Bakı bazarında qadağa Day.Az представляет новость на азербайджанском языке.

Əməkdaşımız Bakı bazarlarında qiymət ajiotajının səbəblərini araşdırıb yazdı.

Həftəsonu Xətai rayonundakı kənd təsərrüfatı yarmarkasına getdim. Məlumat almışdım ki, polis yarmarkada satışa icazə vermir. Bazarın qapalı hissəsində alış-veriş vardı, açıq havada isə satış gözə dəymirdi, məhsulla dolu maşınlar bağlı qalmışdı. Ətrafda isə polis əlindən tərpənmək olmurdu, sayları az qala satıcılardan çox idi. Bir polislə satıcı arasında qısamüddətli mübahisə oldu, "aldığın qiymətə sat, baha satma" deyə polis kişiyə irad bildirirdi. Toyuq satanlar dedilər ki, polis hələlik ticarətə imkan vermir. Yanındakı ona sual verəndə ki, "pulunu alıb buraxdılar", cavab verdi ki, "pulu sözsüz alacaqlar, pulsuz yer verirlər ki?" Mən, doğrusu, kimin pul verib kiminsə aldığını görmədim. Soruşdum, qadağanın səbəbi nədir, dedilər, "dünəndən asfaltın üstündəyik, biz kimik ki, səbəbini soruşaq?" Əslində bütün bu həngamənin bahalığa görə olduğunu çox yaxşı bilirdilər. Zabitlərdən birinə yaxınlaşıb nə baş verdiyini soruşdum. İzah elədi ki, rayon icra başçısından göstəriş gəlib ki, satışa icazə verilməsin. Lakin səbəbini bilmir. Bu arada adamlar bir-bir kisələrini açmağa başlamışdılar. Dedim, bəs nə oldu ki, artıq mane olmursuz, fikirləri dəyişdimi? Dedi ki, satışa icazə verilməsi barədə təzədən göstəriş gəlib.

"Hələ bu harasıdır, qiymətlər daha da artacaq"

Son 10 gündə qiymətlərdə əhəmiyyətli dəyişiklik vardı. 40-50 qəpiklik kartofun qiyməti 70 qəpik, 1 manata qalxmışdı. Soğanda 15-20 qəpiklik fərq vardı, 30-40 qəpiklik soğan bu həftə 50-60 qəpik idi. Pomidorun qiyməti 70 qəpikdən başlayır, 1 manat 50 qəpik, hətta 2 manat civarında "oynayır". Xiyar 70-80 qəpik, 1 manatdır. Şaftalı, üzümün yaxşısı 1 manat 50 qəpik, 2 manat, hətta 2 manat 50 qəpiyə qədər də gedib çıxırdı. Əvvəllər 2 manat 50 qəpik, 3 manata olan kəsilmiş toyuğun qiyməti də 80-100 faiz bahalanmışdı - 1-i 5 manat. Diri toyuqlara da yaxın düşmək olmur, ən balacaları 5-6 manatdan başlayır. Lobyanın kilosu 1 manat 50 qəpik, 2 manat, badımcan 70-80 qəpik, bəzi yerlərdə 1 manat olmuşdu. Qiyməti 70-80 qəpiyə olan məhsulların da çoxu xarabdır, yaxşıları 1 manat 50 qəpik, 2 manat arasındadır. Kartofun ən pisi 60 qəpikdir. Pomidorun da 70-80 qəpiyə olanları heç də qışa hazırlıq üçün deyil, çoxu xarabdır. Ortaya çıxarılmalı babat pomidor 1 manatdan başlayır. Hara baxırsız, Xaçmaz pomidorudur, sanki Xaçmazdan başqa rayonda pomidor yetişmir. Satıcılar "proqnoz" verdilər ki, hələ bu harasıdır, qiymətlər daha da qalxacaq. Səbəbini soruşdum, biri dedi ki, "Rusiya qapısı üzümüzə taybatay açılıb, artıq məhsullarımız qonşu ölkəyə aparılır. Özü də alverçilər kəndlinin qapısından meyvə-tərəvəzi baha qiymətə alıb aparırlar, onlar da yerli bazarlara satmırlar. Məhsulun yaxşısını ruslar yeyir, xarabları bizə qalır".

Rayonda su olmadığından məhsul quruyur

Meşə zoğalının kilosu 1 manat 50 qəpikdir. Moruğun iki kiloluq vedrəsi 13-14 manatdır. Satıcı and-aman etdi ki, altına kağız, karton yığmayıb, kənddə qayçı ilə necə dərilibsə elə də gətirib. Dedi, başqasından aldığınızın çıxarı çox olacaq, onlara aldanmayın. Camaat giləmeyvəni vedrədən tökdürüb baxır, sonra alır. Artıq satıcılara etibar etmirlər. Çoxluq həmişəki kimi tərəzisini özü ilə gəzdirir. Şəxsən mən alış-veriş bacarmıram, hər dəfə ya qiymətdə, ya çəkidə, ya da keyfiyyətdə aldadırlar. Toyuqla maraqlandım, qadın dedi ki, guya ev toyuğudur. Gözünün içinə qədər yalan deyirdi, hamısı ayaqları üstündə broyler toyuğu idi. Broyler yumurtası 8 qəpik, kənd yumurtası 12 qəpikdir. Amma bir-birinə yaman oxşayırdılar. Bir satıcı moruğun çəkisi barədə sualıma maraqlı və səmimi cavab verdi: "Guya 2 kilodur, amma o qədər gəlmir". Yəni 2 kilo adıyla satıram, amma sizi nə aldadım, ondan azdır. Bazara gedə-gedə deyəsən mən də təsərrüfat işlərini öyrənəcəm, o zaman daha az aldanaram.

Alıcı xanımlardan biri şərh verdi ki, həyətə gətirəndə bundan ucuz verirlər, bazardakılar özləri panikaya düşüb qiymət qaldırıblar. İlk dəfə gördüyüm qələbəlik yarmarkada yox idi, başqa yerlərlə qiymət fərqi olmadığına görə çoxları özünə əziyyət verib bazara gəlmir. Satan alandan çox idi. Əksəriyyət satdığı məhsulu kəndlilərdən yığdığını, ya da topdansatışdan aldığını söyləyirdi. Baha olmağının səbəbini birindən soruşdum, dedi yerində bahalanıb: "Artıq məhsul yoxdur, bostan quruyub, isti hamısını yandırıb. Rayona su vermirlər, bu ildən Şabrançaydan Qubaya kimi su yoxdur. Həm də bağlama vaxtı olduğundan məhsul da azalıb. Pomidor elə yerində 70 qəpiyə satılır".

Bütün məhsulların qiymətində ən az 80 qəpiklik fərq var

Elşən dedi ki, onlarda da su qıtlığıdır: "Bundan başqa məhsulun ən yaxşıları Rusiyaya gedir, heç ruslar qoyurlar ki, buraya məhsul gəlsin? Bu, bizim də işimizə zərərdir, mal bahalaşıb. Rusiyada işləyən alverçilərin işi yaxşılaşıb, əvəzində bizimki pisləşib. Şaftalını Rusiyaya aparanlar yerində 1 manatdan alır. Əvvəllər biz 20 qəpiyə alıb gətirib burada 40 qəpiyə satırdıq, birdən-birə 80 qəpik bahalaşma var. Bütün məhsullarda ən azı bu qədər fərq var. Bu da Rusiya bazarının üzümüzə taybatay açılmasının bizə xeyri. Oraya əsasən mer-meyvə aparırlar. Fikir verirsiz, zəif üzüm 1 manat 20 qəpik, 1 manat 50 qəpikdir. Yaxşı üzüm bizlik deyil, gələndə də 2 manatdan ucuzu yoxdur. Kəndliyə onu 1 manata satmaq sərf edirsə, mənə niyə gətirib 50 qəpikdən versin? Qapısından gəlib baha qiymətə alıb qonşu ölkəyə aparırlar".

Yarmarkada Şabran üzümü 2 manat, Salyan üzümü 1 manat 50 qəpikdir. 1 manat 20 qəpiklik üzüm isə yeyiləsi deyil. Lobya 2 manatdır. Kartofun ucuzu 65 qəpikdir, amma "ucuz ətin də şorbası olmaz". Gədəbəy kartofu 1 manatdır. 1 manat 30 qəpiklik armudu almağına dəyməz, yaxşısı 2 manatdır. Ümumiyyətlə, fikir verdim, bazarda meyvənin yaxşısı elə 2 manatdan başlayır. Göyçay narı 1 manat 50 qəpik, heyva da o qiymətədir. 1 manat 20 qəpiklik üzüm də zaydır. Bolqar bibəri 60 qəpik, göyərti hər yerdə 20 qəpikdir. Gavalı 70 qəpik, 1 manat arasındadır. Elvin kilosu 60 qəpik olan badımcanın "gombul" sortunu Maştağada yetişdirdiklərini dedi. Zirə pomidoru da 1 manat 50 qəpikdir, xiyar 1 manat. Dedi ki, son 10 gündə qiymətlərdə 40-50 qəpiklik fərq yaranıb. Elvin də qəfil bahalaşmanı "Moskva yollarının açılması" ilə izah etdi, dedi ki, kənddə hamı məhsulunu toplayıb qonşu ölkəyə göndərir. Bazarda qarğıdalının da qiyməti 10 qəpik bahalanıb. Yerli qarğıdalının nəsli kəsilmək üzrədir, dərmana istəsəniz də tapmazsız.

200 manat pensiya alan Fərrux dayıya yarmarkaya baxmaq qaldı

Yaşlı bir dayı bizi müşayiət edirdi. Hara gedirdimsə ətrafımda onu görürdüm. Dayıdan yaxşı xəfiyyə olar. Axıracan məni izlədi, hələ üstəlik, ünsiyyət də yaratdı. Jurnalist olduğumu anlamışdı, dərdini deməyə çalışırdı. Fərrux dayı yüngül bazarlığını eləmişdi, alma, xiyar, limon almışdı. Bazardan narazı idi. Dedi: "Çox bahalıqdır. Keçən həftə 40-50 qəpiklik alma indi 1 manat 30 qəpik olub. Hələ ən ucuzu belədir. Şaftalı da həmçinin. İnsan ürəyi istəyəni ala bilmir. Məhsullarımızın yaxşıları Rusiyaya göndərilir. Mənim yerli malım niyə burada satılmasın? Rusiyada bizimkilərə bazar açılacağına sevinənlər baxsınlar ki, bu durum yerli bazarı iflic vəziyyətə salıb. Zərərimiz xeyrimizdən qat-qat çoxdur. Bu, 3-5 alverçinin xeyrinədir, amma bütöv bir əhalinin büdcəsi talanır. Mənim kimi pensiyaçılara yaxşı məhsula baxmaq qalır. Burada alverçilər yığışıb, məhsulunu satan bir nəfər də olsun kəndçi yoxdur. Televiziyadan elan edirlər ki, ucuz qiymətə yarmarka təşkil edirik. Haradadır? Yerini desinlər, biz də ora gedək. 8-ci kilometr bazarında burdan ucuzluqdur, 20-30 qəpik fərq var. Əvvəllər mədəniyyət evində işləmişəm, sonra da su idarəsində. Mənim 200 manat pensiyam bu bazara yetməz, ancaq quru çörəyimizə çatar. İndi aldıqlarımı da gördünüz, evdə xəstə baldızım var, ona istədiyim kimi ərzaq ala bilmirəm. Bu gün istədiklərimin 1 faizini ala bildim".

Nazirliyin yarmarkası bazardan bahadır

Şahindən soruşdum ki, öz məhsulunuzdursa niyə baha satırsız, şikayətləndi: "Alverçi elə qapıdan 80 qəpiyə alır, mən niyə ucuz verim? Hələ onlar üstünə 50-60 qəpik də qoyurlar. Bazara alverçiləri buraxırlar, kəndliləri yox. Qapalı yerdə oturanlar "vosmoy"dan gələnlərdir. Bizi "yuxarı"dan buraxmırdılar, indi pulu çox alıb buraxdılar. Qabaq 10 manat verirdik, indi yəqin, 15-20 manat istəyərlər. Hələ yığmayıblar, bir azdan yığacaqlar".

Ətrafda polislər daha da çoxalmışdı. Mənim şəkil çəkdiyimi görən sıravi polis özünü təqdim etmədən vəsiqəmi aldı, baxmaq əvəzinə götürüb getdi. Komandirinə aparırmış. Hətta fotoaparatımı almağı arzulayırdı, amma gözündə qaldı. Yaxşı ki, rəisi Orxan Əsədov onun kimi cahil çıxmadı, dediyinə görə də məni tanıdı. "Biz, demək olar, həmkarıq", söylədi. Mənim də vəzifəmi yerinə yetirdiyimi görüb suallarıma ədəb-ərkanla cavab verdi. Dedi ki, bazar yola qədər gedib çıxdığından yol bağlanıb, ətrafdakı sakinlərin şikayəti ilə yolu "təmizləyirlər" ki, camaat rahat gedib-gəlsin. Sadəcə indiki tədbir ictimai asayişi qorumaq məqsədlidir. Polis zabiti qiymətlərə müdaxilə etmədiklərini söylədi.

Tənbəllik etməyib Fərrux dayının məsləhəti ilə 8-ci kilometr bazarında da müşahidə apardım. Buradakı qiymətlərdə 20-30 qəpiklik fərq vardı. Amma evdar xanımlar dedilər ki, bu bazarın da "tərəzi problemi" var. Yəni çəkidə hiylə işlədirlər. Məhsul çox aldığınızda hətta 2 kiloya qədər az gələ bilər. Mehriban dedi ki, 10 gün əvvəl pomidoru 50-60 qəpiyə alırdılar, indi bazarda 1 manatdan ucuz yaxşı pomidor yoxdur. Kartof da 40 qəpiyə imiş, indi 80 qəpik, 1 manatdır. Xiyar 100 faiz bahalanıb: "Bizə məhəlləarası dükanlardan almaq sərfəlidir, onsuz da qiymət eynidir. Kişmiş üzümü 1 manat 30 qəpiyə almışdım, indi 2 manatdır. Badımcan o gün 30 qəpik idi, indi 70 qəpik olub. Lobya 1 manat idi, 1 manat 50 qəpik, 2 manat olub. Yaxşı alma-armud, üzüm, şaftalı 2 manatadır. 8-ci kilometr bazarında məhsullar nisbətən ucuzdur. Yarmarka hər yerdən bahadır. Yarmarkanın açılmağı artıqdandır, belə getsə bağlanacaq". Bazardan aldığım moruğun 500 qramı yarpaq imiş. Kökü də qarışdırıbmışlar, yarıdan çoxu acı idi...