Azərbaycanda uşaqlar harada ucuz və keyfiyyətli dincələ bilərlər?

Day.Az представляет новость на азербайджанском языке.

Yayda insanları düşündürən məsələlərdən biri də onların harada və necə dincəlmələridir. İsti yay aylarında uşaqların istirahəti daha vacib hesab edilir. Sovet dövründən fərqli olaraq hazırda ölkədə məktəblilərin yay istirahətinin təşkili istənilən səviyyədə deyil. Çünki SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı.

Nəticədə istirahət düşərgələrinin bir qismi dağıdıldı, özəlləşdirildi, bəzilərində isə qaçqın və məcburi köçkünlər yerləşdirildi. Ümumilikdə 50-yə yaxın uşaq istirahət düşərgəsi bağlandı. Valideynlər də yay düşərgələrinin yetərincə olmamasından, fəaliyyət göstərən düşərgələrdə də qiymətlərin həddindən artıq yüksək olmasından şikayətlənirlər. Bu cür şikayətlənən valideynlərdən biri də Bakı şəhər sakini Şəfa Məstəliyevadır. O, uşaqlarını heç bir düşərgəyə göndərə bilmədiyini deyir:

"Uşaqlarım bu istidə Bakıda qalıb, istirahət edə bilmirlər. 1 aydan sonra məktəblər başlayacaq. Bu uşağın beyni necə dərs götürəcək?. Uşaq üçün düşərgələr çox bahadır. Televiziyada düşərgələri reklam edib deyirlər ki, qiymətlərdə nazir, məmur övladlarına güzəşt var. Onların pulu yəni elə azdır?! Ondansa, sadə vətəndaşların övladları üçün güzəşt edilsin".

Adil Əliyev də nəvəsini istirahətə göndərə bilmədiyini deyir: "Vaxt vardı, məktəblər bağlanar-bağlanmaz uşaqlar istirahət düşərgələrinə - "pioner-lager"lərə axışardı. Bunu o dövrdə yaşayanlar yaxşı bilərlər. O dövrdə Qara dənizin sahilində yerləşən "Artek" adında məşhur bir düşərgənin adını eşitməyən yox idi. Amma indi nə düşərgələr var, nə milli dövlətçilik ruhunda tərbiyə, nə də ümumi maraqlar. İndi fərdi maraqlar üstünlük təşkil edir və elə buna görə də uşaqlar istirahət düşərgələrinə həsrət qalıblar. Mənim nəvələrim düşərgənin nə olduğunu heç bilmirlər. Haradan bilsinlər ki, evdə bişməyib, qonşudan gəlməyib".

Görünür ki, Azərbaycanda yalnız varlı valideynlər övladlarını düşərgələrə göndərə bilirlər. Onlar uşaqlarını xarici düşərgələrə dil öyrənmək üçün göndərirlər. Bu cür düşərgələrdə isə iki həftə dincəlmək 1000-1500 avroya başa gəlir. Məsələn, Almaniyada Höte İnstitutunun nəzdində düşərgənin 2 həftəsi 1000 avro, İspaniyada "EnfoCamp"da 1050, Londonda 1500 avrodur. Postsovet məkanındakı digər respublikalardan fərqli olaraq Rusiyada uşaqların istirahəti üçün düşərgələrin sayı çoxdur və ildən-ilə artır. Təkcə Sankt-Peterburqda 40-a yaxın uşaq düşərgəsi var.

Azərbaycanda isə uşaq-sağlamlıq düşərgələrinin üçü Nabran istirahət zonasında, biri isə Şüvəlan qəsəbəsindədir. Bunlar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının "Olimp", "Şahin", digərləri Xidmət-İş Həmkarlar İttifaqı Federasiyasının "Aypara" və AMEA Həmkarlar İttifaqı Komitəsinin "Elm" uşaq-sağlamlıq düşərgələridir.

Sözügedən uşaq-sağlamlıq istirahət yerlərinə yollayışlar ilk növbədə həmin düşərgələrin məxsus olduğu sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına verilir. Düşərgələrdə dincələn uşaqların yaş həddi 7-dən 14-dəkdir. Respublika Daxili İşlər Nazirliyinin tabeliyində olan Çingiz Mustafayev adına Uşaq İstirahət Düşərgəsində iyulun 9-dan mövsüm başlayıb. Avqustun 14-nə kimi fəaliyyətdə olacaq düşərgədə uşaqların istirahəti hər il olduğu kimi, üç növbəlidir. Hər növbənin müddəti isə 21 gündür. Ancaq bu düşərgələrdə də sadə vətəndaşların övladlarına güzəşt edilmir və qiymətlər valideynlərin cibinə uyğun olmur. Düşərgələr bir yana qalsın, indi Bakıda uşaqların heç ümumi istirahət yerlərində dincəlməsinə də imkan yoxdur.

Paytaxtda uşaqların istirahəti üçün cəmi bir neçə məkan var. "Park Bulvar", "Metropark", "Megafun", "Crazy" və bu kimi mərkəzlərdə bir dəfə istirahət etmək azı 50 manata başa gəlir. Çünki attraksionlar və oyunların qiyməti 2-5 manat arasında dəyişir. Attraksionların qiymətinə yemək, su və dondurma xərclərini də əlavə etsək, məbləğ artmış olacaq. Ona görə də valideynlər övladlarını daha çox özləri ilə istirahətə aparırlar. Bu daha sərfəli olur. Həm ölkə daxilində, həm də xaricdə uşaqlar üçün qiymətlərdə güzəştlər olur. Əksər hallarda 6-7 yaşına qədər uşaqlar üçün istirahət pulsuz, 12 yaşına qədər olanlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. İstənilən halda, ailəvi istirahətə gedəndə bir uşağa çəkilən xərc ölkə daxilində 200 manatdan baha olmur. Bəlkə də bu səbəbdən valideynlər mövcud bir neçə düşərgəyə uşaq göndərməkdənsə, ucuz variantlar axtarıb ailə büdcəsinə uyğun yerlərə üz tuturlar.

Qeyd edək ki, Azərbaycandan fərqli olaraq Avropada uşaqların dincəlməsi üçün hər cür şərait yaradılır. Dünyada uşaqlar üçün macəra tipli düşərgələr də mövcuddur.

Məsələn, Rusiya və bəzi Avropa ölkələri üzrə (İspaniya, Bolqarıstan, Fransa, Xorvatiya) "Casusların uşaqları", "Qaya şəhərinin sirri", "Robinzoniada" kimi düşərgələr fəaliyyət göstərir. İki həftəlik yollayışı 1000-1200 dollar olan bu düşərgələrdə uşaqlar əsasən ekstremal ekskursiyalara, dağ və meşələrə gəzintilərə çıxırlar.

Mağaralarda, qayalar dibində çadırlar qurub orada qalırlar. Bütün dünyada, MDB dövlətlərində, hətta bizə yaxın olan Türkiyə, Rusiya, İran, Gürcüstanda nəinki tələbələr, eləcə də şagirdlər üçün təkcə yay mövsümündə deyil, ilin bütün fəsillərində şagirdlərin maraq dairəsindən asılı olaraq düşərgələr təşkil edilir. Ümumiyyətlə, müxtəlif ölkələrdə uşaq düşərgələrində istirahətin müxtəlif növləri olur.

Məsələn, idman düşərgələrində uşaqlara üzməyi, at sürməyi, aykido və karate kimi döyüş üsullarını öyrədirlər. Polşanın Putsko şəhərində 2 həftəlik düşərgədə vindserfinqi öyrənmək mümkündür. Qəribə görünsə də, bəzi ölkələrdə hətta dini təmayüllü düşərgələr də var. Tatarıstanda 20-yə yaxın müsəlman düşərgəsi var. Burda uşaqlar əylənməklə yanaşı, Quranı, müsəlman qaydaları və İslam normalarını öyrənirlər.