Bakıda küçə tədbirlərinə niyə yasaq qoyulub?

Day.Az представляет новость на азербайджанском языке.

İntiqam Hümbətov: "Əgər uşaq-muşaq gitarada ifa edirsə və qarşısına qutu qoyub pul yığırsa, şəhərin görüntüsünə xələl gətirir".

Musiqi sahəsində dünyanın bir çox tanınmış sənətkarları məhz küçədən böyük səhnəyə gəliblər. Hal-hazırda internet bizlərə daha çox imkanlar yaratdığına görə indi küçə sənətçilərinin sosial şəbəkələrdə rəsmi səhifələri da mövcuddur. Hətta dünyanın küçə sənətçilərini birləşdirən "Dünyanın Küçə Sənətçiləri" World Street Music adlı layihəsi də vardır. Layihə çərçivəsində Fransada, İspaniyada, Belarusda, Argentinada, Çilidə, Braziliyada, Kolumbiyada küçədə çıxış edənlər haqqında sənədli film də lentə alınıb. Bu cür layihələrdən əlavə, küçə sənətçiləri öz çıxışlarını videoya çəkərək Youtube portalında yerləşdirib, bütün dünyaya istedadını nümayiş etdirməklə böyük rəğbət qazanırlar. İnternetdən əlavə, bütün dünya da olmasa, irəli getmək üçün ən azından həmvətənlərinin rəğbətindən stimul alırlar.

Sənətkarlar, yoxsa bekar gənclər, turistlər?

Ölkəmizdə isə bu bir az fərqlidir. Bəzi həmvətənlərimiz gəncləri dəstəkləyir, küçədə çıxış edərkən çıxışın sonunda onları alqışlayarkən, digərləri bu alqışları əsirgəyirlər və hətta onların "avaralanırlar" kimi ifadələrlə mənasız işlə məşğul olduqlarını kobud şəkildə bildirirlər. Nəticə etibarı ilə gənclər də həvəsdən düşür, yaxud daha pis insanlara qarşı çox neqativ hisslər bəsləmiş olurlar.

Adətən xarici ölkələrdə küçə sənəti daha müxtəlif və zövqlü olur. Misal üçün, Avropa ölkələrində küçədə və ya parkda gəzərkən küçə sənətçilərinə tez-tez rast gəlmək olur. Kimisi ariya oxuyur, kimisi saksofonda ifa edir, kimisi pantomima səhnəciyi göstərir. Onlar həm sevdiyi sənətlə məşğul olmağa davam edirlər və eyni zamanda bununla özlərinə çörək pulu qazanırlar. Adətən küçə sənəti ilə məşğul olanlar gənc və tələbə olduqlarına görə bunu adi hal kimi qəbul etmək olar. Lakin istisnalar da olur, bəzən küçə sənətçiləri arasında yaşlı nəslin nümayəndələrini də görmək mümkündür.

Küçə sənətinin müxtəlifliyi və zövqlü olması, təbii ki, onun uzun illər öncə yaranmağından və ilbəil daha da inkişaf edib, mükəmməlləşməsindən irəli gəlir.

Əslində küçə sənəti ölkəyə gələn turistlərin də böyük marağına səbəb olur. Turistlər ölkədən gedərkən buradan xoş hisslərlə ayrılmış olurlar.

Yuxarıda qeyd edilən məqamları nəzərə alsaq, ölkəyə daha çox turist cəlb edilməsi üçün bir çox işlər görüldüyü zaman polisin bu cür kobud rəftarı yolverilməzdir. Hər bir halda istisnalar olmalıdır. Çünki turist ölkəyə bir həftəlik gəlirsə, bunu aidiyyatı qurumun rəhbərinə görüşə yazılmağa, sonra onunla görüşməyə vaxt sərf etmək üçün yox, sadəcə istirahət etmək üçün gəlir...

Hansı hallarda küçə çıxışlarına icazə verilir?

Bundan başqa, küçədə jonqlyorluq edən və yaxud digər müsabiqələr keçirən gənclərə də rast gəlmək olur. Bu halda polislər nə jonqlyorların ətrafına tamaşaya yığılan camaatı, nə də özünə diqqət cəlb edən jonqlyoru küçədən digər bir küçəyə qovurlar. Səbəb isə hər hansı bir şirkətin reklam kampaniyası çərçivəsində bunu həyata keçirməsidir və bu razılaşma əldə edilərkən insanların rahatlığı artıq ikinci plana keçmiş olur.

"Flashmob Azerbaijan" hərəkatı Bakının mərkəzi küçələrində illərdir ki, müxtəlif növ fleşmoblar keçirir. "Flashmob Azerbaijan"ın lideri Samir Qədirovun sözlərinə görə, aidiyyatı qurumlardan flaşmobun keçirilməsi ilə bağlı indiyədək bir dəfə də olsun icazə ala bilməyiblər. Bununla bağlı mətbuata açıqlama verən aidiyyatı qurumlar kütləvi şəkildə insanların toplaşmasının qadağan olduğunu və bu cür toplantıların yalnız aidiyyatı qurumlardan icazə almaqla həyata keçirilməsinin mümkün olduğunu açıqlayıblar.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindənİntiqam Hümbətov bizimyol.info-ya şərhində bu cür çıxışların planlı şəkildə razılaşma yolu ilə həll edilməli olduğunu bildirdi: "Küçə sənəti dedikdə, əgər uşaq-muşaq yığılıb bir gitarada ifa edirsə və qarşısına bir qutu qoyub pul yığırsa, bu təbii ki, şəhərin görüntüsünə xələl gətirir. Bununla bağlı, təbii ki, tədbirlər görülməlidir. Ancaq ümumiyyətlə, parklarda və ya bizim mədəniyyət müəssisələrində musiqi kollektivləri mütəmadi olaraq çıxış edirlər. Əgər polis onları həmin ərazidən uzaqlaşdırırsa, ehtimal ki, onlar da öz öhdəlikləri çərçivəsində hərəkət etməli olurlar.

Misal üçün, Avropanın ürəyi, "Muzey şəhər" adını daşıyan Vyananın mərkəzi küçələrində və ya yaşıllıqdan ucu-bucağı görünməyən parklarında küçə sənətçilərinə rast gəlmək olar. İnsanlar təbiətə, şəhərə baxaraq zərif musiqi sədaları altında ondan xüsusi zövq alırlar. Onu da qeyd edim ki, dünyanın istənilən şəhərində hər bir küçə sənətçisinin qarşısında papaq və ya qutu olur ki, musiqidən zövq alanlar da həmin qutuya pul atmaqla musiqiçiyə minnətdarlığını bildirirlər. Vyanada belə bir görüntü heç bir halda "Muzey şəhər"in görkəminə zərrə qədər də olsa xələl gətirmir. Əksinə, bu onun daha canlı, insana daha yaxın və isti münasibət göstərməsini səslənən hər musiqi notunda turistlərə xatırladır.

Paytaxtda mədəniyyət üstünlük təşkil edir, yoxsa?..

Paytaxtın mərkəzi küçələrində əsasən gitarada ifa edən gənclərin hamısını istedadlı adlandırmaq olmaz, bununla razılaşmaya bilmərik. Ancaq bəzi gənclər də var ki, onlar artıq uzun illərdir ki, musiqi sahəsində çalışırlar və asudə vaxtlarını da məhz küçə auditoriyası qarşısında çıxış etməklə keçirirlər. Adının açıqlanmasını istəməyən gənclərdən biri xarici ölkələrdəki küçə mədəniyyətini Bakıda formalaşdırmaq istədiyini bildirdi: "On ildən çoxdur ki, mən musiqi ilə məşğulam. Sadəcə bizdə insanlar bəzən bunu çox pis qəbul edirlər və münasibətlərini neqativ tərzdə ifadə edirlər. Vətəndaşlardan əlavə, polislər də mane olurlar. Nə bilim, bizdə çox qəribə münasibət göstərirlər küçə sənətçilərinə...".