Həkim məmur oğlunu təkzib etdi: "Sərxoşam dedi"
Day.Az представляет новость на азербайджанском языке.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan məmur oğlunun cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

"Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxs X.Mədətov bu dəfə də ifadə verməkdən imtina edib.

Məhkəmədə ifadə verən həkim-ekspert Kamil Məmmədov qəza nəticəsində dünyasını dəyişən xalq artistinin həyat yoldaşı 54 yaşlı Brilliant Abdullayevanın ölümünə səbəb kimi qabırğaların çoxsaylı sınığı və bud sümüyünün açıq sınığı nəticəsində baş verən travmatik şoku göstərsə də, təqsirləndirilən tərəfin vəkili ekspert rəyinə etirazını bildirib. Vəkil İsmayıl Mirzəzadə təlimatlarda bud sümüyünün açıq sınığının travmatik şoka səbəb olmasını sübut edəcək bənd olmadığını əsas gətirərək, həkim-ekspertə növbəti prosesdə təlimatlarla tanış olmaq istədiyini bildirib.

Prosesdə iştirak edən A.Abdullayevin oğlu Vüqar Abdullayev hadisə gününü xatırlayıb: "Maşından düşdüm, anama yaxınlaşanda hadisənin baş verməsindən 5 dəqiqə keçmişdi. Onun öldüyünə əmin deyildim. Təcili tibbi yardım 20-25 dəqiqə sonra gəldi hadisə yerinə".

Ötən məhkəmə prosesində təqsirləndirilən şəxs X.Mədətov qəza baş verən gün içkili olmadığını desə də, həkim-narkoloq Samir Məmmədov onun orta dərəcəli alkoqollu olması ilə bağlı rəy verib. Həkim-narkoloq bildirib ki, həmin gün X.Mədətov müayinədən imtina edib və özü içkili olmasını etiraf etmişdi. O, həmçinin əlavə edib ki, həmin gün ona 2-3 nəfər şəxs yaxınlaşaraq ondan Mədətovun içkili olmaması ilə bağlı rəy verməsini istəyiblər.

X.Mədətov isə həkimin rəyinə etiraz edib: "Mən şok vəziyyətində idim, özümdə deyildim. İçkili olmağımla bağlı etiraf etməmişəm".

Növbəti məhkəmə prosesi avqustun 28-i, saat 14:00-a təyin edilib.

Qeyd edək ki, X.Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur.

Həmin hadisədən 2 gün sonra isə prezidentin sərəncamı ilə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.