirdlərin iştirakına görə bu məktəb öncüldür.

4 saylı orta məktəbi isə əvvəlki illərə nisbətən tərbiyənin düzəldiyinə və təhsilin səviyyəsinin yüksəldiyinə görə qiymətləndirirəm.

Əlifxan Məmmədov ( 27 saylı orta məktəbin direktoru):

- Ən yaxşı məktəbi seçərkən, əsasən fikir verilir məktəbin Tələbə Qəbul Komissiyasının imtahanlarının nəticəsi, Olimpiyada və təlim-tərbiyəsinə. Bu siyahıda ilk üçlükdə mən bu məktəbləri görürəm: 23 saylı məktəb, TTEL və Gimnaziya.

Mətbuatda oxuduğuma görə adını qeyd etdiyim 3 məktəb TQDK-nın imtahanlarında yüksək nəticələr göstərirlər. Bundan başqa, Olimpiyada və müxtəlif beynəlxalq müsabiqədələrdə də öndə gedirlər. Ümumiyyətlə, şəhərdəki ictimai fikirdə, valideynlərin rəyində bu 3 məktəbin adı tez-tez hallanır.

Ədalət Mahmudov ( 36 saylı orta məktəbin direktoru):

- Şəhərimizdə yaxşı məktəblər çoxdur. Bunların içində isə üçünü seçməli olsam, 27 saylı orta məktəbin, 1 saylı orta məktəbin və bir də son vaxtlar sürətlə inkişaf edən 43 saylı orta məktəbin adını qeyd edə bilərəm. Vaxtilə 43 saylı orta məktəb çox qalmaqallı məktəb olub. Humay xanım ora direktor təyin olunandan sonra o məktəbdə böyük irəliləyişlər var.

Bu 3 məktəb son illər inkişafdadır. Fikrimcə, tədris, nizam-intizam və əldə etdiyi nəticələrə görə 27, 1 və 43 saylı orta məktəb digər orta məktəblərdən seçilirlər.

Qədir Mikayılov ( 13 saylı məktəbin direktoru):

- Şəhərimizdə 3 yox, 4 öndə gedən məktəb var.

TTEL, "Təfəkkür", Gimnaziya və "İstedad" liseyinin adını qeyd etməliyəm.

Adını çəkdiyim məktəblər əsasən, digərlərindən qəbul imtahanlarının nəticələrinə görə fərqlənirlər.

Bəhruz Səlimxanov ( 9 saylı orta məktəbin direktoru):

- Sumqayıtın 3 öndə gedən məktəbini qeyd etsəm, "Təfəkkür" liseyinin, 11 saylı orta məktəbin və 1 saylı orta məktəbin adını çəkə bilərəm.

Onu qeyd edə bilərəm ki, özüm "Təfəkkür" liseyində bir müddət təlim-tərbiyə üzrə direktor müavini işləmişəm. Sumqayıtdakı digər məktəblərə nisbətən "Təfəkkür" liseyində bir çox yeniliklər var. "Təfəkkür" liseyində şagirdlərin parlamenti fəaliyyət göstərir. Bir gün şagirdlərin özünüidarə etmə günüdür. 5 oktyabrda şagirdlər direktor, direktor müavini, sinif rəhbəri və müəllim rolunda çıxış edirlər. Digər baxımdan "Təfəkkür" liseyi Beynəlxalq Fənn Olimpiyadasının qızıl medalını qazanıb. Bura tədbirlər baxımından da digər məktəblərdən seçilir. Bu liseydə nisbətən tədbirlər daha çoxdur.

11 nömrəli orta məktəbi idarə edən Ofelya Babayevadır. O, Sumqayıt şəhər tarixində ən gənc direktor kimi çıxış edib. O vaxt direktor təyin olunanda cəmi 26 yaşı olub. Qəbul, nizam-intizama görə bu məktəb digərlərindən seçilir.

1 saylı orta məktəbdə müəllim işləmişəm. Oranın strukturuna bələdəm. 1 saylı orta məktəbdə savadlı müəllimlər çoxdur. Qəbulda nailiyyətləri ilə seçilir, şəhər tədbirləri və Respublika olimpiyadalarında həmişə ön yerlərdən birini tutur.

Fikrət Qasımov ( 23 saylı orta məktəbin direktoru):

- Hesab edirəm ki, ən yaxşılar yeni tipli məktəblərdir: Gimnaziya, TTEL, "İstedad" liseyi.

Bu məktəblərdə təlim və tədris yüksək səviyyədədir. Müasir innovasiyaların tətbiqi yaxşıdır. Məktəb üçün qoyulan tələblər baxımından bu 3 məktəb digərlərindən seçilir.

Liseyləri saymasaq, ilk 3 yeri bu məktəblər tutardı: 1, 21 və 11 saylı orta məktəblər.

Bir şeyi vurğulamaq istərdim. Ən yaxşı "Ümumtəhsil məktəbi" müsabiqəsində bizim məktəbi də münasib bilirdilər ki, siz də qatılın. Amma mən bildirdim ki, bizdən öndə; 11, 1 və 21 saylı orta məktəblər var. Bu məktəblər keçsin, ondan sonra biz müsabiqəyə qatılarıq. Hər il ali məktəbə qəbulda müsabiqələrdə ön yerlər bu 3 məktəbə aiddir.

Tərlanə Nağıyeva ( 26 saylı orta məktəbin direktoru):

- Bildirmək istərdim ki, ən yaxşı məktəblər yeni tipli məktəblərdir. Bunlar əsasən, "İstedad", "Təfəkkür", Gimnaziya və TTEL-dir. Çünki bu məktəblərdə təhsil alan şagirdlər daim öz bilik və bacarıqları ilə şəhərimizdə seçilirlər.

Vladim İsmayılov ( 21 saylı orta məktəbin direktoru):

- Sumqayıt şəhərində güclü məktəblər çoxdur. Lakin 3 məktəb var ki digərlərindən seçilir. Zənnimcə, 29, 23 və 27 saylı orta məktəblər digər məktəblərdən bir çox komponentlərinə görə fərqlənirlər. Bu məktəblərdə nizam-intizam və təhsil yüksək səviyyədədir.

Xanım Əhmədova ( 31 saylı orta məktəbin direktoru):

- Şəhərimizdəki yeni tipli məktəblər həmişə birinci yerdə gedir. Fikrimcə, ilk növbədə 1 saylı orta məktəb, 11 saylı orta məktəb və TTEL-in adlarını çəkmək olar.

Bunlarda bir varislik var. Yəni, bu məktəblərdə güclü kadr potensialı var. Təlim-tərbiyə, tədrisdə varislik və tələbkarlıq var. Buna görə də bu məktəblər öz nəticələrini stabil olaraq saxlayırlar. Valideyn-məktəb əlaqələrinin güclü olması, mütəmadiliyi də məktəbin öndə getməsinə köməklik edir.

Bəxşeyiş Ələmşahov ( 39 saylı orta məktəbin direktoru):

- Müasir tipli məktəblər adından da göründüyü kimi, müasir məktəblərdir. Bu təhsil ocaqlarına dövlət də daim dəstək olur, təmir edilir və s. Orda bir növ seçimli uşaqlardı. Buna görə də bunlara o qədər yüksək səviyyədə baxmaq olmur. Onsuz da, orada seçilən uşaqlar təhsil alır. Fikirləşirəm ki, o əlalığın bir tərəfi də şagirdi kənardan gedən məktəbin əlalığıdır.

Amma ümumilikdə orta məktəblərdən TTEL, "İstedad", "Təfəkkür" və Gimnaziya seçilirlər. Bu məktəblər yüksək səviyyəli məktəblərdir. Yəni bu məktəbləri digər ümumtəhsil orta məktəbləri ilə bir tutmaq olmaz. Bu yeni tipli məktəblər bütün komponentlərinə görə digərlərindən seçilirlər.

Orta ümumtəhsil məktəblərdən birinci olaraq 1 saylı orta məktəbin adını çəkə bilərəm. 1 nömrəli məktəbi ona görə mən sevmişəm ki, bu məktəbi ilk dəfə Lətifə xanım elə qurub ki, o məktəb bu gün saat rejimi kimi işləyir. Artıq bu gün oranın direktoru Fəyyaz müəllimdir. O, köhnə strukturun üstündə işi davam etdirə bilir. Yəni, məktəbin bazası var artıq. Buna görə də, mən bu məktəbi yüksək səviyyəli məktəb adlandırıram. Burada baza olduğu üçün məktəbdə güclü nizam-intizam var. Fəaliyyət planı da buna uyğun qurulub.

İkinci yerə müasir məktəblər - TTEL, İstedad, Təfəkkür və Gimnaziyanı misal çəkə bilərəm. Burada uşaqlar imtahanla qəbul olunur. Şagird müəyyən keçiddən keçib gəlir. Bura bir növ seçilmiş uşaqlar qəbul olunur. Bu 4 məktəbdə gözəl müəllim heyəti formalaşıb.

Üçüncü yerə isə, 11 saylı orta məktəbi qeyd edərdim. Bilirsiniz, Ofelya xanım köhnə təhsil işçisidir. Vaxtilə Sumqayıt Təhsil Şöbəsinin müdiri olub. Bu gün o məktəbin nailliyətləri Ofelya xanımın adı ilə bağlıdır.

P.S. Əziz oxucular, nəticəni siz çıxarın və övladınıza məktəb seçərkən tələsməyin. Diqqətli olun ki, sonda peşman olmayasınız... Hesab edirik ki, seçim çətin olmaz - çünki məktəb direktorları sizə istiqamət verdilər.

Milli.Az