Bakıda avtomobili harada və neçəyə saxlamaq olar?

Day.Az представляет новость на азербайджанском языке.

Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də Bakıda avtomobillərin park edilməsi, daha doğrusu, maşınların yol kənarlarında saxlanmasının qadağan edilməsidir
 

Təbii ki, tıxacların aradan qaldırılması və eləcə də piyadaların sərbəst hərəkətinin təmin edilməsi baxımından yollardan avtomobillərin yığışdırılması müsbət haldır. Ancaq reallıq odur ki, iş yerləri şəhərin mərkəzi küçələrində və ya mərkəzə yaxın ərazidə olanlar işə gələn zaman bütün hallarda avtomobilləri park etməlidir. Sual yaranır: harada park etməli?

"Media forum" saytının məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, məsələ yalnız yol nəqliyyatı və ya tıxacla bağlı deyil, problemin iqtisadi tərəfləri var: "Problem ondadır ki, şəhərin mərkəzindəki yeraltı avtomobil park yerlərində qiymətlər əhalinin ödəmə qabiliyyətinə uyğun deyil. Avtomobil park yerlərinin inşasında məqsəd heç də gəlir əldə etmək deyil, Bakıda tıxac problemini aradan qaldırmağa töhfə vermək idi. Məhz bu səbəbdən də bu yerlərinin inşası əsasən dövlət büdcəsi hesabına maliyyələşdirildi. Deməli, sözügedən xidmət kommersiya xarakterli olmamalıdır.

Amma yüksək qiymətlər başqa reallığı gündəmə gətirdi: məşğul əhali sözügedən park yerlərindən istifadə edə bilirmi? İş yeri şəhərin mərkəzində olan və avtomobildən istifadə edənlər üçün artıq bu park yerləri avtomobillərini saxlamaq üçün, demək olar, yeganə seçimdir. İdeal halda əgər şəhərin mərkəzində işləyən şəxs həftədə 5 və aya 20 gün işləyirsə və gündəlik iş vaxtı 8 saatdırsa, o, avtomobili park etmək üçün hər gün 6 manat ödəməklə ayda 120 manat xərcləyəcək. Həmin şəxs şənbə günləri də işləyirsə, onun xərci 144 manatadək yüksələcək. Ölkəmizdə orta aylıq əməkhaqqının 430 manat olduğunu nəzərə alsaq, o zaman avtomobilin park xərci maaşın üçdə birini təşkil edir. Yəni mərkəzdə işləyən şəxs qazandığı hər 3 manatın 1 manatını avtomobilini park etmək üçün verməlidir. Bu isə kifayət qədər yüksək xərcdir.

Məhz bu müqayisə göstərir ki, şəhərdə avtomobil park xərcləri xeyli yüksəkdir və oradakı qiymətlər əhalinin ödəmə qabiliyyətinə uyğun deyil. Bu da həmin yerlərin inşasının əsas məqsədə, tıxacın aradan qaldırılmasına tam xidmət etmədiyini deməyə əsas verir.

Bakıdakı avtomobil park qiymətlərini Nyu-York, London kimi iri şəhərlərdəki tariflərlə müqayisə etməməliyik. Məsələ heç də həmin ölkələrdə orta aylıq əməkhaqqının yüksək olmasında deyil, eyni zamanda həmin şəhərlərdə ictimai nəqliyyatın daha modern qurulması ilə bağlıdır. Bu özünü eyni zamanda metroda gediş qrafiklərinin olması və ona əməl edilməsindən başlayaraq digər ictimai nəqliyyat növlərinin sivil və intizamlı şəkildə işləməsində göstərir.

Bu baxımdan Bakıda avtomobil park qiymətlərinə yenidən baxılması və dəyişdirilməsinə ehityac var. Əvvəla, şəhərin mərkəzində avtomobil park yerlərində hər saat üçün 30 qəpik müəyyənləşdirilməsi daha məqsədəuyğundur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin müqayisəli və əhalinin ödəmə qabiliyyəti nəzərə alınmaqla hesablamaları göstərir ki, məhz bu qiymət əhalinin gəlir səviyyəsinə uyğundur. İkincisi, iş yerləri şəhərin mərkəzində olan və iş günlərində daimi olaraq avtomobil park yerlərindən istifadə edənlər üçün xüsusi güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Üçüncüsü, ödənişsiz zamanın 15 dəqiqədən 30 dəqiqəyədək artırılmasına ehtiyac var. Çünki hazırda ödənişsiz müddətdən istifadə imkanları, demək olar, yoxdur.

Nəhayət, avtomobil park yerlərindən istifadə üçün aylıq və ya həftəlik kartların buraxılmasına ehtiyac var. Bu, vətəndaşların daha güzəştli şərtlər ilə bu xidmətədən faydalanmasına imkan verəcək".

Milli.Az