"Quesnet" fırıldaqçılarına qarşı iş açıldı - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

"Quesnet" şəbəkəsinin fırıldağı nəticəsində külli miqdarda pul itirən vətəndaşlar çıxılmaz durumdadırlar. Onlar yenidən redaksiyamıza müraciət ediblər. Yüz əlliyə yaxın şikayətçinin yazdığı məktubda bildirilir ki, onlar dövlət başçısına və aidiyyəti qurumlara müraciət etdikdən sonra hüquq-mühafizə orqanları fırıldaqçılarla mübarizəyə girişib. Nəticədə "Quesnet" fırıldaqçılarına cinayət işi açılıb:

"Bakı Şəhər Baş Polis İdarəsində faktla bağlı cinayət işi açılıb və şəbəkənin Azərbaycandakı bəzi rəhbərləri, o cümlədən bir neçə üzvü həbs edilib. Bir neçə nəfər isə axtarışdadır. İstintaq gedir".

Şikayətçilərin sözlərinə görə, bundan sonra da şikayətçilərə qarşı təzyiqlər və təhdidlər başlayıb. Şəbəkənin nümayəndələri onları hədələyir və şikayətlərini geri götürməyi tələb edirlər: "Bizə borclu olduqları pulları qaytarmaq istəmirlər, 50-100 manatla razı salmağa çalışırlar və tələb edirlər ki, gedib ərizəni geri götürək. Biz razılaşmadıq və bundan sonra təzyiqlər etməyə başladılar. Bizim ofislərimizə, iş yerlərimizə basqın etdilər, döydülər, yolda qabağımızı kəsib döydülər, öldürməklə hədələdilər, hədə dolu mesajlar yazdılar və sair. Biz bununla bağlı da hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hazırda Nizami Rayon Polis İdarəsində, 24-cü bölmədə, həmçinin Nərimanov rayonunda 18-ci bölmədə araşdırma aparılır. Bizə hücum edənlərdən də 11 nəfər saxlanılıb. Onlar bizi böyük məmurlarla, adamlarla, şirkətlərlə hədələyirlər, arxalarında kimlərinsə durduğunu iddia edirlər. Bizi qorxuzurlar, hədələyirlər, neçə nəfəri döyüblər, hətta dişləri qırılan olub, iş yerlərimizin qapı-pəncərəsini sındırıblar, maşınımızı əziblər. Bizi hətta ölümlə hədələyirlər".

Qeyd edək ki, şikayətçilər "Quesnet" rəsmilərindən Rasim Qəhrəmanov, Rahim Səfərov, Ceyhun İsgəndərov, Emin Əhmədov, Elçin Bayramov, Əbülfəz Rzayev və soyadını bilmədikləri daha bir neçə nəfərdən: Şahin, Zaur, Musa, Nərminə adlı şəxslərdən şikayətçidirlər. Sonuncu dörd nəfər şikayətçilərə hücum etdiklərinə görə 18-ci bölmə tərəfindən saxlanılsalar da, bir gün sonra buraxılıblar. Ceyhun İsgəndərov, Rasim Qəhrəmanov, Emin Əhmədov və Elçin Bayramov hazırda axtarışdadırlar. Şikayətçilər bildirirlər ki, C.İsgəndərovu polis tapa bilməsə də, o, hələ də şəbəkədə işləri yönləndirir və şikayətçilərə təzyiqlər barədə əmri də məhz o verir: "Bizə Ceyhun İsgəndərovun tapşırığı ilə təzyiq edirlər və şikayətimizi geri götürməyi tələb edirlər".

Şikayətçilər əməkdaşımızla söhbət zamanı başlarına gətirilən fırıldaqdan şikayətlənən onlarla ölkə vətəndaşının pullarının bir qrup dələduz və fırıldaqçı tərəfindən mənimsənildiyini bildiriblər. Onların sözlərinə görə, problem aylardır ki, davam edir və şirkət təmsilçiləri onlardan aldığı pulun müqabilində sifariş etdikləri məhsulu gətirib təhvil vermirlər: "Çünki pullar hamısı mənimsənilib. Bu dələduzlar bizdən aldıqları pulla yalnız 30 dollara internet kod-TS kod açıblar, heç bir məhsul sifariş verilməyib və pulumuzu mənimsəyiblər".

Şikayətçilər bildirirlər ki, müəyyən bir məbləğ ödəyərək şəbəkəyə daxil olan şəxs sonradan pul qazanmaq üçün bir neçə nəfəri də buraya cəlb etməlidir. Əks halda, heç bir gəlirdən söhbət gedə bilməz: "Beləcə, bu dələduz və fırıldaqçılara inandığına görə "Quesnet"ə öz yaxın adamlarını gətirən insanlar arasında böyük narazılıq və bir-birinə qarşı inamsızlıq yaranıb. Bu şəbəkə təşkilatı minlərlə insan arasında bir-birinə qarşı böyük kin-küdurət və nifrət yaradıb. Buraya gələnlər böyük ümidlə və pul qazanmaq istəyi ilə gəlirdilər. Haradan bilsinlər ki, ölkədə bu təşkilata rəhbərlik edənlər fırıldaqçılardır".

Şikayətçilər deyirlər ki, onların arasında illərlə pulunu verib məhsul gözləyən və hər gün aldadılan insanlar var. Aldadılmalar 2012-ci ilin əvvəlindən kütləvi şəkil almağa başlayıb. Şəbəkənin isə Azərbaycanda 300 min nəfər üzvü olduğu söylənilir.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.