Bakıda gözəllik fırıldağı Day.Az представляет новость на азербайджанском языке.


Gözəl üz xətlərinə malik olmaq hər bir insanın arzusudur.

Amma çoxumuz üz xətlərimizdən narazıyıq. Burun, qulaq, yanaq və bu kimi orqanları özümüzə yaraşdırmadığımızdan bunun üçün müxtəlif vasitələr də axtarırıq. İnsanların əksəriyyətinin zəif nöqtəsi məhz budur. Elə bunu bilən işbazlar da həmişə olduğu kimi saxta işlərdən geri qalmırlar.

Nə qədər təəccüblü gəlsə də, satışda üz xətlərinin yenilənməsi, formasının dəyişməsi üçün alətlər satılır. İlk baxışdan insana olduqca maraqlı gələn bu alətləri alanlar da az deyil. Üstəlik, gənclərin ən çox vaxt keçirdiyi sosial şəbəkələrdə belə reklam olunan bu alətlər sadəcə 1 aya 100% düz burun, incə qulaq və s. vəd edilərək satılır. Alıcıları isə kifayət qədərdir.

Bu cür estetik gözəlləşdirmə adı ilə satılan alətlərin gəldiyi ölkə Yaponiya və Çin olaraq göstərilir. Belə alətlərin online satışıyla məşğul olan xanımla əlaqə saxlayırıq. Əzizə adlı xanım alətdən özünün də istifadə etdiyini, 1 aya mükəmməl nəticəyə sahib olduğunu deyir. Ondan indiki və əvvəlki burnunun şəkillərini istədikdə isə tanımadığı şəxslərə şəkil vermədiyini bəhanə gətirərək bundan imtina edir. Gəlirik əsas məsələyə. Müsahibimiz deyir ki, alətin birinin qiyməti 18 manatdır. 2 və daha artıq alanda endirim olunur. Necə istifadəsinə gəlincə, alət 1 ay müddətində buruna taxılır. 1 ay ərzində eyni formada qalan burun 1 ayın sonunda elə həmin formanı alır və əsla keçmiş vəziyyətə qayıtmır. Gülməli görünsə də, buna inananlar da az deyil. Ən azından Əzizə xanımın sifarişləri bunu göstərir.

Həqiqətən də estetik müdaxilə olmadan burun, qulaq kimi orqanlara müdaxilə edərək onların formasını dəyişmək mümkündürmü? Lor, estetik plastik cərrah Südabə Kərimova əminliklə bu cür yollarla burun və qulaq formasının dəyişilmədiyini deyir. Onun sözlərinə görə, insan bədəninin heç bir orqanına bıçaq dəymədən, süni müdaxilələrlə dəyişiklik etmək mümkün deyil. Üstəlik, söhbət burun və qulaq kimi sərt bir orqandan gedirsə, onu plastik materialdan düzəlmiş alətin formaya salması uşaq nağılı kimi bir şeydir.

Həkim bildirir ki, estetik burun əməliyyatı, rinoplastika dünyada ən geniş yayılmış plastik əməliyyatlardan biridir. Burunun ölçüsünün böyüdülməsi, kiçildilməsi, burun kəmərinin düzləşdirilməsi, burun deşiklərinin böyüdülməsi və ya daraldılması, burunla dodaq arasındakı məsafənin normallaşdırılması ən geniş tətbiq olunan əməliyyatlardandır. "Əməliyyat zamanı burunun dərisi, sümüyü, qığırdağı bir-birindən ayrılır, burunun içindən buruna müdaxilə edilir. Lazım olunan müdaxilələr edildikdən sonra yenidən ayrılan hissələr yerinə oturdularaq ən son dəri qatı bağlanılır və əməliyyat iki saata yaxın bir müddətdən sonra tamamlanır. Burun estetik əməliyyatları ağır əməliyyatlar hesab olunur" deyən həmsöhbətimizə görə, bu cür əməliyyat üsulu qala-qala burunun hər hansı bir plastik materialla düzləşdirilməsi, formaya salınmasından danışmaq mümkün deyil. Burun plastilin deyil ki, onu istənilən formaya salmaq olsun. "Üstəlik, dediyiniz kimi, 1 ay müddətində alətlə burnu sıxaraq guya formaya salmaq burun qığırdaqlarına zədədən başqa heç nə verməz və burun ən çox 1 gün müddətində sıxılmış halda qalar. Rinoplastika tətbiq olunmasa, burnun formasını dəyişmək qətiyyən mümkün deyil".

S.Kərimova qeyd edir ki, "nose up" və bu kimi aparatları alıb aylarla istifadə etmək sağlam olan burnu belə xəstə edər. Daimi olaraq qığırdaqların təzyiqə məruz qalması, sıxılması onun zədələnməsinə səbəb ola bilər ki, sonda insan məcburiyyətdən əməliyyata üz tutar: "Burnu sıxmaq, bağlamaq, alətlərlə formaya salıb günlərlə eləcə gəzmək burun qığırdaqlarının yeyilməsi və əzilməsindən başqa heç bir nəticə göstərməz. Bu isə pul verərək burnun daha da çirkinləşməsinə çalışmaqdır. Ən ideal üsul əməliyyatdır və əməliyyatsız burnun formasının dəyişməsi qeyri-mümkündür".