Daşınmaz əmlak mütəxəssisindən qorxulu xəbərdarlıq

Day.Az представляет новость на азербайджанском языке.

"Bakıda binalar 2000-ci ildə 6,2 bal zəlzələyə davam gətirdi, indi belə zəlzələ olsa, yeni binaların çoxu tab gətirməz"; meriyanın Bakıda 12 mərtəbədən yuxarı binaların tikintisinə qoyduğu qadağa korrupsiya mənbəyinə çevrilib

Əhalinin mərkəzdən köçürülməsi fonunda Bakının ətrafında kütləvi tikinti işləri gedir. Bu, əmlak hüququnun pozulması ilə yanaşı, işin keyfiyyətinə də pis təsir edir. Səbəb budur ki, yüksək ranqlı məmurların himayəsindəki şirkətlər yoxlamalara məruz qalmır. Prokurorluq isə yalnız iş icraçısı və icraçı direktorların oğurluğuna reaksiya verir.

Rieltor Bahadur Əliyev "Turan" agentliyinə bildirib ki, 80-ci illərdən hökumət tikinti işlərinin keyfiyyətinə fikir vermir. Çox az tikinti sahibi peşəkarlara müraciət edir, ona görə Avropa standartlarından danışmağa dəyməz. Bakı seysmik aktiv zonadadır, sürüşmə təhlükəsi çoxdur. Ona görə hətta Yasamalda 9 mərtəbədən artıq ev tikmək olmaz.

Bakı Şəhər İcra Hakimiyyəti 12 mərtəbədən yüksək evlər tikməmək barədə qərar verib. Amma yeni binaların çoxu 17-22 mərtəbədir. Səbəb torpağın bahalığı (sotu 50 min manatdan başlayır), icazə almağın çətinliyidir. Yəni mənfəət üçün qaydalar pozulur, icra orqanları bu cinayətə göz yumur.

Rieltor deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti evlərin fasadının rəng qamması barədə qərar qəbul edir. Buna baxmayaraq mərkəzdə bu qərar əsas götürülmür - mərkəzi ərazilərdə yalnız rəhbərliyin rəyi nəzərə alınır. SSRİ dövründə Arxitektura və Tikinti Şurasının qərarı olmadan bina tikmək olmazdı. Ona görə Bakıda binalar 2000-ci ildə 6,2 bal zəlzələyə davam gətirdi. İndi belə zəlzələ olsa, yeni binaların çoxu tab gətirməz.

Onun sözlərinə görə, hazırda Bakı Şəhər İcra Hakimiyyəti tikintiyə icazə verir, Fövqəladə Hallar Nazirliyinin qəbul komissiyası iş bitəndən sonra nöqsanlar aşkarlayır. Nəticədə binalar təmirsiz təhvil verilir, bu isə normativlərə ziddir. Proses mərkəzləşdirilmiş olmalı, obyektin kommunikasiyaları, yanğın və sanitar təhlükəsizliyi yoxlanmalıdır.

Azad İstehlakçlar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Cinayət Məcəlləsində icbari əməyə görə cəza var, amma tikintilərdə qanunsuz miqrantlar işlədilsə də, heç kəs məsuliyyətə cəlb edilməyib. Həmçinin qanunun 162-ci (əmək mühafizəsi qaydalarının pozulması), 200-cü (istehlakçıları aldatma, keyfiyyətsiz mal satma), 222-ci (tikinti işlərinə təhlükəsizlik qaydalarının pozulması) maddələri pozulur.

Ekspertin fikrincə, Fövqəladə Hallar Nazirliyinin saytında təhvil verilən obyektlər və ya onların istismara verilməməsinin səbəbi barədə informasiya verilməlidir. Sayğacların quraşdırılmasına görə pul alınmamalıdır. Bundan başqa, yeni binaların sahibləri öz adamlarını komendant təyin edir, onlar sakinlərdən işləməyən liftlər, zibil, olmayan qaza görə pul yığır. Konstitusiyada istehlakçıların hüququnun qorunması nəzərdə tutulur, amma proteksionizm hökm sürür - yüksək rütbəli məmurların hamısı səhm nəzarət paketinə malikdir.

"Yeni Müsavat" xatırladır ki, 2008-ci ildə Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 14 saylı ünvanda 16-mərtəbəli binanın uçması mənzil tikintisinə nəzarət etməli olan dövlət qurumlarının fəaliyyətsizliyini üzə çıxartdı. Binanın uçmasına səbəb tikinti normalarına və təhlükəsizlik qaydalarına əməl edilməməsi idi. Bundan başqa, tikintidə əmək qanunvericiliyinə məhəl qoyulmamışdı - uçqunda dünyasını dəyişən 28 nəfərin heç biri ilə əmək müqaviləsi bağlanmamışdı. Qurbanlara təzminat dövlət büdcəsi hesabına ödənildi.

O vaxt Bakı Şəhər İcra Hakimiyyəti tikintidə riskləri azaltmaq üçün Bakıda 12 mərtəbədən yuxarı binaların tikintisini rəsmən qadağan etdi. Ancaq bu qadağa qısa müddətə qüvvədə oldu. Sonradan bu qadağa da korrupsiya mənbəyinə çevrildi - meriya ilə qeyri-rəsmi anlaşma yolu ilə yenidən 18-20 mərtəbəli binaların tikintisi davam etdirildi. Tikinti qaydaları və tikintiyə nəzarət mexanizmi sahəsinə hamının tabe olacağı və əməl edəcəyi standartların hazırlanmasına ehtiyac var. İndiki standartlar isə korrupsiya qaynaqlarından başqa bir şey deyil.