"Göydələn"lərdə mənzillərin qiyməti ucuzlaşıb Day.Az представляет новость на азербайджанском языке.

Rusiya ilə Ukrayna arasında yaranan siyasi gərginliyin Azərbaycanın mənzil və tikinti materialları bazarına müəyyən təsirlər göstərməsi məlumdur. Belə ki, bu ölkələrdə yaşayan soydaşlarımızın axını ilin əvvəlində mənzil bazarında aktivlik yaradıb. Bu səbəbdən evlərin qiyməti iyun ayına qədər 30 faizə qədər bahalaşsa da, yay aylarında nisbətən sabitlik yaranıb. Hətta qiymətlərdə gözlənilməz ucuzlaşma baş verməkdədir.

"MBA" Consulting Groupun rəhbəri Nüsrət İbrahimlinin məlumatına görə, iyul ayında Bakı şəhəri üzrə "göydələn"lərdə mənzillərin qiyməti 5,7 faiz ucuzlaşıb. Ötən ay ilkin yaşayış mənzillərinin hesablanmış orta qiyməti 1029 AZN/kv.m-dən 973 AZN/kv.m-ə qədər ucuzlaşıb.

Mənzillərin qiyməti artıq "doyub"

N.İbrahimliyə görə, paytaxtda aktivlik ötən ilin müvafiq ayı ilə müqayisədə 6 faiz artıb: "Bununla yanaşı, son 3 ayda ilkin mənzil bazarının təklif portfelində baş verən azalmalar iyul ayında artımla müşahidə edilib. Aktivliyin azalması ilə əlaqədar alıcılıq qabiliyyəti də azalıb, bu da öz növbəsində ilkin mənzil bazarında təklif portfelinin artımına səbəb olub. Bazar portfelində ümumi təkliflərin sayı isə 568 ədəd təşkil edib ki, bu da öz növbəsində ötən ay ilə müqayisədə 31 faiz, ilin müvafiq ayı ilə müqayisədə isə 10 faiz çox olub".

Ekspertin sözlərinə görə, son ayda əmlak bazarında aparılan araşdırmalar onu göstərir ki, qiymətlərdə tədricən stabilləşmə prosesi getməkdədir: "Ümumilikdə təkrar və ilkin yaşayış mənzil bazarında qiymətlərin nisbətən azalması strukturun dəyişmə səbəbilə baş verir. Yəni bazarda qiymətlərin artıb-azalması təklif portfelində olan bəzi bahalı və ya ucuz mənzillərin hesabına baş verir. Son 3 ayda davamlı olaraq qiymətin bir ayda artması, növbəti ayda isə qiymətin azalmasını bazarda aktivliyin stabilləşmə meylliyi ilə əlaqələndirmək olar. Ötən ay qiymətlərin ucuzlaşmasının səbəblərindən biri mövsümi amil, digər tərəfdən isə, son bir il ərzində ilkin mənzil bazarında qiymətlərin 24 faiz artması ilə reallıqdan uzaqlaşması olub. Nəticədə bazarda real alıcılar tədricən tükənir və potensial alıcıların azalması ilə əlaqədar, ilkin mənzil bazarında qiymətlərin azalmasını normal qarşılamaq olar. Ümumiyyətlə, son aylarda təklifin həcmində azalmalar olsa da, iyul ayında bu rəqəm kəskin artıb. Bu artmaya əsas səbəb kimi, bazarda potensial alıcıların azalmasını göstərmək olar. Artım, əsasən bahalı mənzil bazarında qeydə alınıb. Alıcıların əksəriyyəti ucuz mənzillər əldə etmək istədiklərinə görə yeni tikilən evlərlə bağlı təkliflərdə ucuz mənzillərin sayında azalma, bahalı mənzillərin sayında isə artım müşahidə olunur".

- "Ekonom klass" sinfinə daxil olan binaların kv.m-nin orta qiyməti 950 dollar və ya mənzilin orta qiyməti 137 min dollara,

- "Biznes klass"da kv.m-nin orta dəyəri 1500 dollar və ya mənzilin orta qiyməti 210 min dollara,

- "VİP klass" sinfində isə evlərin orta qiyməti 2600 dollar/kv.m və ya mənzilin orta dəyəri 480 min dollara təklif edilir.

"Elit" mənzillər, əsasən, şəhərin II zonası olan Yasamal, Səbail və Nəsimi rayonlarında məskunlaşıb. Artıq son ayda III zona üzrə tələbin yüksək olması burada yeni tikililərin sayının artrmasına zəmin yaradıb. II zonada isə təklif portfeli dəyişməz qalıb, lakin digər hər üç zonada isə təklif portfelində azalma qeydə alınıb. N.İbrahimli bildirir ki, şəhər üzrə iri yaşayış massivləri əsasən III zonada yerləşdiyindən, tikintinin həcmində bu zonanın payı da mütləq üstünlüyə malikdir. Qeyd edək ki, I zona üzrə orta qiymət 2166 dollar/kv, II zona üzrə 1628 dollar/kv, III zonada 1061 dollar/kv, IV zonada isə 768 dollar/kv təşkil edib.

Rusiyadan idxal olunan tikinti materiallarnın həcmi azala bilər

Yaranmış vəziyyət və aparılan müşahidələr onu deməyə əsas verir ki:

- 2014-cü ilin iyul ayında bazarda qiymət azalmasına qeyri-mövsümi aylar səbəb olub və bazarda qiymətlər son həddə (alıcıların qəbul edə biləcəyi həddə) çatıb;

- Ucuz mənzillər üzrə təklif portfelinin imkanları tədricən tükənir (bəlkə də artıq tükənib).

Digər nüanslardan biri də Rusiyada tikinti materiallarının qiymətinin ucuzlaşmasıdır. Buna səbəb isə daşınmaz əmlak bazarında qiymətlərin kəskin aşağı düşməsidir. Eyni zamanda, Ukraynadan və Qərbdən idxal olunan tikinti materiallarının Rusiyaya satışı məhdudlaşdırılıb. Demək olar ki, şimal qonşumuzun bazarının 10 faizi idxal hesabına ödənilirdi. İndi daxili bazarı ödəmək üçün Rusiya xaricə tikinti məhsullarının çıxarılmasını azaldacaq. Belə olan halda, Azərbaycanda qiymətlər bahalaşa bilər. Çünki bu sahədə ən böyük tədarükçümüz Rusiya və Ukraynadır. Məsələn, adıçəkilən dövlətlərdən təbii qum, keramikadan tikinti kərpicləri, plastik borular, gips, sement, tikinti üçün müxtəlif daşlar, taxta və sair materiallar idxal olunur.

N.İbrahimli narahatlığa əsas görmür. Onun fikrincə, bu ilin əvvəlindən indiyədək tikinti materialları sahəsində qiymət artımı baş verməyib, əksinə, müəyyən ucuzlaşma müşahidə edilir. Ekspertin sözlərinə görə, daxili istehsalın artması yarana biləcək boşluğu müəyyən qədər aradan qaldıra bilər.