Gəncədə sərin su aksiyası

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, sinoptiklərin istilərin avqust ayının 25-nə qədər davam edəcək xəbəri YAP Gəncə şəhər Təşkilatı işçilərini, sözün əsl mənasında, səfərbər edib. Nəticədə təşkilatın əməkdaşları pulsuz su kampaniyasına start veriblər. Eyni zamanda ərazilərə təcili tibbi yardım briqadaları da cəlb edilib.

Fərid Dünyamalıyev, YAP Gəncə şəhər Təşkilatının Gənclər Birliyinin sədri: "Başqa sözlə, aksiyamıza peşəkar həkim kollektivi də qoşulub. Düşünürük ki, isti havada günvurma halları ola bilər və belə halların yerində və anında qarşısının alınması üçün düşünürəm ki, belə aksiyaların keçirilməsi vacibdir".

Sərin su aksiyasının əhalinin sıx olduğu ərazilərdə genişləndirilməsi nəzərdə tutulub. YAP Gəncə şəhər Təşkilatı digər müəssisə və təşkilatları bu aksiyaya qoşulmağa səsləyir.

Fərid Dünyamalıyev: "Aksiyamız şəhərin müxtəlif istiqamətlərində həyata keçiriləcək. Təxminən 6-7 distansiya müəyyən etmişik. Düşünürəm ki, bu aksiyaya hər kəs qoşula bilər. Hər hansı bir idarə və ya müəssisə də iştirak edə bilər. Sadəcə, hər bir müəssisə əlindən gələn qədər dəstək göstərsə, aksiya genişlənə bilər".

Bu arada, bu gün havanın temperaturunun 41 dərəcədən yuxarı olduğu nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə açıq hava şəraitində işlərin saat 17:00-dək dayandırılması barədə aidiyyəti işəgötürənlərə göstəriş verib.