Ərp bağlamış boğaz... Day.Az представляет новость на азербайджанском языке.

Difteriya hava damcı yoluyla yayılan kəskin infeksion xəstəlikdir. Xəstəliyin törədicisi güclü ekzotoksin təsirə malik olan difteriya çöpləridir. Bu bakteriyalar daxil olduğu yerlərdə - əsnək, qırtlaq, traxeya, göz və dəridə irinli iltihab əmələ gətirir.

Uşaqları qoruyun

Həkim-pediatr Elza Abbasova Milli.Az-a deyib ki, difteriyaya çox vaxt 2 yaşdan 11 yaşa qədər uşaqlar yoluxur. Hava-damcı yoluyla yayılan infeksiya öskürdükdə və ya asqırdıqda virulent bakteriyalı selik hissəcikləri insanın yuxarı tənəffüs yollarına düşərək onu yoluxdurur. Bu infeksiya xəstə uşaqların oyuncaqları vasitəsi ilə də digərlərinə keçə bilər.

Əsasən, mövsümü xarakter daşıyan difteriya xəstəliyinə payız və qış aylarında daha çox rast gəlinir. Xəstəlikdən sonra belə orqanizmdə bu viruslara qarşı kifayət qədər güclü immunitet yaranmır. Buna görə də təkrar yoluxma baş verə bilər. Difteriya xəstəliyinə həssaslıq yaşdan asılıdır. Belə ki, 1 yaşa qədər uşaqlarda həssaslıq daha az, 3-11 yaşlı uşaqlarda isə maksimum həddə olur.

Boz rəngli ərp

Pediatrın sözlərinə görə, patologiyada ən çox gənziyin difteriyası müşahidə olunur. Bu zaman infeksiya qapısında - badamcıq, damaq və dilçəkdə bir çox problemlər yaranır. Xəstəliyin klinik gedişatı zamanı burun, qırtlaq, az hallarda isə gözün və dərinin difteriyası da müşahidə olunur. İnfeksiya qapısı nahiyəsində pataloji dəyişikliklər fibrinoz (difteritik) iltihabın yaranması ilə xarakterizə olunur. Bununla yanaşı udlaq və badamcıqların üzərində boz rəngli ərp əmələ gəlir. Traxeya və bronxların selikli qişasında olan difteriya ərpinin miqdarı sağalma getdikcə azalır.

Xəstəliyin ən əhəmiyyətli klinik təzahürü infeksiya daxil olan nahiyədən difteriya bakteriyaları ekzotoksininin sorulması ilə əlaqədardır ki, bu da intoksikasiya ilə nəticələnir. Toksikoz nəticəsində periferik sinirlərin (iflic baş verməsi və s) simpatik və parasimpatik sinir düyünlərinin zədələnməsi, xəstəliyin ağır formalarında isə miokarditin yaranması, böyrək və böyrəküstü vəzilərin, qara ciyərin degenerasiyası və arterial hipotoniya baş verir.

Ən çox yayılmış formaları

E.Abbasova bildirib ki, klinik gedişinə görə xəstəliyin ən çox yayılmış formaları - əsnək difteriyası, burun difteriyası və qırtlaq (inaq) difteriyasıdır.

Əsnək difteriyasında badamcıqlar, damaq qövsləri, yumşaq damaq və gənziyin selikli qişası zədələnir. Xəstəliyin orta ağırlıq dərəcəsində bədən temperaturu 38,3-38,5 dərəcəyə qədər yüksəlir. Əzginlik, süstlük, həmçinin udqunduqda az da olsa, ağrı hissi olur. Yoluxduqdan 24-36 saat sonra əsnəkdə hiperemiya, badamcıqlar üzərində ərp əmələ gəlir. Çənəaltı və boyunqabağı limfa düyünləri böyüyür. Xəstəliyin ağır formasında titrəmə və temperaturun kəskin şəkildə qalxması (39-40 dərəcə), badamcıqlarda şiş, ödem, üzəri böyük və bərk ərplə örtülü olur. Ərplər gənziyin selikli qişasına, damaq qövslərinə və yumşaq damağa yayılır. Difteriyanın toksik formasında bəzən xəstənin ağzından şirintəhər iy gəlir. Bu, əsnəyin geniş zədələnməsi zamanı daha çox olur. Əsnək difteriyasının toksik və hemorragik formaları xüsusilə ağır keçir. Bu zaman ürək-damar və sinir sistemləri ciddi zədələnir. Xəstəliyin ikinci həftəsində aritmiya, ürək hüdudlarının genişlənməsi, döyüntünün zəifləməsi, sağ mədəcik çatışmazlığı fonunda qara ciyərin böyüməsi ola bilər. Həmçinin dəridə patexial (qansızmalı) səpki, burun qanaxması, əsnəkdə qan hopmuş pərdənin olması ağır gedən hemorragik formaya xas əlamətdir.

Südəmər körpənin acısı

Həkimin dediyinə görə, burun difteriyasına ən çox südəmər körpələrdə rast gəlinir. Xəstəliyin bu növü iki formada - pərdəli və kataral şəkildə gedir. Pərdəli formada uşaqda burunla nəfəsalma çətinləşir burundan su, sonra isə zərdablı və irinli ifrazat axır. Rinoskopiya ilə müayinə zamanı burun arakəsməsində və balıqqulağı nahiyədə pərdəşəkilli ərp olduğu aşkarlanır. Kataral formada xəstədə burunun selikli qişasında qabıq və eroziya əmələ gəlir. Burun difteriyası zamanı orqanizmin intoksikasiyası orta dərəcədə, temperatur isə subfebril (38 dərəcəyə qədər) ola bilər.

İnaq

E.Abbasova vurğulayıb ki, xalq arasında inaq adlanan qırtlaq difteriyasında qırtlağın və traxeyanın selikli qişasında iltihabi proses müşahidə olunur. Xəstəliyə erkən dövrdə diaqnoz qoymaq xüsusi əhəmiyyətlidir. Bu zaman kəsik-kəsik quru öskürək, boğuq və zəifləyən səs, küylü tənəffüs özünü büruzə verir. Həmçinin nəfəsalma çətinləşir, döş qəfəsi tədricən içəriyə batır. Nəhayət, asfiksiya (boğulma) baş verir ki, bu da kəskin oksigen çatışmazlğı fonunda burun, əl barmaqların ucları və əl-ayağın soyuması ilə nəticələnir. Nəbzin pisləşməsi və hipotoniyanın şiddətlənməsi xəstənin ölümünə səbəb olur.

Bir qayda olaraq inaq erkən yaşlı uşqalarda daha çox zədəyə səbəb olur və yayılma sürətinə görə əsnək difteriyadan sonra ikinci yeri tutur. İnağın başlanğıc dövrü 1-2 gün davam edir. Bu zaman uşaqda tədricən temperatur qalxır, süstlük, xırıltılı səs, nəfəsalma çətinləşir, quru və bərk öskürək başlayır. Ancaq inaq tutmalarının artması ilə difteriya inağının ən qorxulu olan asfiktik dövrü yaranır. Uşağın rəngi ağarır, qorxu içində çırpınır, dərisi yapışqanlı tərlə örtülür, nəbzi tez-tez vurur. Orqanizmdə oksigen çatışmazlığı səbəbindən baş verən bu vəziyyətin qarşısı alınmazsa, ölümə səbəb olur.

Müalicə

Pediatrın söylədiyinə görə, difteriyaya yoluxanların hamısı xəstəxananın infeksion şöbəsində müalicə edilməlidir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq pasientlərə damardan damcı üsulu ilə serum yeridilir. Burada, əsasən, antitoksik difteriya dərmanlarından istifadə edilir. Həmçinin orqanizmin C və B vitamininə olan təlabatı da dərman və qidalarla ödənilməlidir. Əsnək difteriyasının yüngül formasında xəstə 10 gün, ağır vəziyyətdə isə 4-5 həftə yataq rejimində müalicə olunmalıdır. Ürək-damar sisteminin fəaliyyətini gücləndirmək üçün venaya və əzələyə vurulan dərmanlar miokardit infarkt baş verərkən xüsusi əhəmiyyətlidir. Difteriya inağı zamanı buxar inqalyasiyası və güclü öskürək kəsici dərmanlardan istifadə olunur. Çətin nəfəsalma və boğulma zamanı isə intubasiya (boğaza boru salınır) edilir.

Nə etməli?

Difteriyanın profilaktikası peyvəndlə başlayır. Ancaq yoluxma baş verdikdə xəstə mütləq müalicə mərkəzinə yerləşdirilməli, sonra onun olduğu otaq formalinlə dezinfeksiya edilməlidir. Xəstə ilə təmasda olanlardan analiz götürülərək mənfi cavab alınanadək onlar karantində saxlanılmalıdır. Bu tədbir infeksiyanın yayılmaması üçün vacibdir. Xüsusən də uşaq müəsisələrində - uşaq evləri, bağça və məktəblərdə daha ehtiyatlı olmaq lazımdır.

Qeyd edək ki, Azərbaycanda difteriya əleyhinə vaksinasiya uşağın 2, 3, 4, 18 aylığında və 6 yaşında aparılır.