Bakı metrosunda təhqir kimi elan

Day.Az представляет новость на азербайджанском языке.

Bakı mertrosundan istifadə edən adamlar eşitməmiş olmazlar. Metronun vaqonlarında məlahətli səsi olan bir xanım sərnişinlərə yumşaq desək, tövsiyə edir: "Hörmətli sərnişinlər, qocalara, əlillərə, uşaqlı qadınlara yer verin".


Burada bəzi incə məntiqsizliklərə, sərnişinlərin təhqir edilməsini bir kənara qoyaq, belə sual yaranır: ay Bakı metrosu, əlillərin metrodan istifadə etməsi, vaqona minməsi üçün hansı şəraiti yaratdın ki, indi də sərnişinlərdən onlara qarşı humanistlik tələb edirsən.

Bu yazını yazmağa yaxınlarda istirahət üçün getdiyim ölkədə gördüklərim vadar etdi. Dincəlmək üçün getdiyim ölkədən, əslində, dinclik yox, gördüyüm mənzərə ilə ölkəmlə apardığım müqayisələrdən doğan xeyli problem gətirdim.

Maraqlıdır, bir gündə minlərlə ailənin haqlı hesab olunsa belə, çörəkpulu qazandığı obyektləri sökməklə onların büdcəsinə balta vuran metropoliten rəhbərliyi, sovet dövründən qalmasını həmişə bəhanə etdiyi metro pilləkənlərinə külüng vurub əlil arabaları üçün niyə zolaq düzəltmir? Bu nöqsanı metrodan başqa yeganə ictimai nəqliyyat olan avtobuslara da aid etmək olar. Sərnişin avtobuslarının heç birində əlil və uşaq arabaları nəzərə alınmayıb. Hətta gələcək üçün qurulduğu deyilən dayanacaqlarda səki ilə avtobusların pillələri uyğun deyil. Avtobuslara nə əlil, nə də uşaq arabası ilə minmək mümkündür.

Bu yaxınlarda İspaniyada səfərdə olarkən hər addımda rastlaşdığım əlil arabaları diqqətimi çəkmişdi. Kimisi arvadını, kimisi qardaşını, başqa birisi nənəsini əlil arabasında daşıyır, araba ilə metroya, avtobusa, tramvaya minirdi. Bir anlığa Bakı küçələrini göz önünə gətirdim, son bir ayda əlil arabasında kimisə gördüyümü yadıma sala bilmədim. Bəli, Azərbaycanda küçədə əlilə rast gəlmək nadir hallarda mümkündür. Niyə axı? Bizdə əlil yoxdur, yoxsa? Ermənistanla müharibə şəraitində olan Azərbaycanın yüzlərlə əlili var. Hələ anadangəlmə əlilliyi olanları demirəm. Rəsmi rəqəmlərə görə, Azərbaycanda əlilliyi olan insanların sayı 520 minə yaxındır. Bəs bizdə niyə əlillər görünmür?

Səbəb sadədir, əlilin Bakı küçələrində hərəkəti üçün heç bir şərait yoxdur. Bu məsələdə tək dövlət yox, həm də əlil ailələrini də qınamaq lazımdır. Çoxları əlil balasını, bacısını, qardaşını, ərini və ya yaxud valideynlərini üzə çıxarmağı ayıb bilir. Əgər sənin fiziki problemlərin varsa, ailənin ayıbısan, töhmətisən. Lakin əlillərə münasibət pis olsa da, ailə əlilini utanc saysa da, onlar dövlətin vətəndaşı, problemidir. Bəlkə də, elə insanlarda əlil yaxınına qarşı olan yad münasibət də elə dövlətin onlara münasibətindən doğub. Əlillərin nəqliyyatda, küçələrdə hərəkəti nəzərə alınmırsa, əlil insanlar işə götürülmürsə, onların sosial həyatı yoxdursa, bu, elə onlara qarşı münasibəti formalaşdıran səbəbdir.

Düşünürəm ki, bu yazıdan sonra, metropoliten rəhbərliyi, vaqonlarda məlahətli səsli xanımın sərnişinlərə etdiyi tövsiyənin məzmununu yox, stansiyaların pilləkənlərinin formasını dəyişəcək, ən azı əlillər üçün bir araba zolağı salacaq. Unutmayaq, əlilin varsa, ona sahib çıxırsansa, dövlətsən, millətsən, "yoxdursa", gizlədirsənsə əlilsən...

Anar Məmmədov
Milli.Az