Bakıda suyu, məktəbi, yolu və adı olmayan qəsəbə - FOTO

Day.Az представляет новость на азербайджанском языке.
 

Bakının Binə kəndinin adsız qəsəbəsinin, adı olmayan küçəsində yaşayan 5 mindən çox ailə qəsəbədə məktəb, xəstəxana, aptek, yol, su, kanalizasiya sistemi, marşrut və başqa kommunal imkanların olmamasından əziyyət çəkir.

Binə Bakının böyük qəsəbələrindən biridir. Paytaxt əhalisinin artması, yeni evlərin tikilməsi səbəbindən buranın ərazisi daha da böyüyüb. Nəticədə qəsəbənin ikinci yeni yaşayış sahəsi əmələ gəlib. Ancaq buranın rəsmi qeydiyyatından tutmuş, kanalizasiya məsələsinə qədər hər şey problem olaraq qalır.

Milli.Az bildirir ki, vəziyyəti yerində işıqlandırmaq məqsədilə axar.az-ın əməkdaşı həmin qəsəbənin sakinləri ilə görüşüb.

Rəsmi adı və qeydiyyatı olmayan bu qəsəbəni "Atçılıq" adı ilə axtarıb çətinliklə tapırıq. Qəsəbənin girişində jokey-klub - atçılıq klubu yerləşdiyindən sakinlər öz aralarında bu yerləri "Atçılıq" adlandırırlar.

Gəlişimizdən xəbərdar olan sakinlər meyvə-tərəvəz dükanının yanında toplaşıb dərdlərini danışmaq üçün səbirsizliklə gözləyirlər. Bu qəsəbədə təkcə böyüklərin yox, uşaqların da ürəyi doludur.

Mindən çox şagird: Bizə məktəb tikin!

Sakinlərin sözlərinə görə, 10 mindən çox əhalisi olan qəsəbənin 2 minə yaxın məktəblisi var, ancaq məktəbi yoxdur. Şagirdlər hər gün əzab-əziyyətlə, istismar müddəti bitmiş köhnə avtobuslarla Binə qəsəbəsinə və ya "Vişnyovka" deyilən ərazidəki məktəblərə gedirlər. Balacaların sözlərinə görə, hər gün köhnə avtobus yolda xarab olur və onlar dərsə gecikirlər.

Əhalinin sayı artdıqca məktəbə gedən uşaqların da sayı artır. Vəziyyət o yerə çatıb ki, bir avtobusda 60-70 şagird məktəbə gedəsi olur.

Uşağını əziyyətə salmaq istəməyən valideynlər isə ayda 20-30 manatdan keçib, fərdi taksilərlə övladlarını məktəbə göndərirlər. Hər ailədən iki və ya üç uşağın məktəbə getdiyini nəzərə alsaq, fəhləliklə ailə dolandıran insanlar üçün bunun nə demək olduğunu təsəvvür etmək çətin olmaz. İmkansızlıq ucbatından təhsildən kənardan qalan uşaqlar da az deyil.

Qəsəbə sakini Səbuhi Hüseynov deyir ki, bu vəziyyət çoxuşaqlı ailələri daha çox narahat edir: "Mənim üç uşağım oxuyur. Hər uşağa görə ayda 40 manat verirəm ki, buradan məktəbə aparıb-gətirsinlər. Özüm fəhlə adamam, pul çatdıra bilmirəm".

Mövcud çətinliklər uşaqların dərsə davamiyyətinə və nəticələrinə də təsir edir. Şagirdlər deyirlər ki, 7-10 km uzaqdakı məktəbə vaxtında çatmaq üçün səhər saat 6-da yuxudan durmalı olurlar.

Nə qəsəbənin adı var, nə də küçələrin...

Sakinlərin ən böyük narazılığı yaşadıqları yerin qeydiyyatının, eləcə də bələdiyyənin olmamasıdır. Minlərlə insan hər hansı arayış və ya ərizə üçün kimə, haraya müraciət edəcəyini bilmir.

Bundan əlavə, qəsəbənin və küçələrin adının olmaması əraziyə çağırılan təcili tibbi yardım maşınlarının da işinə mane olur. Qəsəbə sakini Xasay Abbasov deyir ki, dəfələrlə təcili tibbi yardım maşınları yolda azıb qalıb və xəstəmiz dünyasını dəyişib:

"Evə gələn qonağa, təcili yardım maşınına yolu başa sala bilmirik. Yaxşı ki, bu dükanlar, marketlər var. Onların adı ilə güc-bəla gəlib evi tapırlar".

"Qrunt sularına möhtac qalmışıq"

Binənin adsız qəsəbəsinin problemləri saymaqla bitmir. Ancaq insan sağlamlığı üçün ən təhlükəli olan problem qəsəbənin su və kanalizasiya sisteminin olmamasıdır. Su problemini hər kəs öz imkanına görə həll edir. İmkanı olan hər ay 40 manat ödəməklə su maşınları ilə çəninə su vurdurur. İmkanı olmayan isə həyətində quyu qazdırıb yerdən çıxan qurunt sularından, duzlu sudan istifadə edir. Qəsəbənin əksər sakinləri isə ailəsini günəmuzd işləməklə dolandıran fəhlələrdir.

Sakinlər deyir ki, su problemi onların səhhətində ciddi xəstəliklərə səbəb olub. Digər tərəfdən qəsəbədə aptek və xəstəxananın olmaması vəziyyəti daha da çıxılmaz edir.

Bir dərman üçün ölçülən 10 km yol...

Qəsəbə sakini Ziyəddin Mənsimov xəstəxana və aptekin yoxluğundan şikayətlənir:

"Uşağa bir iynə vurdurmaq üçün ya Binəyə gedirik, ya da Mərdəkana. Vəziyyət çox acınacaqlıdır. Bizim qəsəbəyə baxan yoxdur. Elə bil, Bakının qəsəbəsi deyil, hansısa ucqar rayonun kəndidir".

Məmməd dayı isə deyir ki, burada xəstələnmək ölümə bərabərdir. "Adi bir dərman üçün köhnə avtobuslara minib yarım saat yol getməlisən. Təcili tibbi yardım maşınları yolu tapana qədər xəstə dünyasını dəyişir. Çirkli sular içməkdən hamı xəstədir. Uşaqlarımız ayın əvvəlində də xəstələnirlər, sonunda da".

Siyahı davam edir: Yollar və marşrutlar

Qəsəbənin yolları da bərbad gündədir. Asfalt örtüyünün vaxtaşırı yenilənməməsi istismar müddəti bitmiş marşrut avtobusların hərəkətini daha da məhdudlaşdırır. Sakinlər deyir ki, yayda toz-torpaqdan, qışda palçıqdan əziyyət çəkirik. Şikayət etməyə bələdiyyəmiz də yoxdur.

Sakinlərlə söhbət etdiyimiz vaxtda yanımızdan keçən marşrut avtobusları da diqqətimizdən yayınmır. Köhnə avtobuslar elə səs çıxarır ki, ona laqeyd qalmaq mümkün deyil. Mübaliğəsiz, demək olar ki, hər gün minlərlə insan bu avtobuslara minməklə həyatını təhlükəyə atır.

Qəsəbənin problemi bir deyil, iki deyil. Sakinlər bu çatışmazlıqların həlli üçün aidiyyatı qurumlara səslənirlər. Problemlərin aradan qaldırılması üçün əlaqədar dövlət qurumları: Xəzər Rayon İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Azərsu ASC və digərləri bir araya gəlməli, məktəb, xəstəxana, yol, marşrut, su və sair problemləri həll etməlidir. Hazırki durumda isə, qəsəbənin bələdiyyəsi belə yoxdur.