Dayanacaqları artırmaq və qiymətləri ucuzlaşdırmaq lazımdır

Daz.Ay представляет новость на азербайджанском языке.

"Gürcüstanda 100 lari (yəni 50-52 manat) banka keçirirsən və bütün ili harada istəyirsən maşını saxlaya bilirsən".

Bu status facebookda yazılıb. Oxuyanda ilk olaraq yada son günlərin ən aktual mövzusu - Bakıda parklanma düşür.

Qeyd edək ki, prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Bakının küçə və prospektlərindəki qanunsuz parkinq məsələsi ilə bağlı iradını bildirib. Dövlət başçısının iradından sonra aprelin 17-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara giriş hissələrdə qanunsuz parklanmaların qarşısının alınması üçün tədbirlər görüləcək. Sənəddə deyilir ki, Bakı şəhərinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir. Sərəncamda göstərilir ki, Bakının küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar (sərnişin daşıyan nəqliyyat vasitələrinin təyin olunmuş duracaqları istisna olmaqla) ləğv edilsin.

Sərəncamda o da qeyd edilir ki, qanunsuz parklanma edən şəxslərə qarşı inzibati cərimə sanksiyaları və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər həyata keçirilsin. Sərəncamla Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırır ki, Daxili İşlər Nazirliyinin Dövlət yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə birlikdə Bakı ərazisində duracaqların təşkili üçün yol hərəkətinin təhlükəsizliyi, ictimai təhlükəsizlik tədbirlərinə cavab verən və avtomobillərin daha çox toplandığı əraziləri müəyyən etsin. Müəyyən edilmiş ərazilərdə avtonəqliyyatın hərəkətini məhdudlaşdırmadan yol kənarında nəqliyyat vasitələrinin saxlanılması, tıxacların qarşısının alınması üçün müvəqqəti "Duracaq"lar yaradılmasını təşkil etsin.

Qeyd edək ki, bundan sonra NİİM Bakıda qanunsuz parklanma faktlarının ən çox qeydə alındığı küçə və prospektlərin adları və statistikasını açıqlayıb. Bildirilir ki, 2014-cü ilin ilk 3 ayı ərzində NİİM tərəfindən qeydə alınan qanunsuz parklanma faktlarına daha çox paytaxtın Azadlıq və Bülbül prospektləri, eləcə də 28 May, Üzeyir Hacıbəyov və Rəşid Behbudov küçələrində rast gəlinib. Ümumilikdə bu ilin I rübü ərzində adıçəkilən yollarda 3674 qanunsuz parklanma faktı qeydə alınıb. NİİM həmçinin parklanma mümkün olan yerlərin siyahısını da açıqlayıb. Belə ki, Bakıda avtomobillərin küçələrdə parklanması üçün təklif edilən 288 müvəqqəti duracaqda eyni anda 6422 avtomobil saxlamaq mümkün olacaq. Bir avtomobil üçün eni 2.75 m, uzunluğu 6.10 m olan standart yer nəzərdə tutulur.

Göründüyü kimi, ölkə başçısının iradları nəticə verib, aidiyyəti qurumlar problemi aradan qaldırmağa çalışırlar. Bəs bu çabalardan hansı nəticə gözlənilir? Əsas problem nədədir? Bir çox hallarda mövcud dayanacaqlarda parklanma qiymətinin bahalığından şikayətlər səslənir. Bu şikayətlər nə qədər haqlıdır? Etiraf etmək lazımdır ki, şəhərin mərkəzi küçələrindən avtomobillərin "qeyb olunması" bu zonada tıxac problemini müəyyən qədər yumşalda bilib. Bununla belə, burada digər reallıq da var: iş yerləri şəhərin mərkəzi küçələrində və ya mərkəzə yaxın ərazidə olanlar işə gələn zaman bütün hallarda avtomobilləri park etməlidirlər. Təbii ki, sual yaranır: harada park etməli?

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, məsələ yalnız yol nəqliyyatı və ya tıxacla bağlı deyil, problemin iqtisadi tərəfləri var: "Problem ondadır ki, şəhərin mərkəzindəki yeraltı avtomobil park yerlərindəki qiymətlər heç əhalinin ödəmə qabiliyyətinə uyğun deyil. Əslində, avtomobil park yerlərinin inşasında məqsəd heç də gəlir əldə etmək deyil, Bakıdakı tıxac problemini aradan qaldırmağa töhfə vermək idi. Məhz bu səbəbdən də bu yerlərin inşası əsasən dövlət büdcəsi hesabına maliyyələşdirildi. Deməli, sözügedən xidmət kommersiya xarakterli olmamalıdır. Amma yüksək qiymətlər başqa reallığı gündəmə gətirdi: məşğul əhali sözügedən park yerlərindən istifadə edə bilirmi? İş yeri şəhərin mərkəzində olan və avtomobildən istifadə edənlər üçün artıq bu park yerləri avtomobillərini saxlamaq üçün demək olar, yeganə seçimdir. İdeal halda əgər şəhərin mərkəzində işləyən şəxs həftədə 5 və aya 20 gün işləyirsə və gündəlik iş vaxtı 8 saatdırsa, o, avtomobili park etmək üçün hər gün 6 manat ödəməklə ayda 120 manat xərcləyəcək. Həmin şəxs şənbə günləri də işləyirsə onun avtomobil park xərci 144 manatadək yüksələcək". Məhz bu müqayisə göstərir ki, şəhərdə avtomobil park xərcləri xeyli yüksəkdir. Bu da təbii ki, həmin yerlərinin inşasının əsas məqsədə, tıxacın aradan qaldırılmasına tam xidmət etmədiyini deməyə əsas verir. Aydındır ki, biz Bakıdakı avtomobil park qiymətlərini Nyu York, London kimi iri şəhərlərdəki tariflərlə müqayisə etməməliyik. Məsələ heç də həmin ölkələrdə orta aylıq əmək haqqının yüksək olmasında deyil, eyni zamanda həmin şəhərlərdə ictimai nəqliyyatın daha modern qurulması ilə bağlıdır. Bu, özünü eyni zamanda metroda gediş qrafiklərinin olması və ona əməl edilməsindən başlayaraq digər ictimai nəqliyyat növlərinin sivil və intizamlı şəkildə işləməsində göstərir.

Ekspert bildirir ki, Bakıda avtomobil park qiymətlərinə yenidən baxılması və dəyişdirilməsinə ehtiyac var: "Əvvəla, şəhərin mərkəzində avtomobil park yerlərində hər saat üçün 30 qəpik müəyyənləşdirilməsi daha məqsədəuyğundur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) müqayisəli və əhalinin ödəmə qabiliyyəti nəzərə alınmaqla ekonometrik hesablamaları göstərir ki, məhz bu qiymət əhalinin gəlirlilik səviyyəsinə uyğundur. İkincisi, iş yerləri şəhərin mərkəzində olan və iş günlərində daimi olaraq avtomobil park yerlərindən istifadə edənlər üçün xüsusi güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Üçüncüsü, ödənişsiz zamanın 15 dəqiqədən 30 dəqiqəyədək artırılmasına ehtiyac var. Çünki hal-hazırdakı ödənişsiz müddətdən istifadə imkanları, demək olar, yoxdur. Nəhayət, avtomobil park yerlərindən istifadə üçün aylıq və ya həftəlik kartların buraxılmasına ehtiyac var. Bu, vətəndaşların daha güzəştli şərtlərlə bu xidmətdən faydalanmasına imkan verəcək".

/Kaspi.az/