Məktəb bazarları: əliniz cibinizdə olsun! - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Artıq sentyabr ayı qapımızı döyməkdədir. Məktəblilərin yay tətili sona yaxınlaşır. Yeni dərs ilinə hazırlıq ən qaynar nöqtəsinə çatıb.

Yeni dərs ilinin ərəfəsində ölkəmizdə məktəb bazarları fəaliyyətə başlayıb.

Sentyabr ayının gəlişi ailələrin çoxunda məktəb ləvazimatlarının alınma həyəcanı ilə qeyd olunur. Bu isə yeri gəlmişkən, ailə büdcəsinə olduqca təsir edir.

Uşaqlara məktəb və idman forması, mövsümə uyğun idman dərsləri üçün nəzərdə tutulmuş ayaqqabı, çanta, dəftər və ayrı-ayrı dəftərxana mallarının alınması zəruridir. Bunların hamısı artıqlaması ilə məktəb bazarlarında və dəftərxana mağazalarında müştərilərə təklif edilir.

Bugünkü məktəb ləvazimatları bazarı olduqca zəngin və böyükdir. Bunlar ailəyə neçəyə başa gələ bilər? Valideynlərin dediyinə görə, bunun üçün heç olmasa 200 manat lazımdır. Bu isə ailə büdcəsi üçün çətindir, xüsusilə bir ailədən məktəbə gedən uşaqların sayı 2 ya 3 nəfər olanda bu məbləğ yetərli olmaya bilər.

"Ədalət naminə qeyd edək ki, kecmiş illə müqayisə edəndə qiymətlərin artması müşahidə olunmur. Əksinə, hətta cuzi miqdarda olsa da qiymətlər aşağı düşüb, lakin bunların alınması üçün ən azından 150 manat tələb olunur", - deyə 173 saylı məktəbin direktoru Atikə Həsənova deyir.

Əlbəttə, məktəb ləvazimatlarının və dəftərxana mallarının qabaqcadan alınması daha əlverişli olur. O zaman onları daha ucüz qiymətə almaq və tələsmədən seçmək də mümkündür. Paltar, ayaqqabı və çantaya gəldikdə isə bunları dərs ili yaxınlaşarkən almaq səmərəlidir. Nəzərə almaq lazımdır ki, yay aylarında uşaqların əksəriyyəti boy atır.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, "Bakı Tikiş Evi"ndən mediaya verilən məlumata görə, bu il ölçülərindən asılı olmayaraq məktəb formalarının qiyməti təsbit edilmiş olacaq.

Aşağı siniflərdə oxuyan uşaqlar həm oğlan, həm də qızlar üçün məktəbli formasının qiyməti 40 manat, yuxarı sinif şagirdləri üçün 52 manat təşkil edəcək. Formaya əlavə 2-3 ədəd əvəzedici köynək almaq üçün daha əlavə olaraq 15 və 21 manat xərcləməlisən. Belə olan halda formanın qiyməti 55 və 73 manata çatır.

Ölkəmizdə kitabların şagirdlərə pulsuz verilməsi ailələr üçün olduqca böyük köməkdir.

173 saylı məktəbin direktoru Atikə Həsənovanın fikrincə, yalnız tək bir uşağın kitab dəsti valideynlərə 80 manata qədər və daha çox başa gələ bilər. Bu, uşağın hansı sinifdə oxuduğundan asılıdır. "Öz növbəmizdə biz məktəbimizdə aztəminatlı ailələrə kömək etmək məqsədilə bir çox valideynlərə təklif etmişik ki, onlar uşaqlarının köhnə formalarını məktəbə təhvil versinlər, çünki bilirik ki, keyfiyyətli parçadan tikilmiş formalar yuyulub ütülənəndən sonra təzə kimi qalır. Bu işi məktəb öz üzərinə götürür. Hazırda belə ailələrin sayı kifayət qədərdir. Belə köhnə formalara tələbat olduğundan onların hamısı uşaqlara paylanılır", - deyə Atikə Həsənova əlavə edib.

Valideynlərə isə bir məsləhət vermək istərdik. Məktəbli çantasını komplektləşdirərkən ən bahalı ləvazimatları almağa çalışmayın. Bu cür əşyaların nə dərəcədə qiymətli olduğunu uşaqların özləri dəyərləndirsələr, yaxşıdır, çünki bu əşyalar digər əşyalar kimi sına, itirilə və ya dost, rəfiqələrə istifadə etmək üçün verilə bilər. Ən ucuz ləvazimatları da almaq məsləhət görülmür. Bu halda özünüzü aşağı keyfiyətli malların alınmasından qoruya bilərsiniz. Bir malı istehsal edən şirkətin və hansı xam maldan hazırlandığını təyin edə bilmirsinizsə, ondan uzaq durmağınız məsləhətdir. Nəticədə bunlar uşaqlarınızın sağlamlığına təhlükə yarada bilər.

Böyütmək üçün şəkillərə klikləyin: