Zəlil bacıların tükürpədən harayı: "İldə 1-2 dəfə çimirik..." - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Balaca ikiotaqlı daxmanın qapısını hamı aça bilir, ev sahiblərindən başqa.

O da o vaxt ki, yada salıb onlara baş çəkməyə gəlsinlər. Ağ taxta qapının arxasındakı evdə biri təkərli əlil arabasında gəzişən, digəri arabası olmadığından qucaqdan qucağa daşınan, biri də sürünərək digər otağa keçə bilən 3 əlil bacı yaşayır. Daşkəsəndəki bu evin hər 3 sakini 1-ci qrup əlildir.

"Bir də əlil və vərəmli qardaşımız var"

Bacıların ən kiçiyi - Səmayə Heydərova biganəlikdən gileylidir: "53 yaşım var. Kömək etmirlər. Əlilliyə görə müavinət alıram. Üç bacıdan başqa, bir də II qrup əlil qardaşımız var. Bizə əmiqızı baxır. Yeriyə bilmirəm, sürünərək gedib-gəlirəm. Anamız rəhmətə gedəndən sonra əmiqızının himayəsində qalmışıq".

Daşkəsəndə bu ailəni çox adam tanıyır. Bacılar anadangəlmə əlil deyillər. 4-cü sinfədək parta arxasında təhsil alıblar. Elə təxminən 1-2 il fasilələrlə, 7-10 yaşlarında sümük boşluğu və əriməsi diaqnozu ilə yerimə qabiliyyətlərini itiriblər. Lap uşaq yaşlarından atasız qalan qızlara son 2 ilədək anaları baxıb. Anaları da dünyasını dəyişdiyindən, indi əmisi qızlarının ümidinə qalıblar.

İldə bir, uzağı iki dəfə çimirlər...

Danışırlar ki, kiçik sıx daşdan döşənmiş pilləkənlərlə qucaqlarında düşürüb həyətdəki vanna otağına aparmaq çox çətin olduğundan, qohum-tanışın köməyi ilə çimirlər. Amma ildə cəmi 1-2 dəfə. Bir diləkləri var: Kimsə onlara evlərinin içində bir hamam tiksin. Bundan ötrü rəsmi qurumlara da üz tutublar. Di gəl, əhəmiyyət verən olmayıb: "Əmiqızı yeməyimizi bişirir. Mən yeriyə bilmirəm, həm də şəkərəm... İstəyirik ki, hamamımız olsun. Canımıza su dəymir. 10 aydan bir çimirik. Nə qədər də müraciət edirik, baxan yoxdur. Hər yerə demişik ki, hamam olsun, bizi çimdirmək asanlaşsın".

"Əlillərin yaşadığı ev də təmir ediləcək"

Vanna otağının olmaması bir yana, dolunun-küləyin təsirindən evlərinin həyət-bacası, dam örtüyü də yararsız hala düşüb. Amma bu ailəyə yardım edib, daşı daş üstə qoyan tapılmayıb.

Əlil bacıların 2-ci qrup əlil olan, ağır dərəcəli vərəmdən əziyyət çəkən 45 yaşlı qardaşları da var.

Daşkəsən rayon Sosial Müdafiə Fondunun verdiyi məlumata görə, ailə üzvlərinə müvafiq müavinət təyin edilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev deyir ki, ailə daim diqqətdədir və nəzarət edilir. Cavanşir Qocayev rayondakı həyət evləri ilə yanaşı, əlillərin yaşadığı evin də təmir ediləcəyini bildirir.

Kiçik çay daşlarından sıx hörülmüş pilləkənlər yüksəklikdəki uçuq bir evə aparır. Üç qadın - 3 bacı elə bu evdə yaşayır. Ən böyük arzuları da adi şəraitli ev, bir də rahatlıqla yuyuna biləcəkləri isti hamamdır...

Böyütmək üçün şəkillərə klikləyin: