Bakıda bu şadlıq saraylarında ehtiyatlı olun

Day.Az представляет новость на азербайджанском языке.

Göz qamaşdıran toy məkanlarının mətbəxində dəhşətli cinayətlər yaşanır.

"Orta statistik azərbaycanlı ailəsi ayda ən azı 2 toya dəvət alır. Ancaq həmin ailənin hər hansı bir üzvü ayda bircə dəfə teatra, kinoya, operaya... getmir. Bir sözlə, xalqın başı toya qarışıb", - gənc yazar Seymur Baycanın sözləridir.

Avtobusda, metroda, küçədə, işdə, evdə - bir sözlə, qarşılaşdığımız insanların dilindən, demək olar ki, hər gün "Bu ay 2 toya çağırıblar", "Qazandığımızın hamısı toylara gedir", "Məhərrəmlik yaxınlaşır deyə toyların sayı artıb" və s. kimi cümlələri tez-tez eşidirik. Deməli, hər birimizin yolu ayda bircə dəfə də olsa şadlıq saraylarından keçir. Ötən saylarımızda şadlıq saraylarındakı menyuların qiymətindən, ən ucuz menyuya nələrin daxil olmasından, toy etməyin neçəyə başa gəlməsindən və s. yazmışdıq. Məsələn, 50 manatlıq menyuya qırmızı kürü, kərə yağı, kütüm ləvəngisi, kənd toyuğunun soyutması, kolbasa, dana delikatesi, toyuq ruleti, hinduşka döşü, dil, basdırma, bilinçik (ət və kəsmiklə), pendir (holland, çeçil), göyərti, xiyar, pomidor, sezar salatı, krab salatı, mimoza salatı, paytaxt salatı, ekzotik salat, duzlu pomidor, duzlu heyva, duzlu göyəm, duzlu xiyar, qara zeytun, yaşıl zeytun, tumsuz zeytun, qara çörək, təndir çörəyi, lavaş, limon, kabab, buğlama, lülə - tikə kababı, qızıl balıq, kartof lüləsi, badımcan-pomidor kababı, toyuq kabab, bildirçin kababı, toyuq lüləsi, sacda göbələk, şah plov və s. daxildir.

Əlbəttə, 60, 70, 80, 90, 100, hətta 130 manatlıq menyular da var. Bəs bu yeməklərin keyfiyyəti nə səviyyədədir? Ümumiyyətlə, bir insan bir gecədə 130 manatlıq yeyə bilərmi? Deyək ki, yedi. Bəs o şəxsin zəhərlənmə ehtimalı nə dərəcədədir? İndiyə qədər hansı restoranlarda zəhərlənmə halları olub?

Məsələn, bir neçə ay öncə "Niaqara" restoranında kütləvi zəhərlənmə baş vermişdi. "Paytaxt" salatından zəhərlənən İlkin Həsənov mətbuata bu haqda açıqlama vermişdi. Onun sözlərinə görə, tədbirə qatılan 60 nəfərdən 15-16-sı zəhərlənib. Ancaq sonradan "Niaqara" restoranı açıqlama verdi ki, zəhərlənmədən söhbət gedə bilməz, həmin şəxslərə soyuq dəyib.

Azərbaycanda qida zəhərlənməsi xəbəri yeni deyil. Xüsusən də toyda, nişanda, bayramda kütləvi zəhərlənmə xəbərlərini tez-tez eşidirik. Məsələn, Qubanın Bərqov kəndində keçirilən toy mərasimində qidadan kütləvi zəhərlənmə olmuşdu. 25 nəfər zəhərlənmişdi. Tərtərin Ələsgərli kəndində, kənd sakini Eldar Əliyevin keçirdiyi toy məclisində qidadan kütləvi zəhərlənmə hadisəsi baş vermişdi. Toydan zəhərlənmə ilə 47 nəfər xəstəxanaya aparılmışdı.

Bundan əlavə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də bir sıra şadlıq evləri və restoranlarda yoxlamalar aparıb və nöqsanlar aşkarlayıb. Bəlkə də zəhərlənmələrə səbəb də elə bu nöqsanlar olub.

Məsələn, yoxlama zamanı "Lalə" MMM-ə məxsus "Ağ saray" şadlıq sarayında standartların tələblərinin pozulduğu müəyyən edilib. Hazırlanan salatlarda bakteriyalar aşkar olunmuşdu. Komitənin məlumatında deyilir: "Araşdırma zamanı müəyyən olundu ki, şadlıq sarayındakı zallarda istifadə olunan 14 nəfərlik masa və oturacaqların ölçüləri, onlar arasındakı məsafələr AZS 746-2012 "Şadlıq saraylarının təsnifatı və qaydalar" dövlət standartının tələblərinə uyğun deyil, zalda qonaqların sərbəst hərəkət etməsi və personalın keyfiyyətli xidməti üçün müvafiq şərait yoxdur. Həmçinin müəyyən olundu ki, yeməklərin hazırlanması zamanı sanitariya norma və qaydalara riayət olunmur. İstehlakçılara təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Mətbəxdə mənşəyi məlum olmayan toyuq, bildirçin və balıq məhsulları da aşkar olunub. Şadlıq sarayının anbarında xammalların saxlanma şəraitinə və rejiminə riayət olunmur".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin daha bir məlumatında deyilir ki, fiziki şəxs Mircavid Seyidzadəyə məxsus "Park Fore" restoran-kafesində "mimoza" və "paytaxt" salatının, həmçinin mal ətindən və qoyun ətindən hazırlanmış ət qiyməsinin hazırlanması və satışı qadağan edilib: "Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müxtəlif kulinar məmulatlar və yarımfabrikatlar QOST 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) tələblərinə zidd olaraq təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Mətbəxə baxış zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib. Soyuducuda mal əti, bişirilmiş toyuq filesi, düyü qarniri, müxtəlif süd məhsulları, ət yarımfabrikatları, balıq məhsulları, müxtəlif qənnadı məmulatlarının hazırlanması üçün xəmir, tərəvəz konservləri və s. mal qonşuluğu gözlənilmədən eyni yerdə, eyni temperatur altında saxlanılır. Bu da "SanPin 42-123-5777-91" (bənd 10.11) sənədinin tələblərinə ziddir. Həmçinin müəyyən edilmişdir ki, istehsal tarixi üzərində qeyd olunmayan "lahmacun" məmulatının bişirilməsində istifadə olunan ət yarımfabrikatı iki günlük istifadə üçün hazırlanır. Lakin standart üzrə bu cür məhsulların saxlanma müddəti 6-12 saatdır. Seçilmiş nümunələrdən "mimoza" salatının Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) qida məhsullarının sınaq laboratoriyasında keçirilən müayinəsi nəticəsində məhsulda maya göbələklərinin sayının normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub".

Fiziki şəxs İslamov Şükürə məxsus "Sultan" restoranında da standartların tələbləri pozulub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatına görə, müəssisənin mətbəxində sanitariya norma və qaydaları pozulmuş, natəmizlik hökm sürür: "Müəssisədə kulinariya məmulatları reseptura olmadan hazırlanır, istifadə olunan məhsulların mənşəyini və keyfiyyətini bildirən müvafiq sertifikatlar yoxdur, mətbəxdə temperatur rejiminə düzgün əməl olunmur. Həmçinin bütün hazır yeməklər alüminium qazanlarda soyuducuda ağzıaçıq saxlanılır, bir gün öncədən bişmiş yeməklər olan qazanlar bir-birinin üzərinə qoyularaq qapaqsız saxlanılır. Restoranda istehlakçı hüquqları pozularaq bir neçə gün əvvəldən hazırlanmış yeməklər yeni hazırlanmış qida adı ilə təklif olunur. Müəssisədən ət farşı, "şuba" salatı, "mimoza" salatı, səbzi qovurma yeməklərindən nümunə götürülmüş, Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib".

"Elbara" restoranında dövlət nəzarəti tədbirləri zamanı standartların tələblərinin pozulduğu aşkar olunub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Zahid Xəlilov küçəsində yerləşən "Elbara" restoranında dövlət nəzarəti tədbirləri həyata keçirib. Məlum olub ki, kulinariya məmulatları reseptura olmadan gözəyarı hazırlanır, müəssisənin akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi mövcud deyil, mütəmadi olaraq sınaq üçün laboratoriyaya nümunələr təqdim olunmur, mətbəxdə kifayət qədər soyuducu olmasına baxmayaraq, məhsullar düzgün yerləşdirilmir, soyuducuda mal qonşuluğu gözlənilmir, temperatur rejiminə düzgün əməl olunmur: "Bundan başqa, mətbəxdə çalışan personalın heç bir gigiyenik norma və qaydaya əməl etmədiyi, yeməklərin bir neçə gün öncədən bişirilərək soyuducuda saxlanıldığı və təzə bişirilmiş kimi müştərilərə təqdim olunduğu müşahidə edilib. Tələb olunan normativ hüquqi sənədlər yoxlamaya təqdim edilməyib".

Xətai rayonu, X.Məmmədov və R.Məmmədov küçələrinin kəsişməsində yerləşən "Fuad" restoranında da dövlət nəzarəti tədbirləri həyata keçirilib. Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə hazırlanan və əhaliyə təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır, müəssisədə çalışan personal gigiyenik norma və qaydalara əməl etmir: "Bundan başqa, istismar olunan ölçmə vasitələrinin (soyuducular, tərəzilər) müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunduğu, soyuducu kameralarda mal qonşuluğuna nəzarət olunmadığı, o cümlədən nə zaman bişirildiyi məlum olmayan, dondurularaq dondurucu kamerada saxlanılan qazan yeməklərinin hissə-hissə qızdırılaraq təzə bişirilmiş kimi müştərilərə təqdim olunduğu aşkar edilib. İaşə müəssisəsinin akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi və hazırlanan məhsulların sınaqlarının aparılması barədə hər hansı bir sənəd yoxlamaya təqdim edilməyib".

Misalları artırmaq olar. Yəqin ki, zəhərlənmələrə səbəb də bu nöqsanlardır. Bəs bunun qarşısını necə almalı?

"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov deyir ki, zəhərlənmə faktları ilə bağlı şadlıq evləri ilə dəfələrlə məhkəmə çəkişmələri olub. Təəssüf ki, bütün bunlar vəziyyətin düzəlməsinə yetməyib: "2012-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Şadlıq saraylarının təsnifatı və qaydalar" (AZE 746-2012) adlı bir standart hazırladı. Və bunu tətbiq etməyə çalışdı. Dövlət orqanının bu kimi müsbət təşəbbüsü var. Sadəcə, dövlət orqanının bu müsbət təşəbbüsləri lazımi dəstək tapa bilmir. Birincisi hökumətin istehlakçı siyasətini qoruyan qanunlar kompleksi normal deyil. Üstəlik, mövcud qanunları həyata keçirən dövlət orqanlarının kardinasiya olunmuş fəaliyyəti yoxdur. Ona görə də standartın hazırlanması və s. təşəbbüslər tam olaraq özünü göstərə bilmir".

Eyyub Hüseynovun araşdırmalarına görə, bu gün Azərbaycanda dönərxanaların 80 faizi standartlara uyğun ətdən istifadə etmir: "Bu gün rayonlarda və Bakıda olan şadlıq evləri vətəndaşlarla heç bir müqavilə bağlamır. Yəni ortada heç bir şərt, müqavilə və ya məsuliyyət olmadığından bu cür cinayətlər baş verir. Aydın məsələdir ki, müqavilə, məsuliyyət olmayan yerdə cinayətin olmasına şübhə yoxdur. Bu gün şadlıq evi işə başladığı gün dövlət orqanlarının işi qurtarır. Dövlət qurumlarının heç birinin saat 6-dan sonra hansısa şadlıq evinə gedib, yoxlama aparmağa ixtiyarı yoxdur. Bunun da nəticəsidir ki, biz tez-tez kütləvi zəhərlənmə xəbərləri eşidirik".