Qanunsuz parkinqə nəzarət gücləndirilib – FOTO

Day.Az представляет новость на азербайджанском языке.
 

Şəhərin bəzi küçələrində yol polisinin qanunsuz parkinqə nəzarəti gücləndirilib.
 

Day.Azın Milli.Aza istinadən verdiyi məlumata görə, misal üçün, şəhərin Lermontov küçəsinin hər iki tərəfində maşınların park olunması müşahidə olunurdu. Bu gün isə küçənin boş olduğu nəzərə çarpıb. Ərazidə polis əməkdaşları da gözə dəyib.
 

Lermontov küçəsindən fərqli olaraq, Şeyx Şamil küçəsində əvvəlki özbaşınalıq müşahidə olunub. 132 və 134 saylı orta məktəbə övladlarını gətirən valideynlər avtomobilləri hətta ikinci cərgədə də saxlamaqdan çəkinməyiblər. Maraqlısı isə budur ki, həmin vəziyyəti DYP əməkdaşları izləməklə kifayətləniblər.

Bakı şəhər İcra Hakimiyyətinin yerləşdiyi İstiqaliyyət küçəsində də görünür, Bakı merinin sərəncamı ciddi qəbul olunmayıb. Burada da taksilər və digər avtomaşınlar yolun kənarında park ediliblər.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakı şəhəri ərazisində avtomobil duracaqlarının təşkil edilməsi haqqında" sərəncam imzalayıb. Sənəddə deyilir ki, Bakı şəhərinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir.

Bakının küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar (sərnişin daşıyan nəqliyyat vasitələrinin təyin olunmuş duracaqları istisna olmaqla) ləğv edilsin.

Sərəncamda bildirilir ki, tabeçiliyindən asılı olmayaraq, qeyri-qanuni fəaliyyət göstərən duracaq və ya belə bir fəaliyyəti təşkil etmək istəyən hüquqi və fiziki şəxslərə qarşı inzibati cərimə sanksiyaları və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər həyata keçirilsin.

Böyütmək üçün şəkillərə klikləyin.