Təhsil Nazirliyi xəbərdarlıq etdi: "Vədlərə inanmayın!"

Day.Az представляет новость на азербайджанском языке.

Təhsil Nazirliyi bu yaxınlarda xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə açıqlama verib
 

Nazirlik xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmədiyini və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımadığını bildirib.

Milli.Az xəbər verir ki, modern.az Təhsil Nazirliyinə müraciət edərək həmin şirkətlərlə bağlı şikayətlərin olub-olmaması ilə maraqlanıb. Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müsabiqənin tam ödənişsiz qaydada həyata keçirilməsinə baxmayaraq, şirkətlər vətəndaşlardan sənəd qəbulunda iştirak etmək üçün kifayət qədər xidmət haqqı tələb edirlər: "Vətəndaşların nəzərinə bir daha çatdırmaq istərdik ki, bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edərkən daha diqqətli olsunlar. Bu şirkətlərin fəaliyyətindən irəli gələn çətinliklərin tələbə və gənclərimizin taleyi ilə birbaşa əlaqəli olduğunu nəzərə alaraq bildiririk ki, Təhsil Nazirliyinə bir şikayətin belə daxil olması bizi dərindən narahat edir.

Bəzi vətəndaşlar sadəcə xaricdə təhsil xətrinə bu cür vasitələrdən istifadə etsələr də, onlar nəzərə almalıdırlar ki, təhsil hər zaman əldə edilmiş bilik və bacarıqlar əsasında qiymətləndirilir. Bu bilik və bacarıqlar gənclərimizin hərtərəfli inkişafında və gələcəkdə layiqli işlə təmin olunmalarında müstəsna rol oynayır. Təəssüf ki, bəzi şirkətlər tərəfindən reytinqi və təhsilinin keyfiyyəti qat-qat aşağı olan universitetlərə sadələşdirilmiş yollarla (attestatla) tələbə qəbulu təşkil edilir ki, burada da yüksək təhsildən söhbət gedə bilməz. Nəticədə bu tələbələr həm zəmanənin, həm də əmək bazarının tələbləri ilə uyğunlaşmada ciddi çətinliklərlə üzləşmə təhlükəsi ilə qarşılaşa bilərlər".

Daha sonra nazirlikdən bildirilir ki, narahatlıq doğuran digər bir hal isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müsabiqənin tam ödənişsiz qaydada həyata keçirilməsinə baxmayaraq, sənəd qəbulunda iştirak etmək məqsədilə şirkətlər tərəfindən vətəndaşlardan kifayət qədər xidmət haqqı tələb olunur. "Halbuki müasir İKT bacarıqlarından yararlanan və təhsil almaq istədiyi ölkənin tədris dilini bilən gənc həm xarici ali məktəbə qəbul prosesini, həm də Dövlət Proqramına sadələşdirilmiş elektron ərizə üzrə müraciəti özü həyata keçirə bilər".

Təhsil Nazirliyi eyni zamanda Dövlət Proqramında iştirak etmək istəyən tələbələrə birbaşa nazirliyə müraciət etmələrini tövsiyə edib: "Bundan əlavə, bəzi xaricdə təhsil şirkətləri gənclərimizə Dövlət Proqramı ilə bağlı müxtəlif həqiqəti əks etdirməyən vədlər verir və beləliklə, qanunu ciddi qaydada pozmaqla yanaşı, onların valideynlərini böyük maddi çətinliklərlə üz-üzə qoyur. Belə hallarla rastlaşan tələbə və valideynlərdən diqqətli olmalarını, heç bir şəxs və şirkətlər tərəfindən verilən vədlərə inanmamalarını və belə hallarla rastlaşdıqları halda Nazirliyin "qaynar xətt" xidmətinə (146) məlumat vermələrini xahiş edirik.

Hazırda Təhsil Nazirliyi Dövlət Proqramına sənəd qəbulu və seçim prosesinin sadələşdirilməsi istiqamətində işlərini davam etdirir və Dövlət Proqramında iştirak etmək arzusunda olan tələbələrə birbaşa nazirliyə müraciət etmələrini tövsiyə edir".

Milli.Az