Azərbaycanda istirahət mədəniyyətsizliyi - FOTO Day.Az представляет новость на азербайджанском языке.

İstirahət üçün yolunu şəhərətrafı kəndlərdən salan bəzi insanlar özlərindən sonra həmin yerdə iz buraxırlar. Təəssüf ki, həmin iz zibillə salınır.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Göygöl rayonunun Toğana kəndində olarkən qarşılaşdığımız mənzərə heç də ürəkaçan olmadı. Kəndi ikiyə bölən Kürəkçayın çirkli vəziyyəti insanı istirahət sevdasından, sözün əsl mənasında, çəkindirirdi. Sanki, çay yay boyu burada istirahət edən insanların zibil atmaq üçün ən rahat yerinə çevrilib. Əslində, mənzərəni seyr edərkən düşündük ki, bəlkə yanılırıq, bu, sivil vətəndaşın etdiyi bir hərəkətə bənzəmir. Axı təbiətin bizə bəxş etdiyi gözəlliyə bu qədər laqeyd yanaşmaq olmaz!..
Kənd sakinlərinin fikrini öyrənəndə məlum oldu ki...

Zaman Verdiyev
, Toğana sakini: "Dincəlməyə gələnlər çox olur. Sadəcə olaraq, kəndi çox zibilləyirlər. Çaya baxırsan ki, hər tərəfi zibildir. Yolun kənarları da eyni vəziyyətdədir".

Mamed Süleymanov
, Toğana sakini: "Gəncədən, hər yerdən gəlib oturub, yeyib-içirlər. Sonra bütün zibilləri Kürəkçaya axıdırlar. Deyəndə etməyin, deyirlər, bizim kefimiz belə istəyir".

Məsələ ilə bağlı Göygöl rayon İcra Hakimiyyətinə də müraciət etdik. Buradan bildirildi ki, Toğana kəndində hər gün təmizlik işləri aparılır. Lakin buna baxmayaraq, antisanitar vəziyyət hökm sürür, səbəb isə istirahət edən insanların ətarafı çirkləndirmələridir.

Analoji vəziyyət Hacıkənddə də yaşanır. İstirahət üçün ən çox üz tutulan bu qəsəbənin sakinləri də eyni vəziyyətdən şikayətçidirlər.

Sevinc Tağıyeva, Hacıkənd sakini: "Yediklərini yola tökürlər. Kim nə istəyir edir, özbaşınalıqdır. Dəfələrlə gətirib bizim ağacın altına zibil qoyublar. Belə şey olmaz axı!"

Sevda Zeynalova, Hacıkənd sakini: "Buradan keçənlər zibili yollara tökürlər. Pivə qabı, butulkalar... Hər dəfə o zibilləri mən özüm təmizləyirəm".

Deyirlər istirahət təhlükənin başladığı anda bitir. Gördüklərimizin ciddi ekoloji problem olduğunu nəzərə alsaq, qeyd etmək yerinə düşər ki, təhlükə heç də uzaqda deyil, elə ayağımızın dəydiyi məkanlardadır...

Böyütmək üçün şəkillərə klikləyin: