Məktəb vaxtı yaxınlaşır: qiymətlər düşəcəkmi? Day.Az представляет новость на азербайджанском языке.

Uşaqların həvəslə gözlədiyi sentyabr ayı gəlib çatdı. Artıq dərslərin başlamasına sayılı günlər qalıb. Dərslərin başlamasını həyəcanla gözləyən birincilər, tətilin qurtarmasına üzülən yuxarı sinif şagirdləri yeni tədris ili üçün hazırlıqlara başlayıblar. Valideynlərin bəziləri məktəb bazarlığını başa vurub, bəziləri isə "bəlkə endirim olar" düşüncəsiylə son günü gözləyir. Bəs uşaqların məktəbə getməsi valideyn üçün neçəyə başa gəlir? Bu il məktəbli geyimləri necə olacaq? Valideynlərin ehtiyat etdiyi əsas problemlər hansılardır?

Saxta məktəbli formaları

Bakı Tikiş Evi (BTE) saxta məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib. BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov APA-ya açıqlamasında deyib ki, bu gün bütün yarmarkalarda mənşəyi bilinməyən, sertifikatı olmayan, zirzəmidə tikilən məktəbli geyimləri satılır. Onun sözlərinə görə, bu da uşaqlarda müxtəlif allergiya və digər fəsadlara səbəb olur: "Bu, düzgün deyil, cinayətdir. Hər kəs istəyir ki, uşaqlara gigiyenik, uyğunluq sertifikatı olan paltarlar geyindirsin. Ona görə də uşaqların sağlamlığını nəzərə alaraq, valideynləri saxta geyimlər almaqdan çəkinməyə çağırırıq".

E.Əzimov qeyd edib ki, hazırda Bakıda Bakı Tikiş Evinin 19 satış mərkəzi fəaliyyət göstərir. Onun sözlərinə görə, bu il məktəbli geyimlərinin qiymətində dəyişiklik yoxdur: "26 ölçüdən 54 ölçüyə kimi məktəbli formaları var. I-VI sinif şagirdləri üçün 26-44 ölçüdə və VII-XI sinif şagirdləri üçün 34-54 ölçüdədir. Məktəbli formalarının qiymətlərinə gəlincə, bu, ölçülərə görə dəyişir. Belə ki, I-VI sinif şagirdləri üçün 26-44 ölçüdə dəstin qiyməti 40 manat, VII-XI siniflər üçün isə 34-54 ölçüdə 52 manatdır".

"Keçən ilə nisbətdə qiymətlər qalxıb"

Övladı 3-cü sinifdə oxuyan Tərlan Məmmədova deyir ki, məktəbli geyimlərində qiymətlər keçən ilə nisbətdə qalxıb. Valideynin sözlərinə görə, uşaq ayaqqabılarının qiyməti 30 manat civarındadır: "Ayaqqabıların Türkiyə və ya Azərbayan istehsalı olduğunu bilmirəm. Amma uşağın ayağına olan ayaqqabıların qiyməti 30 manat ətrafındaydı. Keçən il oğluma aldığım ağ köynəklərin qiyməti 6-7 manat idi. Ancaq indi həmin köynəklər 9-10 manat olub. Uşaq da ildən-ilə böyüyür. Məcbur olub yenisini almalıyıq. Şalvarların da ölçülərinə uyğun olaraq qiymətləri fərqlənir. Onlarda da keçən ilki qiymətlə bu ilki qiymət arasında yüksəlmə var. Geyimləri tək-tək alsam da, Bakı Tikiş Evindən almışam. Tək-tək alanda daha ucuz başa gəlir. Geyimlərin keyfiyyəti yaxşıdır. Düzdür, bir az yuduqdan sonra tiftiklənir. O da hər halda tərkibində pambığın çox olmasından irəli gəlir".

"İş dəftərləri kommersiya məqsədi daşımaqdan başqa bir işə yaramır"

T.Məmmədova deyir ki, məktəb üçün lazım olan ləvazimatları hələ almayıb. Ancaq maraqlandığına görə, qiymətlər çox bahadır: "Əsas da iş dəftərlərinin qiyməti çox bahadır. Hər il də fənlərin sayı artır. Məcbur olub bütün fənlərdən iş dəftəri alırıq. Çünki bütün müəllimlər bunu tələb edir. Qiymətlər 3 manat 90 qəpikdən 4-5 manatadəkdir. Təsəvvür edin, bu il 8 fənn üzrə iş dəftəri almalıyam. Bir də didaktik material deyilən vəsait var. Hər il də onu almaq məcburiyyətindəyik. Elə təkcə onun qiyməti 4 manatdır. Bir uşaq üçün təkcə iş dəftərləri, didaktik materiallar 50 manat edir. Hələ bunun dəftərləri, kitab-dəftər üzlükləri, karandaşları, qələmləri və s. var".

Təhsil eksperti Nadir İsrafilov deyir ki, iş dəftəri məsələsi neçə illərdir ki, gündəmdədir. Onun sözlərinə görə, sovet dönəmində heç də iş dəftəri deyilən bir şey yox idi, məktəblərdə damalı, xətli bildiyimiz dəftərlərdən istifadə olunurdu: "İş dəftərləri kommersiyaya xidmət edən məsələlərdəndir. Həmin dəftərlərdəki tapşırıqlarda o qədər nöqsanlar olur ki, saymaqla bitməz. Hətta sabiq təhsil naziri belə bir qərar da qəbul eləmişdi ki,iş dəftərləri ləğv olunsun. Ancaq ondan sonra bu məsələ ortalıqda qaldı. Görünür, hansısa nəşriyyatlar, marağı olan qurumlar və ya qüvvələr nazirliyə təzyiq göstərdilər. Ümumiyyətlə, tədris dönəmində dərsliklər etalon kimi qəbul olunmalıdır. Müstəqillik dönəmindən sonra lazımlı-lazımsız çox tədris vəsaitləri çap olunub. Bütün bunlar dərsliyi gözdən salıb. İş dəftəri lazımsız bir vəsaitdir. Ayrı-ayrı maraqlı qüvvələrin ortaya atdığı bir oyundur. Tədris üçün kitablar, dövlət proqramı, müəyyən olunmuş standartlar var. Bunlar hamısı qarmaqarışıqlıq salmaq üçündür. İş dəftərlərinin satışından milyonlarla pul qazanılır. İstər müəllimlik təcrübəm, istərsə də müxtəlif qurumlardakı iş təcrübəm iş dəftərlərinin kommersiya məqsədi daşımaqdan başqa bir işə yaramadığını deməyə əsas verir".

"Bir uşağın məktəbə getməsi üçün 100-150 manat lazımdır"

T.Məmmədova ailələrində bir uşağın məktəbli olduğunu deyir. Onun sözlərinə görə, tək bir uşağın bütün ləvazimatları üçün 100-150 manat arası məbləğ xərclənir: "Hələ ki, böyük oğlum məktəbə gedir. Onun xərclərini qarşılaya bilirik. Evlərində 2, 3 uşağı məktəbə gedən valideynlər neyləsin bəs? Onların xərci görün nə qədər olur? Qonşumuzun iki oğlu məktəbə gedir. O gün soruşuram, hələ təkcə iki uşağın geyiminə 80 manat verib. Bunların ləvazimatları alınacaq hələ. Qiymətlər çox bahadır. Yenə bir uşaq üçün birtəhər həll etmək olur. Ancaq 2,3 uşağı olan ailələr üçün çox çətindir".

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, hazırda "məktəbli bazarı"nda anormallıqlar var. Onun fikrincə, bunun əsas səbəbi rəqabətli mühitin olmamasıdır: "Ölkəyə gətirilən məktəb ləvazimatlarının əksəriyyəti xarici ölkələrdən gəlir. Çox vaxt Türkiyədən və Çindən. Azərbaycanda kifayət qədər yerli istehsal olmadığından lazımi mallar xaricdən gətirilir.

İş adamları bir çox hallarda məcburən qiymətləri yüksəltməli olurlar. Çünki digər xərcləri ödəməyə başqa yolları yoxdur".

Natiq Cəfərli Azərbaycanda bütün sahələrdəki problemlərin rəqabətli mühit olmamasından irəli gəldiyini deyir: "İnsanlar bu sahəyə yönəlsələr, problemlər həll olunsa, qiymətlər də ucuzlaşar. Təəssüf ki, Azərbaycanda belə bir sistem formalaşmadığından problem həllini tapmır".