Bakının mərkəzində velosiped problemi

Day.Az представляет новость на азербайджанском языке.

Nazim Məcidov: "Velosiped sürmək üçün Yeni Bulvar ərazisində 4 kilometr məsafədə rahat şərait yaradılıb".

Hər gün ən qısa müddətdə belə velosiped sürmək ürək xəstəliklərinin əmələ gəlmə riskini xeyli azaldır. Bunu britaniyalı alimlər müəyyənləşdiriblər. Tədqiqat göstərib ki, həftədə velosipedlə 30 kilometr yol qət etməklə ürək xəstəliklərinin yaranma riskini düz 50 faiz azaltmaq mümkündür. Velosiped sürməklə artıq çəkidən də asanlıqla xilas olmaq mümkündür. 1 saat velosiped sürən şəxs təxminən 300 kilo kalori atır. Hər gün yarım saat velosiped sürmək 11 kiloqram piyi əritməyə imkan verir.

Velosipeddən istifadə insan sağlamlığında mühüm rol oynamaqla yanaşı, həm də ekoloji baxımdan ən təmiz nəqliyyat növüdür. Bu gün bir sıra ölkələrdə məhz bu nəqliyyat növündən geniş istifadə edilməsi də təsadüfi deyil. Hətta həmin ölkələrdə yalnız adi vətəndaşlar deyil, dövlət məmurları belə velosipeddən istifadəyə üstünlük verirlər. Məsələn, Yaponiyada təbiəti mühafizə etmək üçün nazirlər xidməti maşından yox, məhz velosipeddən istifadə edirlər. Beləliklə, bir sıra xəstəliklərin qarşısını alan, orqanizmin fəaliyyətinə müsbət təsir göstərən, ətraf mühitin təmizliyinə şərait yaradan velosiped, insanlara həm də mənzil başına tez çatmaqda yardım edir. Velosiped fransızca "tez ayaq" deməkdir. Ancaq təəssüflər olsun ki, Bakıda velosiped sürmək üçün xüsusi zolaqlar nəzərdə tutulmayıb.

Buna görə də velosiped həvəskarları məcbur olub Dənizkənarı parkda, "Torqovaya" kimi tanınan Nizami küçəsində sürürlər. Bu da həmin yerlərdə istirahət edən, gəzişən piyadalara maneçilik törədir. Hətta bu velosipedçilər hərdən azyaşlı uşaqları belə əzirlər. Paytaxtda yalnız Yeni Bulvar ərazisində velosiped sürməyə icazə verilir. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov: "Velosiped sürmək üçün Yeni Bulvar ərazisində 2 kilometr irəli, 2 kilometr geriyə, yəni 4 kilometrlik məsafədə rahat şərait yaradılıb. İnsanlara da bu haqda daima məlumat verilir.

Bu, Kütləvi İnformasiya Vasitələri ilə də bildirilir, bizim mühafizə xidməti bulvar ərazisinə daxil olan hər bir vətəndaşa da bunu izah edir. Amma buna baxmayaraq, bu qayda-qanunlara riayət etməyib velosiped sürmək üçün nəzərdə tutulmayan yollarda velosiped sürənlər də var. Biz onlarla mübarizə aparmaq üçün maksimum çalışırıq. Bu işdə bizə Kütləvi İnformasiya Vasitələrinin də böyük dəstəyi var. İnsanlar 24 saat ərzində Yeni Bulvar ərazisində rahat bir şəkildə velosiped sürə bilərlər. Velosiped sürənin özünün bir vicdanı olmalıdır. Harada insan axını çoxdursa, hansı ki, o axında yaşlı insanlar, körpə uşaqlar var, orda velosiped sürmək olmaz. Ona görə də başa düşməlidirlər ki, insanların çox olduğu yerdə velosiped sürülməməlidir. Təbii ki, bu cür insanların sayı çox deyil. Bu problemi kökündən həll etmək üçün kütləvi ictimai qınaq da lazımdır. Həmçinin Kütləvi İnformasiya Vasitələri bu yöndə təbliğatı gücləndirməlidir".