Hüquq müdafiəçisindən vitse-admirala yeni ittihamlar

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az xəbər verir ki, hazırda həbsdə olan Hərbi Dəniz Qüvvələrinin (HDQ) vitse-admiralı Şahin Sultanovun vaxtilə həbs etdirdiyi hüquq müdafiəçisi Bəxtiyar Məmmədov "Yeni Müsavat"-ın redaksiyasına məktub yollayıb.

B.Məmmədov Ş.Sultanov və vəkilinin qəzetimizdə dərc olunan fikirlərinə etiraz edir:

"Müdafiə naziri general-polkovnik Zakir Həsənovu hədəf götürüblər. Bu adamlar nazirin apardığı islahatları, korrupsiyaya, məmur özbaşınalığına qarşı qərarları, kadrların düzgün təyinatına hesablanan addımları görmək istəmirlər. Şahin Sultanov bildirir ki, guya ki, aparılmış islahatlar təəssüfedicidir. Yəni qanun pozuntuları ilə başlanıb, sonda isə HDQ-nin dağıdılmasına və kadr potensialının məhv olunmasına gətirib çıxarıb.

Bildirirəm ki, Şahin Sultanov HDQ-nin komandanı olduğu 14 il ərzində istəyindən də artıq dövlət əmlakını və HDQ-ni bütün növləri üzrə dağıdıb, hazırda həbsdə olan mafioz dəstəsi ilə mütəmadi cinayət əməllərini həyata keçirib. Sultanov peşəkar kadr kimi özünü millətə sırımasın. Birincisi, əsl kadr öz peşəsinə sadiqliyi, xidməti fəaliyyəti ilə yanaşı, dövlət əmlakını göz bəbəyi qorumağı özünə borc bilməli idi. Əgər Şahin Sultanov mafioz qrupunu, yaratdığı cinayət dəstəsini, hazırda həbsdə olan əlbir olduğu şəxsləri kadr hesab edirsə, bunun adı başqadır. Şahin Sultanov mafiya babası olaraq sona qədər öz oğru dəstəsini qorumaq arzusu ilə yaşayır.

O, məktubunda Azərbaycan Respublikası Təhlükəsizlik Strategiyasının müəllifi olduğunu bildirir. Mən Şahin Sultanovun Azərbaycan Respublikasının dövlət əmlakının bu qədər külli miqdarda mənimsəyən analoqu olmayan saxtakar, oğru qrupunun müəllifi olduğunu bildirirəm. Şahin Sultanovun təşkilatçılığı və rəhbərliyi ilə törədilmiş təkzibolunmaz cinayət faktlarının öz sübut və dəlillərimlə istənilən vaxt təqdim etməyə hazıram. Şahin Sultanov bildirir ki, onu şər-böhtan və sifariş əsasında həbs ediblər. Onu necə sifarişlə həbs ediblər ki, artıq onun barəsində 17 iyul 2014-cü il tarixdə barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən yenidən 3 ay həbs-qətimkan tədbiri seçilib. Şahin Sultanov məktubunda Hərbi Prokurorluqla dostluq münasibəti qurmaq imkanına malik olduğunu göstərir. Başa düşmür ki, bu qurum cinayətkarlığa və hər bir nöqsana nəzarət edən ali orqandır. Bəyəm prokurorluq təmiz fəaliyyətlə məşğul olan adam tapmır ki, dostluq etsin? Gərəkdir ki, haram çörək qazanan, dövlət əmlakını oğurlayan şəxslə dostluq etsin? Sonda da isə sizin kimi rüsvay olsun? Qaldı MTN-in fəaliyyətinə kölgə salmağınıza, unutmayın ki, MTN atdığı addımı sizinlə və heç kimlə məsləhətləşmir. İstənilən vaxtda, istənilən məlumatı sabiq müdafiə naziri Səfər Əbiyevə çatdırıb. Lakin oğurlanmış pulları Səfər Əbiyevin himayədarlığı ilə mənimsəməyinizdən irəli gələrək 14 il dövlət əmlakını talamağa nail olmusunuz".

B.Məmmədov müdafiə nazirinin Ş.Sultanovu qəbul etməməsinin səbəbi haqda isə bunları yazır: "Şahin Sultanov cənab nazir Zakir Həsənovla HDQ-nin yeni tikilən bazasındakı görüş zamanı fürsətdən istifadə edib qəbuluna düşməsini xahiş etdiyini bildirir. Başa düşmür ki, sözügedən bu HDQ-nin yeni bazası olan tikinti obyektində açıq şəkildə nəzəri cəlb edən tikinti materiallarından istifadə olunması və digər korrupsiya hallarının mövcud olmasından xəbərdar olan Zakir Həsənov hansı əsasa sizi qəbul etməli idi? Yadınıza salıram ki, HDQ-nin yeni tikilən bazasının keyfiyyətsiz və ucuz tikinti materialları ilə inşa edilməsi səbəbindən sizin yarıtmaz, tamahkar fəaliyyətinizdən irəli gələrək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 96 il dönümü münasibətilə nəzərdə tutulmuş həmin bazanın açılışı qeyri-müəyyən vaxta təxirə salındı. Halbuki bu HDQ-yə məxsus yeni tikilmiş bazanın açılışında ölkə başçısının iştirakı da nəzərdə tutulmuşdu! Budurmu sizin vətənə 40 illik xidmətiniz? Bir daha bildirirəm ki, siz 1959-cu ildə anadan olmusunuz. Necə ola bilər ki, vətənə 40 il xidmət edəsiniz?"

Hüquq müdafiəçisi Ş.Sultanovun Qarabağ müharibəsi veteranı olması haqda məlumatın da doğru olmadığını yazır: "Bu barədə əlimdə real faktlar olduğunu nəzərinizə çatdırmışdım. Can-başla xidmət edən vitse-admiralın oğlunun birinin adını Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəyə yazdırmaqla, bütün gününü Bakının küçələrində keçirməz, digər oğlunun isə bu günə qədər heç bir əsas və səbəb olmadan hərbi xidmətə getmək əvəzinə yalandan məhdudiyyət əldə edərək, hərbi xidmətdən yayınmaz.

Barənizdə cənab prezidentə düzgün məruzənin edilməməsinə gəldikdə, bir daha sizə və vəkiliniz Adəm Məmmədova xatırladıram ki, 2014-cü ilin iyun-iyul ayları ərzində tərəfimdən törətdiyiniz və rəhbərlik etdiyiniz 28 cinayət faktlarını ictimailəşdirmişəm.

Bu günə qədər isə açıqladığım həmin 28 cinayət faktlarının heç birinə belə təkzib də verməmisiniz. Məktubunuz da açıq şəkildə pozulmuş hüquqlarınıza istinad edirsiniz. Əgər qanunları bu qədər yaxşı bilirsizsə və hörmətlə yanaşırsızsa, deyin görüm oğurladığınız dövlət əmlakı qanuna zidd deyilmi? Həmin tərtib etdiyiniz və sənədləşdirdiyiniz, sonradan isə izi itirmək məqsədilə sənədləri, saxta aktları, saxta yaratdığınız MMC-lərin sənədlərini it-bata salmaqla qanunu pozmaq deyilmi? Məktubunuzda Əmək Məcəlləsinə istinad edirsiniz. Əmək Məcəlləsini pozan, işçilərin hüquqlarını pozan və 28 hərbçi ailəsinin yaşayış hüquqlarını pozaraq küçələrə atan, hazırda kirayələrdə qalmaqlarına rəvac verən siz deyilsinizmi? Sonda bu yolla 2 milyon manatı mənimsəyən siz deyilsinizmi? Sizin kimi korrupsioner, rüşvətxor, qanun pozan ikinci bir məmurun bu günə qədər Azərbaycan tarixində olmasından hələ ki xəbərsizəm. Qaldı sizə müxtəlif dövrlərdə, ali rütbələr və orden, medallar almağınıza bildirirəm ki, oğurladığınız milyon manatları himayədarınız olmuş sabiq müdafiə naziri S.Əbiyevlə bölüşdüyünüzdən irəli gələrək öz növbəsində tərtib etdiyi saxta layiq olmadığınız siyahılara adlarınızı saldırmaqla, dolayı yolla layiq olmadığınız mükafatlara sahib olmusunuz. Qaldı sizin Heydər Əliyevin yetirməsi olmağınız fikrinizə, daha doğrusu, Məlikməmməd nağılınızı vəkiliniz A.Məmmədova söyləsəniz daha yaxşı olar. Məktubunuzda Hərbi Prokurorluğun HDQ-nin zabitlərinə təzyiqlər etməsini bildirirsiniz. Nə tez unutdunuz ki, kadr zabitləri hədə-qorxu gəlməklə istədiyiniz an alçaltmaqla, sonda isə döyüş bölgələrinə göndərmək hədəsi ilə rüşvət almağınızı, verilən rütbələrə görə tabeçiliyində olan işçilərdən pul almağınızı indi incitmək hesab etmirsiniz. Sonda HDQ-yə məxsus Mərdəkanda yerləşən istirahət müəssisəsindən məzuniyyət dövrünüzdə açıq şəkildə mühafizəçiyə təzyiq etmək yolu ilə 200 ədəd dekorativ ağacların və qızılgül kollarının oğurlamağınız sizin bir daha kim olmağınıza sübutdur".

Hüquq müdafiəçisi yaxın günlərdə mətbuat konfransı keçirəcəyini və əlində olan bir çox faktları da açıqlayacağını yazıb.