Hamiləlikdə arzuolunmaz hadisələrdən necə qorunmalı? Day.Az представляет новость на азербайджанском языке.

Hamilə qadınlar adətən uşaqlarını çox erkən vaxtlarda itirmələrindən, yaxud onları qeyri-sağlam dünyaya gətirmələrindən şikayətlənirlər. Ginekoloqlar isə bu kimi problemlərlə üzləşməmək üçün ilk növbədə, onların vaxtı-vaxtında müayinədən keçməsinin vacibliyini vurğulayırlar. Mütəxəssislərin fikrincə, müayinə zamanı aşkara çıxan problemlərin 60-70 faiz qarşısını almaq mümkün olur.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Qadın Məsləhətxanasının baş həkimi Rəna Bağırovanın sözlərinə görə, hamilə qadın hamiləliyin hələ lap əvvəlindən başlayaraq doğuşa qədər olan dövr ərzində mütəmadi olaraq mama-ginekoloqun nəzarətində olmalıdır. Bununçün o, ilk növbədə, pasport qeydiyyatında olduğu ərazi üzrə qadın məsləhətxanasında qeydiyyata düşməlidir. Baş mama-ginekoloq deyir ki, bəzi hamilə qadınlar səhhətlərinə laqeydliklə yanaşırlar ki, bu da arzuolunmaz sonluqla nəticələnə bilər.

Rəna Bağırova: "Əfsuslar olsun ki, xanımlarımız ailə qurarkən onlar orqanizmlərindəki xəstəliklərdən xəbərsiz olurlar. Məsələn, ürəkdə, oynaqlarda ağrı olur, ciyərdə problem olur. Artıq hamilə qalandan sonra isə həmin xəstəliklər üzə çıxmağa başlayır. Qadın məsləhətxanasına müraciət edən qadınlar vaxtında müayinə olunanda ağırlaşmaların artıq qarşısı alınır".

Hamiləliyin gedişinin müxtəlif fazalarına nəzarət edilməsinə etinasızlıq yolverilməzdir. Qadın sağlamlıq durumundakı ən kiçik dəyişikliklərdən belə, həkimini xəbərdar etməlidir. Yalnız bu zaman mövcud problemin 60-70 % qarşısını almaq olar.

Rəna Bağırova: "Qadın xəstəlikləri, birinci növbədə, laqeydlik, səhhətinə qarşı biganəlikdir. Hamilə qadın əgər 3 aydan bir müayinədən keçərsə, bu zaman o, yarana biləcək problemlərdən vaxtında xəbərdar olub qarşısını ala bilər".

Hazırda Gəncə şəhər Qadın Məsləhətxanasında 2190 hamilə qadın qeydiyyatdadır.