Toydan qaçan gəlinlər - son vaxtların dəbi Day.Az представляет новость на азербайджанском языке.


Toydan qaçan gəlin sindromu barədə bilinməyənlər.

Sanki son vaxtların dəbinə çevrilib. Günaşırı Azərbaycanın müxtəlif bölgələrindən "gəlin toydan qaçdı" tipli xəbərlər gəlir. Səbəblər bir-birindən fərqlidir. Birində gəlinin evlənəcəyi oğlanı yox, başqasını sevməsi göstərilir. Bir başqasında səbəb daha fərqli nüanslarda gizlədilir...

Filmlər, seriallar və qaçan gəlin romantikası...

Daha çox serialların, Türkiyə və xarici filmlərin sevimli ssenarisi olan bu "evdən qaçan gəlin" mövzusu günümüzə daşınıb. Məlum, xaricilərdə gəlinlər toyun depressiyasına dözmədikləri, evliliyin çətinliyinə tab gətirməyəcəklərini anladıqları üçün "yol yaxınkən" əyinlərində ağ gəlinlik libası məkanı tərk edirlər. Filmə daha çox məna qatmaq üçün bəzən gəlinlərin nikah məmurunun məlum sualından dərhal sonra "start" düyməsinə basıb, qaçması səhnəsi klassikdir...

"Siz, filankəsova filankəs bəhmənkəsov bəhmənkəslə evlənməyə razısınızmı?" Bax, bu ədəbi və əzəli sualın ardınca gəlin də dabanına tüpürüb aradan çıxır. Tapa bilənə halal olsun...

İndi deyilə bilər ki, bizim qızlar da filmlərin təsiri altına düşüblər. Zarafat deyil, ötən il Türkiyə telekanallarından birində yayımlanan serialın adı məhz belə idi: "Kaçak gelinler". Sevmədiyi adamla evlənməmək üçün qaçan bir gəlin, onu toy günü tərk edən adamın arxasınca qaçan gəlin. Hərəsinin bir hekayəsi vardı. Kim təminat verə bilər ki, bizim gənc qızları bu hekayələr "yoldan çıxarmayıb"?

Əsas kateqoriya - zorla evləndirilən qızlar

Amma sosioloji araşdırmalar səbəblərin bu qədər bəsit olmadığını sübut edib. Məlum olub ki, toyundan qaçan xanımlar bir neçə kateqoriyaya bölünür. Başlayaq birincidən.

Zorla evləndirilən qadınlar: Bu qadınlar ailənin basqısı ilə evlənirlər. Ailə, ya pulun gücü, ya da böyüklərin məsləhəti ilə qızı sevmədiyi oğlanla evləndirməyə qərar verir. Əgər qız cəsarətlidirsə və hər şeyi göz önünə alıbsa, ilk fürsətdə evdən qaçır. Təbii ki, qaçanda da özünü maddi cəhətdən təmin etmək üçün toyda alınan qızıl əşyalarını və pulları da götürür. Bu arada bir haşiyə çıxaq ki, toyundan qaçan gəlinlərlə bağlı statistika Türkiyədə də xeyli zəngindir. Bu halda gəlinlər toy günü qonaqların hədiyyə olaraq taxdığı zinyət əşyaları və pulları da götürüb aradan çıxır. Çox vaxt da Türkiyədə dələduz qızların, qadınların asan yolla pul qazanmaq üçün belə toy teatrlarından istifadə etdiyi üzə çıxır.

Sözügedən situasiyada daha çox bəylər zərərçəkən sayılır. Həm maddi, həm mənəvi. Adamların bütün toy xərci batır, üstəlik, imiclərinə vurulan zərbə də onları məhv edir. Bu halda bir çoxu gəlinin izinə düşür, bəziləri isə "məni istəməyəni mən dünəndən istəmərəm" məntiqi ilə gəlini unudur. Vəkil-məhkəmə yolu ilə onu tərk edən qadından intiqam almaq istəyən bəylər sayca azlıq təşkil edir. Bu, daha çox kuryoz hadisələrin baş verdiyi Avropa ölkələrində ola bilər.

"Gəlin toydan qaçırsa, günah kimdədir?

İkinci kateqoriya isə soyğunçuluq etmək üçün toydan qaçan gəlinlərdir. Yuxarıda onlar barədə xırda məlumat vermişdik. Bu cür qadınlar haqda xüsusi nələrsə danışmağa ehtiyac yoxdur. Onlar mafiya kimidir. Xüsusən yaşlı, ya da əlil, köməksiz kişilərlə ailə qururlar. Toy günü isə yığılan pulu, zinyət əşyasını götürüb aradan çıxırlar.

Üçüncü kateqroiya daha ilgincdir: onlar ailə təzyiqindən qurtulmaq üçün evlənən qızlardır. Bu cür qızlar ailəsindən qurtulmaq üçün bu yola baş vururlar. Saçına, makiyajına, küçəyə çıxmasına qarışılan bu qadınlar ya qohum-əqrəbadan, ya da məhəllənin gənclərindən birini "qurban" olaraq seçir, evləndiyi gün aradan çıxır. Bu kateqoriyadan olan qızların zinyət əşyalarını özüylə aparması və sair dələduzluq etməsi görünməyib.

Keçək dördüncü kateqoriyaya. Bu da sevdiyi adamla evlənmək üçün başqasıyla evlənən qadınlardır. Yanıltmac kimi səsləndiyinin fərqindəyik. "Sevdiyi ilə evlənmək istəyirsə, elə onunla evlənsin də" deməyə tələsməyin. Həyatda hər şey ola bilər. Bu kateqoriyadan olan qızlar sevdikləri ilə ya vəlvələdən, ya zəlzələdən ayrıla bilər. Ailəsi onu başqası ilə evləndirən gün isə radikal qərar verib qaçar. Bundan başqa, sevdiyi çox kasıb, imkansız biridirsə, qız yenə də toy günü qızılları götürüb aradan çıxmaq perspektivini düşünüb, toydan qaça bilər və sair.

Uşaq yaşdakı qızlar toy günü "yuxudan ayılır"

Türkiyəli sosioloqlar bu mövzu ilə bağlı daha bir maraqlı kateqoriya da aşkarlayıblar. Məlum olub ki, zifaf gecəsi travması ucbatından qaçan qızlar da az deyil. Bakirə olmayan və bunun üzə çıxacağının qorxusu onları son anda yaxalayır və aradan çıxırlar.

Digər kateqoriya isə evlənmək üçün canfəşanlıq edib, son məqamda bundan sıxılan qızlardır. Onlar daha çox uşaq yaşda olurlar. Evlənmək üçün tələsirlər, çünki bunu da evcik-evcik oyunu kimi görürlər. Son məqamda isə bunun oyun olmadığının fərqinə varırlar ki, nəticəni də siz bilirsiz. Qaçan gəlin və onun arxasınca saçını yolan anası, pərt vəziyyətdəki atası...


Toydan qaçan gəlin "o, məndən elə şeylər istəyirdi ki..." deyir...

Toydan qaçan gəlinlərin öz izahatları, hekayələri isə tamam fərqlidir. Yəqin xatırlayırsız, Lənkəran rayonunun Havzava kəndində baş tutan qəribə toy haqda məlumat vermişdik. Bu toyun qəribəliyi onda idi ki, toyuna iki gün qalmış 18 yaşlı gənc qız qəfil yoxa çıxmışdı. Bu xoşagəlməz məqama baxmayaraq, toy baş tutmuşdu. Məsələn, həmin qız - Günəş Mənsimzadə toydan qaçmasını belə izah edirdi: "Atam hər zaman mənə fiziki təzyiq göstərirdi. Günün birində Nazim Həsənov adlı birisi mənə elçi gəldi. Ailəm məni ona vermək istədi, ağladım. Dedim ki, mən oxumaq istəyirəm, ərə getmək istəmirəm. Amma ailəm mənim dediyimə məhəl qoymadı. Bir il sonra nişan oldu. Oğlan məndən 10 yaş böyükdür. Bizim dünyagörüşümüz tamamilə fərqlənirdi. Onun istəkləri tamam başqa, mənim istəklərim isə tamamən başqa idi. İlk gündən Nazim Həsənovla mübahisələrimiz başladı. O məndən elə şeylər istəyirdi ki, mən isə onu istəmirdim".

Bu müddət ərzində isə Günəş Mənsimzadə Elyana Hüseynovanın evində qalıb. Elyana xanım deyir ki, Günəşin evdən qaçdığından xəbərsiz olub.

Qaçan gəlinlər və son məktub...

"...Mən gedirəm. Bilirəm ki, çox şayiələr qoşacaqlar. And olsun yaradana, tək gedirəm. Qız var anasıyla qalır, onlarda qalacam bir müddət. Onların yanında da işləyəcəyəm. Bu toy olsa bədbəxtçiliklə bitəcək sonda. Yaxşısı budur olmasın. Bəri başdan evlənməmək daha yaxşıdır. Zəhləmiz gedir bir-birimizdən. Evlənmək rüsvayçılıq olardı". Bu da elə haqqında danışdığımız gəlinin yazdığı məktub. Sosioloqlar hesab edir ki, evdən qaçma da intihar aktına bənzəyir. Belə ki, qəfil və radikal qərar verən şəxslər bunun açıqlamasını da yaxın ətraflarına verməyi özlərinə borc sayır. Mütəxəssislərin fikrincə, bu, həmin şəxslərdə məsuliyyət hissinin olmasından xəbər verir.

Gəlin toy günü 102-yə zəng vurub, keçmiş qayınanası isə onu məhkəməyə verib

2013-cü ildə Ağcabədidə baş vermiş bənzər olayda isə tamam fərqli nüanslar üzə çıxmış və məsələ məhkəmədə bitmişdi. Ağcabədi Rayon Məhkəməsində zərərçəkmiş bəy - Balabəy Əliyevin anası Zülfiyyə Əliyevanın müraciəti əsasında məhkəmə baxışı keçirilib. Z.Əliyeva məhkəmədə toya çəkilən xərc və qıza alınmış qızılları tələb edib. Qeyd edək ki, Z.Əliyeva əvvəlcə hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin işdə cinayət tərkibi aşkarlanmayıb. Ona görə də iş məhkəməyə göndərilib. Xatırladaq ki, toydan qaçan gəlin "102" qaynar xəttinə zəng vurub və zorla ərə verildiyini bildirərək, hüquq-mühafizə orqanlarından yardım istəyib. Rayon polis şöbəsindən bildirilib ki, qız gəlinlik paltarında dayısı arvadı ilə birlikdə şöbəyə gəlib. Gəlin iddia edib ki, o öz dayısı oğlunu sevir. Mübahisəli vəziyyəti araşdırmaq üçün bəy tərəfi də polisə dəvət olunub. Dindirildikdən sonra oğlan tərəfinin bu işdə heç bir günahı olmadığı müəyyənləşib.