Aydın Bəşirov nədə sərt şəkildə ittiham olundu?

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin informasiya təminatı şöbəsinin müdiri Vüqar Sadıqov AzNews.az-a müsahibə verib.

- Azərbaycan prezidentinin sərəncamı ilə Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasını ləğv edilərək, onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Hazırda bu istiqamətdə işlər hansı mərhələdədir?

- Hazırda qurumda strukturun formalaşması işləri aparılır. QSC artıq Nazirlər Kabinetində və Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Yeni prinsiplər əsasında işlər gedir. Hazırda yüklərin daşınmasında, dəniz nefçilərinə müxtəlif xidmətlərin və bir sıra layihələrin göstərilməsində iştirak edirik. Sadəcə olaraq prosseslər yeni formada aparılır. Qarşıda duran məqsəd daha çevik kommersiya qurumu olaraq yeni gəmiçilik sisteminin formalaşdırılmasından ibarətdir. Bu istiqamətdə işlər gedir. Təbii ki, işlərimizdə müəyyən çətinliklər və nailiyyətlər var.

- Aydın Bəşirovun rəhbəri olduğu keçmiş Xəzər Dəniz Gəmiçiliyində və müvafiq qurumlarda işçilər arasında ixtisarlar aparılırmı?

- Bəli, ixtisarlar var. Təbii ki, əvvəl sırf dövlət müəssisəsi olan qurumlar artıq QSC formasında fəaliyyət göstərirlər. Əvvəl işçilərin sayı həddən artıq çox və maaşların səviyyəsi isə aşağı idi. İndisə bu qədər işçinin saxlanmasına ehtiyac görmürük. Hazırda QSC təqaüdçülər, qeyri-ixtisas sahiblərini işdən uzaqlaşdırma prosesini aparır. Cəmiyyətimizdə ixtisaslı gənclərə yer verilir. Bu baxımdan ixtisarlar prossesi qanunvericiliyə uyğun, mütəmadi olaraq davam edəcək. Təmsil etdiyim qurumda hər kəsin öz qabiliyyəti, savadı, ixtisası və təhsilinə görə yerləşdirilməsi prosesi gedir. İxtisarlar QSC-nin tabeliyində olan bütün qurumlarda aparılır. Say baxımından bunu deyə bilməsəmdə vurğulayım ki, QSC-nin Mərkəzi Aparatında da ixtisarlar gedir. İxtisara düşənlər ilk növbədə ixtisasına uyğun boş yerlərlə təmin olunur. Hazırda QSC-nin daxilində müxtəlif sahələr üzrə departamentlər yaradılır. Yəni, ixtisara düşənlərin ixtisası imkan verirsə təbii ki, işlə təmin olunurlar. Amma kiminsə yaşı və təhsili buna imkan vermirsə o adamlarla vidalaşırıq.

- Belə çıxır ki, əvvəllər mövcud olmuş Xəzər Dəniz Gəmiçiliyində qeyri-peşə sahibləri də işlə təmin olunub və ştatlar çoxaldılıb?

- Əvvəlki strukturda ştatlar həddən artıq şişirdilmişdi. Bu daha çox keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyində belə idi. Xəzər Dəniz Neft Donanması əvvəllər Dövlət Neft Şirkətinin tabeliyində olduğundan qeyri-peşəkar, yaş həddi yüksək olan işçilərin işdən uzaqlaşdırma prosesi getdiyindən orada müasir tələblərə uyğun struktur yaradılıb. Amma Xəzər Dəniz Neft Donanmasında ixtisarlar keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyində olan həcmdə yox, nisbətən aşağı həcmdə aparılır. Əsasən ixtisarlara bir-birini təkrarlayan vəzifələr salınır.

- İxtisarlar nə vaxta kimi aparılacaq?

- İxtisarlar daimi davam edən prosesdir. Bundan başqa, QSC yaradıldıqdan sonra rəhbər şəxslərindən tutmuş, sıravi işçilərə kimi 3 aylıq müvəqqəti əmək müqaviləsi bağlanıb. Bu ilin aprelin sonunda rəhbərlik bu məsələyə yenidən baxacaq. Hər bir şəxsin öz əməyinə görə, QSC-yə verdiyi səmərə təhlil ediləcək. Ola bilər ki, yenə də ixtisarlar aparılsın və yaxud təyin olunanlar hamısı yerində qalsın.

- İşdən azad olunanlar hansı imtiyazlarla təmin olunurlar?

- İşdən azad olunan şəxslərin hər birinə ölkə qanunvericiliyinə uyğun olaraq konpensasiya verilir. Səhv etmirəmsə, onlar 3 aylıq əmək haqqı mislində vəsaitlə təmin olunurlar.

- İşçilərin məvacibləri ilə bağlı vəziyyət hansı səviyyədədir?

- QSC formalaşdırıldıqdan sonra, ümumiyyətlə keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyində əmək haqları 30 faiz qaldırılıb. Amma Xəzər Dəniz Neft Donanması əvvəllər Neft Şirkətinin tərkibində olduğu üçün əmək haqları yüksək olub. Bu qurum aparıcı müəssisə olduğundan, təbii ki, əmək haqlarının yüksək olması tədqirə layiq idi. Sadəcə olaraq QSC hələ ki Xəzər Dəniz Neft Donanması və mərkəzi aparatının əmək haqlarını Dövlət Neft Şirkətinin səviyyəsində qurmaq imkanında deyil. Gəlir artmalıdır ki, maaşlar qaldırılsın. Ona görə də Xəzər Dəniz Neft Donanması sistemindəki əmək haqları endirildi və keçmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyi sistemində isə nisbətən qaldırıldı. Bu proses əmək haqları bütün qurumlarda bərabərləşənə kimi gedəcək. Gələcəkdə QSC-nin bütün işçilərinin əmək haqlarının artırılması və müasir standartlar səviyyəsinə çatdırılması nəzərdə tutulur.

- QSC yeni gəmilər almağı planlaşdırırmı?

- Bu çox geniş mövzudur. Hazırda QSC tərkibində olan Dəniz Nəqliyyat Donanmasında 80, Xəzər Dəniz Neft Donanmasında 187 gəmi var. Bütün bu gəmilər hazırda yerindədir və işləyir. Ötən ilin sentyabrında prezident İlham Əliyevin iştirakı ilə Qaradağ rayonunda tikilmiş Bakı Gəmiqayırma Zavodu istifadəyə verilib. QSC indiki mərhələdə yeni gəmilərin tikintisinin sifarişini Bakı Gəmiqayırma Zavoduna vermək niyyətindədir. Bu vəsaitlərin xaricdənsə ölkəmizdə xərclənməsi daha məqsədəuyğundur. Bununla bərabər gələcəkdə xarici ölkələrdən gəmi alınmasını da istisna etmirik.

Milli.Az