23 Aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və 26 Aprel – “Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibəti ilə Müəllif Hüquqları Agentliyi tərəfindən hazırlanmış Press-relizdən ÇIXARIŞLAR - FOTO

23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü". "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilmişdir.
 

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün elan edilməsi barədə qərarda mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olması vurğulanır, müəlliflərin cəmiyyətdəki xüsusi rolu qeyd olunur və bununla müəlliflik hüququ institutunun dəstəklənməsi göstərilir.
 

Azərbaycan Respublikasında 23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-cı ildən qeyd olunur.

***

26 Aprel - "Beynəlxalq Əqli Mülkiyyət Günü". Hər ilin 26 aprel tarixinin dünyada "Beynəlxalq Əqli Mülkiyyət Günü" kimi qeyd olunması barədə qərar Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2000-ci ildə qəbul edilmişdir. 26 aprel tarixinin seçilməsi təsadüfi deyil. Həmin tarixdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis edilməsi haqqında 1970-ci il Konvensiyası qüvvəyə minmişdir.
 

Bu günü elan etməklə, ÜƏMT milli hökumətləri bütün dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, yaradıcılığın və yenilikçiliyin həvəsləndirilməsinə, əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına xüsusi diqqət yetirməyə çağırır. Beynəlxalq Əqli Mülkiyyət Günü 2014-cü ildə "Dünya kinematoqrafının kultu" devizi altında keçirilir.
 

Azərbaycan Respublikasında 26 Aprel - "Beynəlxalq Əqli Mülkiyyət Günü" 2001-ci ildən qeyd olunur.

***

23 aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" və 26 aprel - "Beynəlxalq Əqli Mülkiyyət Günü"nün ölkəmizdə təntənəli şəkildə qeyd olunması artıq ənənəyə çevrilmişdir və bu münasibətlə hər il Müəllif Hüquqları Agentliyinin təşəbbüsü ilə silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.
 

Cari ildə bu əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması məqsədi ilə bir sıra tədbirlərin təşkil olunması, o cümlədən aprelin 23 və 26-da iki konfransın keçirilməsi nəzərdə tutulur. Bu çərçivədə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nə həsr olunmuş "Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda birinci konfrans aprelin 23-də keçirilir.
 

Aprelin 26-da - "Beynəlxalq Əqli Mülkiyyət Günü"ndə keçirilməsi planlaşdırılan "Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu" mövzusunda konfrans isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində təşkil ounur. Tədbir Müəllif Hüquqları AgentliyiStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.

***

YUNESKO-nun Baş direktoru İrina Bokova "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" ilə əlaqədar 2014-cü ildəki müraciətində kitabın əhəmiyyətindən söz açaraq qeyd etmişdir ki, "Çap edilmiş sözün tarixi - insanlığın tarixidir. Şəxsiyyətin özünü təsdiqində və sosial islahatların həyata keçirilməsində kitabın təsir imkanlarının analoqu yoxdur. Şəxsi təəssuratları əks etdirərək və eyni zamanda dərin sosial təzahür forması olaraq, kitablar insanlar arasında, cəmiyyətlər daxilində, dövrlərin dialoqunun formalarının müxtəlifliyini təmin edir".
 

Hər şeyin başlanğıcı insanın tükənməz təbii resurslarından irəli gələn yaradıcılığıdır, əqli fəaliyyətidir. Bu fəaliyyətin nəticələri obyektivləşərək, maddi daşıyıcıda əksini taparaq, yazıya, kitaba çevrilir. "Kitab", "Müəllif" və "Müəlliflik hüququ" anlayışları yaranan andan bir-biri ilə qırılmaz təmasda olub. "Yaradıcıdan, müəllifdən - əlyazmaya, kitaba", "əlyazmadan, kitabdan - müəlliflik hüququna" - bu üzvi əlaqələr bir tərəfdən tarixi ardıcıllığı, digər tərəfdən isə müəlliflik hüququnun yaradıcılıqdakı əhəmiyyətini göstərir. Bugünkü rəqəmli dünyanın köklü dəyişikliklərinə baxmayaraq, kitab öz əhəmiyyətini qoruyub saxlamışdır. Dahi Nizaminin "tükənməz mənəvi qida", Şekspirin "tacdan qiymətli", böyük Sabirin "ilk dostum", maarifçi-alim Zərdabinin "qiymətli dəfinə" adlandırdıqları kitab bilik mənbəyi olaraq qalmaqdadır. Dünya mədəniyyətinin inciləri sırasında Azərbaycanın "Kitabi-Dədə Qorqud"unu xüsusi qeyd etmək lazımdır.

***

Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış milli müəllif-hüquq sisteminin və Müəllif Hüquqları Agentliyinin müstəqillik dövründəki fəaliyyətinin 2013-cü ildə 20 ili tamam olmuşdur. Bu illər ərzində respublikamızda əqli mülkiyyət, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində qanunvericilik, idarəçilik və məhkəmə sistemləri yaradılmış, müasir tələblər nəzərə alınmaqla təkmilləşdirilmiş və beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
 

Son illər müəllif-hüquq sahəsi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmiş, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanunun tətbiqi ilə əlaqədar Agentliyin təklifləri əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət və Cinayət Prosessual Məcəllələrinə, "Nəşriyyat işi haqqında" Qanuna və Agentliyin Əsasnaməsinə müvafiq dəyişikliklər edilmiş, müəllif-hüquq pozuntularına dair sanksiyalar sərtləşdirilmiş, həmin Qanunun icrasını təmin etmək məqsədi ilə 2013-cü ildə Nazirlər Kabineti tərəfindən 3 yeni qərar qəbul olunmuş, daha 2 hökumət qərarının qəbul ediləcəyi gözlənilir.
 

Dövlət başçısının göstərdiyi qayğı və dəstək sayəsində "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul olunmuş, Konsepsiyaya müəllif-hüquq məsələləri və qeyri-maddi mədəni irsin qorunması üzrə 8 tədbir daxil edilmişdir. Konsepsiyada duran vəzifələri icra edərək, Müəllif Hüquqları Agentliyi tərəfindən müəyyən işlər görülüb, sənədlər hazırlanaraq müvafiq qaydada təqdim olunub, o cümlədən:

- "Rəqəmli şəbəkədə yayım təşkilatlarının hüquqlarının qorunması haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi;

- "Müəlliflik hüququ, əlaqəli hüquqlar və digər oxşar əqli mülkiyyət hüquqları obyektlərinin elektron ticarətinin tənzimlənməsi qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi;

- "Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ sənayenin) iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi.

Adı çəkilən normativ-hüquqi sənədlərin əsas məqsədi yeni reallıqlarla uzlaşmaq və rəqəmli mühitdə hüquqların idarə edilməsini təşkil etməkdən ibarətdir.

Bununla yanaşı, hüquqların təminatına aid görülən işlər çərçivəsində aşağıdakı sənədlər hazırlanmışdır:

- "Müəlliflik hüququ və əlaqəli hüquqların pozulması ilə əlaqədar iddianın məbləğinin müəyyən edilməsi qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi;

- "Əlaqəli hüquqların obyektlərindən istifadəyə görə minimum tariflər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi;

- "Əsərlərin dövlət varidatı elan edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi.

Görülən ən mühüm tədbirlər çərçivəsində qeyri-maddi mədəni-irsin qorunması, rəqəmləşdirilməsi və kənardan mənimsənilmələrə qarşı çıxan mexanizmlərin yaradılmasıdır. Bununla əlaqədar, "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması, qeydiyyatı və dövlət Reyestrinin aparılması Qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi hazırlanmışdır.
 

Bununla yanaşı, böyük əhəmiyyət kəsb edən əqli mülkiyyət sahəsinin 2014-2020-ci illərdə inkişafına dair Milli Strategiyanın müəlliflik hüququ və oxşar hüquqlara aid hissəsi hazırlanaraq, ictimai müzakirə üçün Agentliyin rəsmi saytında yerləşdirilib.
 

Beləliklə, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrası ilə bağlı qeyd etdiyimiz 3 prioritet istiqamət, yəni rəqəmli mühitdə hüquqların idarə edilməsi, bu hüquqların təminatı və qeyri-maddi mədəni irsimizə daxil olan incilərimizin hüquqi qorunması üzrə cari və növbəti illərdə qarşımızda daha mühüm vəzifələr durur, müvafiq sənədlər hazırlanmaqdadır və bunların əksəriyyəti "rəqəmli hüquqlar"la bağlıdır.
 

Bunlar ilk növbədə, "Əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birliklər haqqında" Qanun layihəsi, "Müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət hüquqlarına dair" (2013-2015-ci illər) və "ÜDM-da müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin rolunun artırılmasına dair" (2014-2017-ci illər) Dövlət Proqramlarının layihələridir.
 

Bunlarla yanaşı, "Müəllif-hüquq lisenziyaları ilə təmin olunan açıq təhsil resurslarının yaradılmasına dair" Konsepsiya və "Rəqəmli hüquqların idarə edilməsi üzrə "on-line" lisenziyalaşmaya və "one-stop-shops" formatında xidmətlərin göstərilməsinə dair" tədbirlər də çox vacib, müasir təhsil və informasiya texnologiyaları ilə bağlı vəzifələr çərçivəsində icra edilir.
 

Müəllif Hüquqları Agentliyinin müstəqillik dövründəki fəaliyyətinin 20 illiyi münasibətilə və müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətlərinə görə 2013-cü ildə Agentliyin 4 əməkdaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmişdir.

***

Ölkənin Ümumi Daxili Məhsulunda (ÜDM) müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin (kreativ sənayenin) xüsusi çəkisi 2003-cü ildə olan 2,1%-dən artaraq, 2013-cü ilin əvvəlinə olan vəziyyətə görə 4,6% olmuşdur.
 

Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üçün Hesabatına əsasən, bilavasitə əqli mülkiyyət institutlarının səviyyəsinə görə Azərbaycan dünya ölkələri arasında 69-cu yeri tutaraq MDB məkanında şəksiz liderdir: ölkəmiz Qazaxıstanı 4 pillə, Rusiyanı 44 pillə və Ukraynanı 64 pillə üstələyir.
 

Azərbaycan bu göstərici üzrə Şərqi Avropanın əksər dövlətlərindən, o cümlədən Polşa (72 yer), Çernoqoriya (76), Xorvatiya (81), Bolqarıstan (104), Rumıniya (110), Albaniya (114), Serbiya (115), Bosniya və Hersoqovinadan (135) irəlidədir. 3,7-ə bərabər olan bu göstəriciyə əsasən Azərbaycan inkişaf etmiş ölkələrdən İtaliya və Yunanıstandan geri qalmır və güclü inkişafda olan Hindistanı və Braziliyanı üstələyir.
 

Digər komponentlərlə yanaşı, əqli mülkiyyətin qorunmasını dolayısı yolla əks etdirən innovasiyalar göstəricisinə görə də Azərbaycan 51-ci yeri tutaraq MDB dövlətləri arasında birinci yeri tutur.
 

***
 

Ölkəmiz piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində 2013-cü ildə ölkəmizdə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 31%, audio-video məhsulları bazarında 23%, proqram təminatında 9% aşağı düşmüşdür.
 

***
 

1996-cı ildən cari ilədək Agentlikdə 9 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilmişdir. Keçən il və bu ilin 3 ayı ərzində 890 əsər (o cümlədən elektron qaydada) qeydiyyatdan keçirilmişdir.
 

***
 

Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasının vacibliyini nəzərə alaraq, ötən il 10 konfrans, seminar və dəyirmi masa keçirilmiş, kütləvi informasiya vasitələrində 80-dən çox məqalə və müsahibə dərc olunmuş, TV və radio kanallarında çoxsaylı verilişlər hazırlanmış və süjetlər göstərilmiş, 10-dan çox prezentasiya olmuşdur.
 

Əqli mülkiyyət sahəsində maarifləndirmə işini gücləndirmək məqsədi ilə ötən il "Əqli mülkiyyət çıxış və prezentasiyalarda" 2 cildlik toplu, "Əqli mülkiyyət hüquqları (məqalələr toplusu), "Azərbaycanın milli müəllif-hüquq sistemi 20 ildə" kitabları buraxılmış, "Əqli mülkiyyət hüquqları (1-ci cild)" kitabı çapa hazırlanmış, müəllif-hüquq sahəsi üzrə 7 beynəlxalq konvensiya, müqavilə və saziş, Azərbaycan Respublikasının 5 Qanunu və Agentliyin Əsasnaməsi Azərbaycan, rus və ingilis dillərində, Azərbaycan Respublikasının Hökumətlərarası sazişləri isə Azərbaycan və rus dillərində çap edilmiş, keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi paylanmışdır. 

***

Agentlikdə müəllif-hüquq obyektlərinin nüsxələrinə yapışdırılan nəzarət markalarının fərdiləşdirilməsi üzrə elektron sistem yaradılmış, nəzarət markası yapışdırılan nüsxələrin Smart tipli mobil telefon vasitəsi ilə orijinallığını müəyyən edən "Track & Trace" sistemi quraşdırılmışdır.
 

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində monitorinq, lisenziyalaşdırma və rəqəmli hüquqların idarəçiliyi sisteminin yaradılması üzrə işlər tamamlanma mərhələsinə çatdırılmış, interaktiv Tədris Mərkəzi fəaliyyətə başlamışdır.

***

Xalqımızın ənənəvi mədəni nümunələrinin (folklor nümunələrinin) və ənənəvi biliklərinin sistemli şəkildə öyrənilərək hüquqi qorunması, erməni plagiatçılığının ifşa edilməsi istiqamətlərində Agentlik tərəfindən bir sıra tədbirlər təşkil edilir. Erməni saxtakarlıqlarını ifşa edən "Erməni yadelli nağılları" (müəllif Kamran İmanov) kitabı 2013-cü ildə Azərbaycan dilində nəşr edilmiş, rus və ingilis dillərində yenidən çap olunmuş və Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə yayılmış, elektron versiyası müxtəlif informasiya agentliklərinin saytlarında yerləşdirilmişdir. İnformasiya agentlikləri, yayım kanalları və digər KİV-lər vasitəsi ilə çoxsaylı materiallar yayılmış, erməni uydurmalarının ifşasına həsr edilmiş "Erməni tarixi uydurmalarının tarixinə giriş" adlı daha bir kitab (müəllif Kamran İmanov) çapa hazırlanmışdır.
 

"Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq, qeyri-maddi mədəni irsin qanunsuz mənimsənilməsi hallarının qarşısının alınması, həmçinin Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, hüquqi qorunması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsinin təmin edilməsi üzrə Agentlik tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsinə başlanmışdır.

***

Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə Agentliyin www.copag.gov.az saytı yeni tələblərə uyğun təkmilləşdirilmiş, elektron xidmətlər göstərilməsi üçün Elektron xidmət bölməsi və bu bölmədə istifadəçilər üçün məlumat bazaları olan idarəetmə paneli yaradılmış, fiziki və hüquqi şəxslərin on-line müraciəti və müraciətlərin elektron poçt vasitəsi ilə cavablandırılması, sənədlərin daxili elektron dövriyyəsi, əsərlərin qeydiyyatına görə on-line ödəniş sistemi təmin edilmiş, Agentlik Elektron Hökumətin Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulmuşdur.

***

Azərbaycan Respublikasının əqli mülkiyyət sahəsində beynəlxalq öhdəliklərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində geniş beynəlxalq əməkdaşlıq aparılmış, ölkəmiz ÜƏMT-nin rəhbər orqanlarında təmsil olunmuş, ÜƏMT və Aİ ilə əməkdaşlıq çərçivəsində 15-ə yaxın beynəlxalq tədbir təşkil edilmiş, Agentliyin nümayəndələri bilavasitə ÜƏMT-nin Baş Assambleyası, Hökumətlərarası və Daimi Komitələri çərçivəsində keçirilən tədbirlərin fəal iştirakçısı olmuşlar.
 

2013-cü ildə İsveçrənin Cenevrə şəhərində keçirilmiş ÜƏMT üzv-dövlətlərinin Baş Assambleyasının 51-ci toplantısında ÜƏMT-nin rəhbər orqanlarına iki ildən bir keçirilən seçkilərdə Azərbaycan Respublikası ÜƏMT-nin fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik olan Koordinasiya Komitəsinin üzvü olmuşdur. Baş Assambleyada ölkəmiz həmçinin ÜƏMT-nin Proqram və Büdcə Komitəsinin də üzvü seçilmişdir.
 

Baş Assambleyanın qeyd olunan seçkilərində Azərbaycanın nümayəndəsi iki il müddətinə ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsinin Assambleyasının sədri seçilmişdir.

Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Fəaliyyət Planının "Əqli və sənaye mülkiyyəti hüquqları" bölməsi üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində 2013-cü ildə Aİ və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə Tvinninq Proqramı üzrə "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə" haqqında Qanunun icrasında hüquq-mühafizə orqanlarının rolu" mövzusunda beynəlxalq konfrans keçirilmiş, Aİ-nın müxtəlif ölkələrindən 15 nəfər yüksək ixtisaslı mütəxəssis ölkəmizdə olmuş, təcrübə mübadiləsi aparılmışdır.

Böyütmək üçün şəkillərə klikləyin.