""ASAN xidmət" çətinləşməmiş tədbir görün" - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

""ASAN xidmət"də asanlıq bir şey qalmayıb. Həmin qurum artıq çətin xidmətə çevrilməkdədir"

Yarandığı gündən vətəndaşların işini asanlaşdıran "ASAN xidmət"lə bağlı Milli.Az-a maraqlı şikayət daxil olub. Oxucu yazır ki, xidmətin şöbələrində insan əlindən tərpənmək olmur və növbədə xeyli gözləməli olursan.

"Təcili şəkildə "ASAN xidmət"ə böyük bina verilməli və əməkdaşların sayı artırılmalıdır. Çünki hər gün səhərdən axşama kimi həmin qurumda növbədir. Əslində, yaxşı haldır ki, əhali daha çox müraciət edir, rüşvət və bürokratik əngəllərdən yaxa qurtarmaq üçün bu xidmətə üz tuturlar. Ancaq "ASAN xidmət"in asan xidmət göstərməsini təşkil və təmin etmək lazımdır", - deyə oxucu vurğulayıb.

"ASAN xidmət"in mətbuat xidmətinin rəhbəri Anar Hüseynov Milli.Az-a açıqlamasında bildirdi ki, hazırda "ASAN xidmət" mərkəzlərinə vətəndaş axını o qədər də çox deyil. Vətəndaş axını iyunun sonu, avqustun əvvəllərinə qədər olan müddətdə çox idi. Bu isə vətəndaşların xarici ölkələrə səfərləri ilə bağlı idi. Onlar həm şəxsiyyət vəsiqəsi, həm də ümumvətəndaşlıq pasportunun alınması ilə bağlı müraciətlər edirdilər.

Qurum rəsmisinin sözlərinə görə, son bir həftədir "ASAN xidmət" şöbələrinə vətəndaş axını azalıb. Xidmətin rəsmi internet saytında (www.asan.gov.az) "canlı növbənin izlənilməsi" bölməsi var. Həmin bölmədən xidmət mərkəzlərindəki vəziyyəti izləmək olar.

A.Hüseynov qeyd etdi ki, fəsillə əlaqədar olaraq müvəqqəti belə əhali axını olur. Yenə də axını nəzərə alıb şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun verilməsi ilə bağlı 4 pəncərənin sayı 6-ya çatdırılıb. Vətəndaşlara daha keyfiyyətli və rahat xidmət göstərilməsi üçün müvafiq addımlar atılır.

"Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırıldı. Paytaxtda hazırda 4 mərkəz var. Şəhər sakinləri istənilən mərkəzə yaxınlaşaraq faydalana bilərlər. Bu axını tənzimləmək üçün sayt üzərindən funksional elektron xidmətlər təqdim etdik. Vətəndaşlar evdə və ya işdə oturaraq hansı mərkəzə getmək, növbəni tənzimləmək üçün xidmətlərdən istifadə edə bilərlər", - deyə xidmət rəmisi əlavə etdi.

"ASAN xidmət"ə gələcəkdə daha geniş binanın verilməsi ilə bağlı məsələyə gəlincə, A.Hüseynov dedi ki, hələlik ilkin binalar bunlardır və burada fəaliyyət göstərirlər:

"Binaların infrastrukturu, qəbuletmə həcmi var, amma çalışırıq bunu təkmilləşdirək. Artıq vətəndaşa növbə ilə bağlı sms məlumatlandırma xidməti də təqdim etmişik. Vətəndaş ASAN-a müraciət etdikdə, öz nömrəsini daxil edib işinə gedə bilər. Həmin vətəndaşın növbəsinin çatmasına 5 adam qalanda xəbərdarlıq mesajı ötürülür".

Böyütmək üçün şəkillərə klikləyin: