Paytaxtda onlarca ev təhlükədədir - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Qayalar üzərində yerləşən evlər təhlükə altına düşüb.

Paytaxtın Sabunçu rayonu, Seyid Hüseyn küçəsinin yaxınlığındakı ərazidə torpaq sürüşməsi baş verib.

ANS TV-nin məlumatına görə, qayalar üzərində yerləşən evlər isə təhlükə altına düşüb. Sakinlərin dediyinə görə, buradakı evlər ən azı 50-100 yaşa malikdir. Torpağın hərəkətə gəlməsi isə iki həftə əvvəldən başlayıb.

Şikayətçilər deyirlər ki, hadisə baş verən zaman aidiyyatı qrumların qaynar xəttinə müraciət etsələr də "Qeyd etdik, məsələyə baxılacaq" cavabından başqa bir şey eşitməyiblər.

İki gün əvvəl baş verən sürüşmə isə daha güclü olub və qopmuş qayalar elektrik xətlərini də qıraraq dəmiryolu relslərinin üzərinə salıb. Aidiyyatı qurumun müdaxiləsilə xətlərdəki problem aradan qaldırılıb.

Sakinlərin sözlərinə görə, qayalarda çatların olduğunu nəzərə alsaq, deməli, növbəti sürüşmə də qaçılmazdır.

Sürüşmə yol kənarındakı ağacları da məhv edib. Təbiət hadisəsinin qarşısı alınmasa da "Baş verə biləcək hadisələrin miqyası böyüyəcək" deyir sakinlər. Odur ki, problemlə bağlı Sabunçu rayon bələdiyyəsinə yollandıq. İş vaxtı bitdiyindən sədr müavinilə telefon əlaqəsi saxladıq. O bildirdi ki, ərazi "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsusdur və müvafiq tədbirləri onlar görməlidir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədovun sözlərinə görə, ərazidə kanalizasiya xətləri olmadığından çirkab suları qazılmış quyulara axıdılır: "Bu səbəbdən də qayalar aşınır və nəticədə bu cür xoşagəlməz hadisələr yaşanır. Buna baxmayaraq ərazidə növbəti sürüşmənin qarşısının alınması üçün tədbirlər görüləcək. Ancaq əhalinin təhlükəsizliyinə biz təminat verə bilmərik".

Videonu izləmək üçün şəklə klikləyin:

фото