Mingəçevirdə FHN təlimlər keçirib

Day.Az представляет новость на азербайджанском языке.

Fövqəladə hadisə baş verdikdə nə etməli? Bununla bağlı görülməli olan işlər bu gün Mingəçevir şəhərində təşkil edilən təlimdə praktiki olaraq həyata keçirilib.

Milli.Az El Tv-yə istinadən xəbər verir ki, şəhərin mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsini, insanların təhlükəsiz ərazilərə təxliyəsini həyata keçiriblər. Həmçinin kimyəvi zəhərlənmə baş verən ərazinin lokallaşdırılması, partlayış baş verən obyektdə kimyəvi kəşfiyyatın təşkili də yerinə yetirilib.

Güclü yanğının qarşısı alınıb, çox sayda insan alovun içindən çıxarılıb. Bir saata yaxın keçirilən təlimlərdə əsas məqsəd fövqəladə hadisələr zamanı hazırlığın yoxlanılması olub. Təlim fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkil olunması, baş verən hadisə zamanı xilasetmə, eyni zamanda digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasına yönəldilib.

Təlimlər Mingəçevir regional fövqəladə hallar və mülki müdafiə şöbəsi və şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilib. Kompleks təlimdə şəhərin hərbiləşdirilmiş dəstələrinin 231 nəfər şəxsi heyəti və 33 texnikası iştirak edib.