Sumqayıtda görünməmiş ağac terroru - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Nizami İsgəndərov parkı dağıtdırıb bina tikdirir.
 

Sumqayıt şəhəri, 1-ci məhəllə, "Bağçaların yanı" deyilən ərazidəki park bu səhər dağıdılıb. Sakinlərdən "Yeni Müsavat"a daxil olan məlumatda deyilir ki, gecə ilə əraziyə ağır texnika gətirilib. Sübh tezdən isə ağaclar kəsilib və maşınlara yüklənərək naməlum istiqamətdə aparılıb. Sakinlər ağacların kəsilməsinə etiraz etsələr də, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri polis gücünə onları ərazidən uzaqlaşdırmağa müvəffəq olublar.

Sabiq deputat parka nəyə görə göz tikib?

Sözügedən ərazidə yaşayan sakinlər bildirilər ki, ərazini sabiq deputat, iş adamı Nizami İsgəndərov alıb. Deputat parkın ərazisində özünə ticarət mərkəzi tikdirəcək. Sakinlər bildirdilər ki, tikinti işlərini aparan şirkətdən öyrəniblər ki, sabiq deputat yeni obyektini hazırda Sumqayıt şəhər doğum şöbəsinin baş həkimi olan bacısının adına sənədləşdirib.

Onların sözlərinə görə, Nizami İsgəndərov bir neçə dəfə parkın ərazisini hasarlatdırmağa cəhd göstərib. Lakin sakinlər bu barədə icra hakimiyyətinə məlumat verdikdən sonra hasarlama işləri dayandırılıb. Məmməd Hacıyev adlı Sumqayıt sakininin sözlərinə görə, sabiq deputatın bu əməli barədə icra başçısı Eldar Əzizova, Sumqayıt hüquq-mühafizə orqanlarına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər : "İcra hakimiyyətindən bizə bildirdilər ki, guya ərazidə abadlıq-quruculuq işləri aparılacaq. Necə abadlıq-quruculuq işləri aparırlarsa, parkda qırmadıqları ağac qoymayıblar. Hər yeri qazıb töküblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng vurduq ki, gəlib bu biabırçılığa son qoysunlar. "Araşdıracağıq" deyib bizi mədəni sürətdə yola verdilər. Polisə şikayət etdik, ağacları qırarkən bizim üstümüzə hücum çəkib həbslə hədələdilər".

Sumqayıt sakini bildirdi ki, icra başçısı neçə illərdir təmir olunmayan parkları ayrı-ayrı iş adamlarına satmaqla cibini doldurur: "Hazırda şəhərdə ekoloji tarazlıq tamamilə pozulub. Nəfəs ala bilmirik. Sakinlərin istirahət etdiyi bir-iki park var idi. Onları dağıdıb yerinə bahalı mərmər və qranit döşədilər. Qısacası, Sumqayıtda satılmayan bircə qarış belə boş torpaq tapa bilməsiniz".

Böyütmək üçün şəkillərə klikləyin: