Azərbaycanlı xanım Konyada - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyədə sürət qatarı keçən ay - ölkədə prezident seçkilərindən öncə istifadəyə verilib. Hələlik Ankaradan İstanbula, Konyaya və Əskişəhərə gedən qatarlar özü ilə bərabər bu bölgələrdə yaşayanlara böyük sevinc və rahatlıq da gətirib. "Ankaradan Konyaya necə getmək olar?" - deyə onlardan soruşanda "bizim hızlı trenlə" - deyə dərhal bələdçilik edirlər. Sonra da sevinclə dillənirlər ki, sürət qatarı işləyəndən bəri Ankaradan Konyaya 4-5 saatlıq yol artıq 1 saat 45 dəqiqəyə başa gəlir. Bununla da insanların gediş-gəliş problemi xeyli yüngülləşib.

Ankaradan Konyaya gün ərzində gedişli-dönüşlü 20 qatar yola çıxır. Biletləri 3 gün əvvəl əldə edəndə nisbətən ucuz başa gəlir. Mənim Konyaya səfər biletim həm gediş, həm də dönüş üçün nəzərdə tutulduğundan, yəni günümün təxminən 3 saatdan çoxunu yollarda keçirsəm də Mövlananın yaşadığı yurdu gün ərzində rahatca gəzə biləcəkdim. Hələlik isə Konya haqqında ilk bilgiləri qatarda mənimlə eyni sırada oturan sərnişinlərin dilindən eşidirəm. Gündüz qatarlarında sərnişin olmağın bir özəlliyi də budur. Həm də ayrı-ayrı şəhərlərin, kənd və qəsəbələrin durumu, əhalisinin yaşam tərzi, məişəti ilə daha yaxşı tanış ola bilirsən. Sürətlə dəyişən mənzərələr keçib getdiyin yerlər haqqında hər şeyi deyir.


Mədəniyyətlərin beşiyi

Konyanı Anadolu, Asiya ilə Avropanı bir-birinə bağlayan körpü adlandırırlar. Konya da bu körpünün mərkəzində qapı rolunu oynayır. Elə qatardaca tanış olub söhbətləşdiyim insanlar: "Konya şəhəri tarixin ən qədim dövrlərindən bu günə qədər bir çox mədəniyyətlərin beşiyi olub - özünüz də görəcəksiniz", - dedilər. Ahıl bir kişi marağımı görüb əlavə məlumat verməyə çalışdı: "Konya şəhəri Səlcuq dövlətinin paytaxtı, Bəylik və osmanlıların başda gələn mərkəzlərindən olub. Konya tarixin əvvəlki dövrlərində, müəyyən zamanlarda müxtəlif isimlərlə adlandırılıb. Antik dövrlərdə ən məşhur adı "İconium"dur. Bu, müqəddəs rəsm, heykəl mənasına gələn "icon" kəlməsindən gəlir", - dedi.

Konyanı bu gün də ölkə üçün böyük iqtisadi, elmi, ticari və mədəni əhəmiyyəti olan bölgə kimi dəyərləndirdilər. Öncəliklə qeyd etdilər ki, ədəbiyyatda, mənbələrdə yer aldığı kimi, Səlcuq imperiyasının qədim paytaxtı daha çox Mövlananın yaşadığı yer kimi məşhurdur.

Bakıdan olduğumu bilincə...

Konyaya doğru irəlilədikcə, Sincan, Poladlı kimi yaşayış yerləri arxada qaldıqca, yamyaşıl ormanlar, irili-xırdalı evlər, yarımçıq tikililər, istehsal müəssisələri... ötüb-keçdikcə qatar məni Konyaya yaxınlaşdırır.

Dəmiryol vağzalından şəhərin mərkəzinə tərəf yol aldığım taksinin sürücüsü Bakıdan olduğumu bilincə yaman sevindi və "Övliyalar vətəninə xoş gəldin" dedi. Dərhal da maraqlandığım ünvana - şəhərin mərkəzinə qədərki yolda Konya haqqında danışmağa başladı. Onun dedikləri bu şəhərə gəlməmişdən öncə Konya haqqında oxuduğum internet materiallarından çox-çox maraqlı göründü mənə.

Özünü Murad kimi təqdim edən sürücü şəhərdə bir milyon, kənd və qəsəbələrdə isə iki milyon əhali yaşadığını bildirdi. Konyanın Türkiyənin ən ucuz şəhərlərindən biri olduğunu da söylədi. Əhali arasında hər məmləkətdə olduğu kimi kasıb olanları da var, zəngin olanları da. Burada yaşayanlar əsasən yerli istehsalla dolanırlar. Kənd təsərrüfatı alətləri istehsal etmək, yetişdirdikləri məhsulları satmaqla insanlar öz yaşayışlarını təmin edirlər. Ərzaq da Ankara və İstanbulla müqayisədə çox ucuzdur. Kənd təsərrüfatı, ticarət və sənayedə dünyanın texnoloji imkanlarından istifadə edərək öz iqtisadiyyatını gücləndirməkdədir. Konyada iqtisadiyyatla yanaşı, təhsildə də yüksək nailiyyətlər əldə edilib. Konyada fəaliyyət göstərən 4 universitetdə 100 minə yaxın tələbə təhsil alır.

Türkiyənin öndə gələn və ən böyük üniversitetlərindən olan Səlcuq Dövlət Universitetinin minlərlə müəllimi və tələbələri var. Təhsil ocağı dünyada mövcud olan texnoloji imkanlardan istifadə edərək öz maddi-texniki bazasını gücləndirib və dünyanın ən öndə gedən universitetlərindən birinə çevrilib. Konyanın təhsil müəssisələri ümumilikdə hər il minlərlə istedadlı mütəxəssis hazırlayır və onlar Türkiyə Cümhuriyyətinin inkişafına töhfələrini verirlər. Öyrəndim ki, universitetlərdə azərbaycanlı tələbələr də az deyil.

Konyada müəllimlərin böyük hörməti var. Onları görüncə "hocam" deyə böyüklü-kiçikli hamı ayağa qalxır, salamlaşır. Əmək haqları da digər sahələrdə çalışanlardan fərqlidir.

Konyanın iqtisadiyyat, təhsillə yanaşı, çox böyük turizm imkanları da var. Şəhərin gözəl və füsunkar təbiəti, tarixi memarlıq abidələri və muzeyləri turistlərin diqqətini Konyaya yönəldir.

Bununla belə, Konya adama ilk baxışdan kasıb şəhər təsiri bağışlayır. Burada nə dəbdəbəli evlər görünür, nə bahalı maşınlar, nə də ilk baxışdan zəngin görünən insanlar. Amma demək olmaz ki, insanlar nədənsə narazıdırlar. Problemlərindən danışınca "şükür, saglığım yerindədir" - deyə şükranlıq edirlər. Xoşuma gələn o oldu ki, konyalılar maddi sıxıntını özləri üçün dərdə çevirmirlər. Onlar üçün "yaşayış varsa, problem də olmalıdır" fikirləri mövcuddur və bu baxımdan nə üzlərindən təbəssümü, nə də dillərindən "şükür Tanrıya" sözlərini əskik edirlər.

Şəhərin küçələrində çoxlu qaçqınları görmək olur. Əsasən Suriyadan və Rumıniyadan gələnlərdir. Onlar Konyanın küçələrində dilənir və işləyirlər. İndi Konyanın zəhmətkeş həyatına qaçqınların əzablı həyatı da qarışıb. Konya bu yükü daşımağa çalışır.

Şəhərin qədim bazarı ətrafında rastlaşdığım bu insanlar haqqında yerli sakinlərdən maraqlanıram. Deyirlər ki, onlar üçün hansısa işdə çalışmaqlarının heç bir fərqi yoxdur: küçə süpürmək, ictimai tualetləri təmizləmək, xadiməlik və s. - yəni təki iş olsun. İki-üç qaçqın ailəsi də birləşib bir mənzili kirayələyir ki, kirayə haqqını ödəyə bilsinlər. Mənzillərin kirayə haqqı isə 400-600 Türkiyə lirəsi civarında dəyişir. Bu bölgədə insanlar ay ərzində 800-900 lirə qazana bilirlər.

Sürücüdən öyrəndiyimə görə, əmək haqqı və ya aylıq qazanılan pul işə görə dəyişir. Qazandıqları puldan asılı olmayaraq konyalılar istirahətlərinə də vaxt tapırlar. Məsələn, Antalya daha yaxın olduğundan konyalılar istirahət etmək üçün daha çox bu istirahət məkanını seçirlər. Bundan əlavə, şəhərin yaşıl parklarına, xüsusən Kozağac parkına "piknik"ə gəlirlər. Allahın yetirdiyindən evdə bişirdiklərinı konyalılar təbiət qoynunda yeməyi xoşlayırlar. Bəzi parklarda hətta kabab bişirməyə də icazə verilir. Parkın gözəlliyinə qarışan kabab tüstüsü, kömür üzərində qaynayan çaydanın buxarı, uşaqların şaqraq səsi, ailə üzvlərinin bir süfrə ətrafında mehribanlıqla cəm olmaları gələn qonaqların yaddaşına bu şəhərdəki münasibətlərin özəlliyi kimi yazılır.


Övliyalar vətəni

Şəhərin küçələrində də qələbəlikdir. İnsanların bu şəhərə axınını Konyanın "övliyalar şəhəri" olması ilə əlaqələndirirlər. Şəhər öz müqəddəs ruhunu qoruyub saxlayıb.

Yaxın-uzaq yerlərdən - Türkiyənin bölgələrindən, türkdilli ölkələrdən, Avropa ölkələrindən məhz mövləvi yolunun öncülünün muzeyini ziyarət etməyə gəlirlər. "Sən kim olursan, gəl, dərgahımız ümidsizlik dərgahı deyil" deyən filosofun çağırışına dünyanın hər yerindən hay verirlər.

Şeyx Cəlaləddin Ruminin muzeyinı ziyarət edənlər öncə həyətdəki məscidə baş çəkirlər. Qarsdan gələn Əsmər adlı qadın ziyarətgaha tez-tez gəldiyini söylədi. "Nə arzumuz varsa, onun həyata keçməsi üçün Həzrəti Mövlananı ziyarətə gəlirik", - deyib mənə də caminin içərisinə keçməyi, mətləblərimin gerçəkləşməsi üçün dualar etməyimi məsləhət gördü: "Kim bilir, qəlbində nə qədər arzuların var. Get, dua elə, Allaha yalvar, eşidər", - dedi. Xəstə insanlar, qocalar, ürəklərində dərdi olanlar, ailə qurmaq istəyən cavanlar - hamısı Mövlana ziyrətgahına üz tuturdu. İnsanlar müqəddəs ziyarətgaha dərdlərinin çarəsi kimi baxırlar, ona inanırlar. İçlərindəki inam onlar üçün məsafələrin uzaqlığını və çətinliyini də itirir. Mən də onlara qoşulub məscidə daxil oluram...

Konyalılar mənə Cəlaləddin Karatay mədrəsəsini ziyarət etməyi də məsləhət görürlər. Səlcuqlar dövründə -1251-ci ildə tikilən, memarı bilinməyən mədrəsə "Çini əsərlərin muzeyi" kimi ziyarətə açılıb. Məlum olan odur ki, mədrəsə Karatay tərəfindən tikilib və abidəyə onun ismi verilib. Muzeydə Karatayın məzarı, dərs odaları və çini qablar sərgilənir.

Konyanın az qala ölkənin tarixi ilə səsləşən tarixi abidələri çoxdur. Hamısı bu qədim bölgə haqqında əsaslı bilgilər verir. Maraqlı olan odur ki, konyalılar öz tarixlərini yaxşı bilirlər. Məsələn, hansısa abidəni ziyarət etməyi məsləhət bilirlərsə, elə ilk bələdçiliyi özləri edirlər.

Konyadan maraqlı təəssüratlarla ayrıldım. Tarixlərin izini qoyduğu, mədəniyyətlərin kök saldığı bu diyardan haqqında dillər əzbəri olan "Dünyanı gəz, Konyanı gör" fikirlərinə qəlbimdə inanaraq ayrıldım...


Böyütmək üçün şəkillərə klikləyin: