Qədirin səsi ilə oxuyan Qədirov... - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Sosial şəbəkələrdə videosu yayılan yanıqlı səsə sahib çoban Əhmədxan nələr danışdı?

...Şirvanın konservatoriyası sayılan Qobustanın Şıxzərli kəndindən ayrılırıq. Qədirin səsini andıran Əhmədxanı görmək üçün gəldiyimiz bu kənddən onun köçdüyünü öyrənib, ailəsi ilə yaşadığı Qobustan qəsəbəsinə yola düşürük. Sosial şəbəkələrin videosunu yaydığı, xəbər portallarının da tirajladığı bu balaca çobanın kimliyini öyrənməkdə israrlıyıq. Axı kimdir bu uşaq, qoyun-quzu otararkən oxuyanda o məşhur videonu kimlər çəkib?

* * *

Necə olub ki, bu azyaşlı istedad bu vaxta qədər üzə çıxmayıb? Suallarımız çox, cavabları isə Əhmədxanın özündən eşitmək lazımdır. Mərhum muğam ustası Qədir Rüstəmov kimi yanıqlı səsə sahib olduğu deyilən Əhmədxanla, nəhayət, görüşə bilirik. Atası Xəqani Qədirov bizi Qobustan qəsəbəsinin girişində qarşılayıb, evinə aparır.

Qədirovlar ailəsinə gələndə məlum olur ki, Əhmədxan yenə də yoxdur. Bu dəfə istedadlı uşağın təhsilinin dalınca getdiyini öyrənirik. Az sonra 14 yaşlı talant gəlir.

2000-ci il təvəllüdlü olan Əhmədxan Şıxzərli kəndində anadan olub. Atasının sözlərinə görə, 7 yaşından uşağın səsi olduğunu hiss ediblər: "Elə o vaxtdan zümzümə edirdi, mən də məəttəl qalırdım. Deyirdim, ilahi, bu uşağın necə gözəl səsi var?! Özü də oxumağı kimdənsə öyrənməyib. Kənddə heç televizor da yoxdur ki, oturub muğama baxıb, öyrənsin. Hərdən mobil telefonumda xanəndələrin videolarına baxardı, belə öyrənərdi. İntəhası, mənim günahım çox olub".

X.Qədirov deyir ki, günahı övladına təhsil verməməsidir: "Əhmədxan məktəbə getməyib. Günahkar da mən olmuşam ki, uşağın təhsili ilə ciddi məşğul olmamışam. Başım qarışıb elə təsərrüfat işlərinə, uşağın dərsləri kənarda qalıb. Ona görə də indi ən vacib məsələ oxumağı-yazmağı bilməsidir.

Bilirsiniz ki, o videodan sonra telekanallar çəkilişə gəldi, internetdə yazdılar. Uşaq bir günün içində məşhurlaşdı. Biz də götürdük onu böyük sənətkarımız Ağaxan Abdullayevin yanına apardıq. Ağaxan müəllim dedi ki, ən əsası təhsildir. Uşaq hökmən oxumalıdır, yazmağı bilməlidir. Savad olmayanda xanəndəlik mümkün deyil".

X.Qədirov oğluna təhsil verməyə başlayıb: "Yenə deyirəm ki, günah məndə olub. Uşağın bu istedadını üzə çıxarmaq üçün bir addım ata bilməmişəm. Özüm mal-heyvan saxlamaqla məşğul idim. Mosu da (Əhmədxanı ailəsi, dostları, qohum-əqrəba belə çağırır) qoyun-quzu otarmağa gedəndə özü üçün zümzümə edib.

İndi müəllim yanına qoymuşam, yazmağı-oxumağı öyrənir, əsas dərslərinə fikir verməlidir. Sağ olsun Ağaxan müəllim, dedi bir il sonra uşaq gəlsin, muğamı mənimsəməyə başlasın. O vaxtacan təhsilində yəqin irəliləyiş olacaq".

Əhmədxanın atasının sözlərinə görə, oğluna hələlik zil səsdən oxumağa icazə verilmir: "Mosunun 14 yaşı var. Bu yaşda uşaqlar keçid dövrü olur, səs tonu dəyişir. Bu keçiddə səsi olan adama zildən oxumaq olmaz. Ağaxan müəllim dedi ki, o dövrü geridə qoysun, sonra icazə olar".

***

Danışmaqdansa oxumağı sevən Əhmədxan bizimlə söhbətində məlum videonun necə çəkildiyini nəql etdi: "Mal-qara otaranda həmişə oxumuşam. Elə də çox mahnı bilmirdim, özbaşıma oxuyurdum. Telefonda oturub baxırdım, öyrənirdim. Bizim kənddə hamı muğama qulaq asır. Hamının telefonunda muğam var".

Əhmədxan deyir ki, hər gün mal-qaraya gedirdi: "O videonu da həmin vaxt çəkiblər. Ovçular gəlmişdilər, kəklik, dovşan vururdular. Heç bilmirdim onlar kimdirlər. Bu günə qədər də bilmirəm ki, onlar kim olub. Amma hər kimdirsə sağ olsunlar. Məni gördülər, dedilər ki, Şıxzərlidə oxuyan çox olur. Sənin də səsin yəqin olar. Ondan sonra məni oxutdular, səsimə qulaq asdılar, videoya çəkib yaydılar. Mən orda "Şirvan şikəstəsi" oxumuşdum".

Əhmədxan deyir ki, Şıxzərli sənətkarlar yetişdirib: "Bizim kənddən Zabit Nəbizadə, Abgül, Aşıq Abbas çıxıb. Kənddə oxuya bilən çoxdur. Mən indi əsas dərslərimi öyrənirəm. Çünki savadım yoxdur, müəllim yanına gedirəm.

İnşallah, ondan sonra xanəndəliyə başlayacağam. Böyük arzularım var. Mən də istəyirəm ki, muğam müsabiqəsində iştirak edim, xaricə gedib çıxış edim. Kim istəməz ki? Evdə Əliağa Vahidin qəzəlləri olan kitabım var. O kitabdan qəzəlləri öyrənib oxuyuram".

Qədirovlar ailəsi ilə söhbət əsnasında o da məlum olur ki, bu azyaşlı istedadın atasının da səsi var. Xəqani bəy deyir ki, bu sirr kəndin suyunun, havasının təsirindəndir. Onun sözlərinə görə, səsi olsa da, heç vaxt oxumağın dalınca getməyib, amma oğlunun sənəti üçün əlindən gələni edəcək. Daha sonra həm ata, həm oğul "Yeni Müsavat" üçün bir ağız muğam ifa edirlər. Qədirin səsini andıran uşağın səsinə musavat.com saytında dinləyə bilərsiniz...

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin: