Salyanda uşağa verilən ad qarşıdurmaya səbəb oldu

Day.Az представляет новость на азербайджанском языке.

Salyanın Arbatan kəndində İmam Əlinin qardaşı balalarının başını kəsən Harisin adının mağazaya qoyulmasının ciddi etiraz yaratdığını yazmışdıq. Mağaza sahibi Mahir Pənahov isə "Yeni Müsavat"a deyib ki, mağazaya qoyduğu ad nəvəsinin adıdır. Bəs bu qəbildən olan adların qoyulmasına qanunda və İslamda qadağa varmı?

Bu sualla Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə və dini ekspert Kənan Rövşənoğluna müraciət etdik.

"Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ən yaxşı halda belə adların qoyulmamasını tövsiyə edə bilər. Qanunda kiminsə ad seçimini yasaqlayan maddə yoxdur. Sadəcə, valideynlərə tövsiyə olunur ki, övladlarına ad seçimi zamanı Tramvay, Traktor, Yanvar, Vicdan və bu kimi adlarla müraciət etməsinlər. Hətta övladına Xiyar adı qoyan insanlar da var və bu addan imtina etmirlər. Belə əsaslandırırlar ki, həmin övladları anadan olduğu il becərdikləri bu tərəvəz bol olub, ruziləri artıb və uşağa da bu adı seçiblər. Belə seçim etmiş insana nə demək olar?" - bu sözləri Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər.

İdarədən bir daha ad seçimi qarşısında olan valideynlərə müraciət edərək övladlarına xoşagəlməz, qıcıq yaradan, onların gələcəkdə ələ salınmasına yol açan ad seçməkdən imtina etmələrini məsləhət görüblər.

Dini ekspert K.Rövşənoğlu isə bildirib ki, İslam tarixində baş verən bir sıra hadisələr olub ki, sonradan müsəlmanlar bu hadisələri hüznlü hadisələr kimi qeyd ediblər: "Eyni zamanda bir sıra şəxslər olub ki, törətdiyi əməllər İslam tarixinin gedişinə mənfi təsir edib, günahsız insanların həyatına son qoyulmasına səbəb olub. Bu cür şəxslər sağlıqlarında lənətləniblər. Əbu Ləhəb, Muaviyə ibn Əbu Sufyan, Yezid ibn Muaviyə və başqaları İslam tarixinə qara hərflərlə yazılmış hadisələrin əsas səbəbkarları, törədiciləri hesab edilirlər.

Bu adamlara münasibət sonradan onların adlarına münasibətə keçib. Hazırda müsəlman dünyasında kimsə əbu Ləhəb və ya Yezid adı daşımır. Eyni zamanda başqa adlar da var ki, onlar nifrətlə yad edildiyi üçün bu adlar qoyulmur. Xüsusən də Kərbəla hadisələri zamanı qəddarlıq edən, Peyğəmbər (s.ə.s) ailəsi üzvlərinə qarşı vəhşilik törədənlərin adlarını kimsə övladına verməyib. İslam dininə görə, övlada gözəl ad seçmək müsəlman valideynin borcudur.

Bu barədə Məhəmməd Peyğəmbərdən (s.ə.s) hədis də var. Bu mənada müsəlmanlar övladlarına ad verilməsinə diqqətlə yanaşır".

Dini ekspert Salyanda qarşıdurmaya səbəb olan adın tarixi haqda bunları dedi: "Konkret olaraq Haris ibni Ziyad Kərbəla hadisələrinin iştirakçısı, İmam Əlinin (ə) qardaşı Əqilin oğlu Müslimin iki azyaşlı oğlu Məhəmməd və İbrahimin başını kəsdiyi üçün lənətlənib. Ancaq Haris adı daha əvvəl də mövcud olub və hətta Kərbəla şəhidləri arasında da Haris adlı şəxs olub. Buna baxmayaraq Haris adı daha çox heç bir günahı olmayan iki yeniyetmənin başını kəsən cəlladın adı kimi xatırlanır".

Milli.Az