İnternet insanların həyatının ayrılmaz hissəsinə çevrilib

Day.Az представляет новость на азербайджанском языке.

Artıq alış-verişi də internet vasitəsilə edənlərin sayı çoxalır. İnternetdə özünü yormadan istənilən məhsulu tapmaq və sifariş etmək olar. Nəsə almaq üçün evdən çıxmaq, kompüterdən uzaqlaşmaq da lazım deyil.

Onlayn alış-veriş istifadəçisi 23 yaşlı Vəfa Cəfərova bildirir ki, onlayn alış-verişdən ən əsası rahatlığına görə istifadə edir: "Səhərdən axşama kimi işlədiyim üçün mağazaya və ya ticarət mərkəzlərinə getməyə vaxtım olmur. İnternetdən istədiyim malı axtarışla verib tapıram. Ondan sonra istədiyim bir malı sifariş edirəm. Seçdiyim malı istədiyim yerə gətirib verirlər. Ən əsası da odur ki, internet mağazalardakı mallar xaricdən gətirilən və orijinal mallar olur. Misal üçün, xaricdən gətirilən kosmetik vasitələr var ki, mən onları burda mağazalarda tapa bilmirəm".

Cəfərova bildirib ki, bütün alış-veriş saytlarında qeydiyyatdan keçib: "Onlayn ticarətlə məşğul olan hər kəs məni tanıyır. Yeni bir mal olanda özləri mənə bu haqda məlumat verirlər. Mənə də bu cür alış-veriş etmək rahat olur. Hansısa malı tapa bilməyəndə də internet mağazalardakı tanışlara yazıram. Onlar da mənə axtardığım malı 2-3 günə tapıb çatdırırlar".

Qiymətlərə gəlincə, müsahibimizin sözlərinə görə, qiymətləri mağazalara nisbətən çox münasibdir: "Misal üçün, Türkiyədən gətirilən donları internet mağazada 15 manata almaq olar. Öz ölçümü bilirəm. Artıq şəklə baxanda geyimin mənə yaraşıb-yaraşmadığını bilirəm".

Qeyd edək ki, internet alış-veriş zamanı malı canlı olaraq əvvəlcədən görmək, geyinib-yoxlamaq mümkün olmadığı üçün bir sıra çətinliklər olur. Lakin V.Cəfərova deyir ki, əgər kimdənsə bir neçə dəfə mal almısansa, o, səni tanıyırsa, malda nəsə xoşuna gəlmirsə və ya ölüçüsü sənə uyğun deyilsə, onu dəyişdirirlər. Tanımadığın adam olanda isə malı qaytarmaq problem olur. Bu zaman özün malı internet satış saytlarında yerləşdirir və satırsan. "Ümumiyyətlə, malı sifariş edəndən əvvəl danışıq olur ki, mal xoşuna gəlməsə almayacağam".

Onun dediyinə görə, əsasən üz üçün maskalar, ətirlər, şampunlar, piyləri əridən kremlər alır: "14 manata ətir alıram, onu mağazada mənə 60-70 manata satırlar".

Həmsöhbətimiz bildirib ki, onlayn alış-veriş saytlarını "facebook"da axtarıb tapır: "Əvvəllər internet alış-veriş saytları bu qədər çox deyildi. Mən bir ildir ki, internetlə alış-veriş edir və mağazalardan heç nə almıram. Mağazaya girəndə də istədiyimi tapa bilmirəm, həm də malların qiyməti baha olur. Düşünürəm ki, belə getsə, internet mağazalar adi mağazaları əvəz edəcək".

İnternet mağazasının "onlayn operatoru" (işçisi) Samirə Babayevanın sözlərinə görə, internet alış-veriş saytları bu gün çoxdur və seçimində yanılmamaq üçün bir sıra amillərə fikir vermək lazımdır: "Keyfiyyətli mal satılan alış-veriş saytlarının reytinqi yüksək, ziyarətçilərinin sayı daha çox olur. Saytda əlaqə nömrələri və ünvan göstərilməyibsə, bu saytdakı satılan mallardan şübhələnmək lazımdır. Ödənişin edilməsi və çatdırılma növləri haqqında tam informasiya verilməlidir. Normal satış saytının "e-mail" ünvanı, skayp və ya onlayn operatoru, məsləhətçisi olmalıdır. Yaxşı olar ki, zəmanəti olan malların satıldığı saytlara üstünlük verəsiniz. Eləcə də işini yaxşı görən internet mağazalarda malların çeşidləri də çox olur".

İnternet ticarəti ilə məşğul olan Fuad Hüseynovun sözlərinə görə, internet alış-verişi hamı üçün münasib və rahatdır: "Növbədə dayanmaq, alış-veriş üçün harasa getmək, malı axtararkən mağazaları bir-bir gəzmək lazım deyil. İnternet alış-veriş zamanı evdən və ya iş yerindən çıxmağa da ehtiyac yoxdur. Hər şeyi oturduğun yerdə sakit, heç kimin müdaxiləsi olmadan seçib sifariş edə bilərsən. Onlayn alış-veriş zamanı alıcının anonimliyi də qalır. Evə çatdırılma sifariş etmək də olur. Alıcını heç kim görmür və alıcı sıxılmadan ona lazım olan malı ala bilir. Bu cür mağazalar hər gün işləyir. İnternetdə həm də istədiyin malı tapa bilərsən. Ümumiyyətlə, internet mağazalarında hər nə istəsən olur".

Hüseynov bildirib ki, internet alış-veriş zamanı sərbəst olursan və satıcının təzyiqi altına düşmürsən: "İnternet mağazalar yerə görə arenda pulu ödəmədiyi və işçiləri də az olduğu üçün malların qiymətləri ucuzdur. Adi mağazada mal haqqında informasiya ya az verirlər, ya da ümumiyyətlə, heç bir informasiya olmur. İnternet mağazalarda isə mal haqqında ətraflı məlumat verilir. Həm də alıcılar mala dair öz şərhlərini də bildirirlər. Şərhlərə və yazışmalara baxaraq malın nə dərəcədə sənə lazım olduğunu anlayırsan. Amma internet alış-verişin mənfi tərəfləri də var. Belə ki, internet alış-verişi zamanı mala əl vurmaq, canlı baxmaq, iyləmək və ya geyinmək olmur".

/Ekspress.az/